Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4329/2025 16.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «mənzilə köçürmə və istifadə hüququnun tanınması tələbi»nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı «mənzilə köçürmə və istifadə hüququnun tanınması tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022-ci ildə Nümayəndə ilə rəsmi nikaha girmiş, birgə nikahdan xx.xx.2013-cü ildə anadan olmuş X9, xx.xx.2015-ci ildə anadan olmuş X7 və xx.xx.2021-ci ildə anadan olmuş X10 adında övladları vardır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il qətnaməsinə əsasən cavabdehlə rəsmi nikahları pozulmuş, üç azyaşlı uşağın onun yanında qalması, hər uşağa 190 manat alimentin alınıb ona verilməsi qət edilmişdir. Hələ nikahları pozulmamışdan bir il əvvəl sabiq əri valideynləri ilə birlikdə onu döyərək üç uşaqla daimi qeydiyyatda olduğu, qayınatası Cavabdeh məxsus ünvan 1 ünvanında olan iki otaqlı mənzildən qovmuş və o, indiyə qədər üç uşaqla atasının iki otaqlı mənzilində qalır. İddiaçı onu döyüb təhqir etdiklərinə görə polisə müraciət etsə də, ailənin dağılmaması üçün ərizəni geri götürmüş, amma barışığa nail ola bilməmişdir. Qayınatası iddiaçını mənzilə buraxmamış və həmin mənzildə olan uşaqların və onun əyin paltarlarını belə götürməyə imkan verməmişdir. İddiaçının gətirdiyi mebeldən isə öz şəxsi əşyaları kimi istifadə edirlər. Övladlarının ikisi məktəbə gedir, amma dərs oxumağa adi şəraitləri yoxdur. Övladları atasına, baba və nəvələrinə bağlıdırlar. Amma nənə və baba onları mənzilə buraxmırlar. İddiaçı üç uşaqla hara gedəcəyini, necə şərait quracağını bilmir. Üç yaşlı uşaqla çox çətin durumda yaşamağa məcburdur. İddiaçının başqa yaşayış almağa imkanı yoxdur. İddiaçı tək deyil, üç uşaq onunla qalır. Qayınatası Cavabdeh, qayınanası, əri bu barədə heç də fikirləşmirlər. İddiaçı hər gün 2 uşağı 11 nömrəli məktəbə əvvəlki yaşayış yerinə yaxın olan məktəbə aparıb gətirməli olur. Bunun qışı, yayı və payız ayları var, bəzən də taksi xidmətindən istifadə edir. Ona görə iddiaçı işləyə bilmir. ünvan 1 ünvanında olan iki otaqlı mənzil iddiaçının qayınatası Cavabdeh şəxsi mülkiyyətində olsa da, iddiaçı həmin mənzilə 2012-ci ildə gəlin köçmüş, özü və üç övladı həmin mənzildə qeydiyyatdadırlar. Həmin mənzilə iddiaçı öz qayınatası tərəfindən ailə üzvü kimi köçürülmüşdür. İddiaçını gələcək ailə üzvü kimi yalnız əri Nümayəndə deyil, qayınatası Cavabdeh tərəfindən də ailə üzvü kimi qəbul edilərək mənzilə köçürülmüşdür. Bu barədə onun notarial qaydada təsdiq edilmiş yazılı ərizəsi olmuşdur. 13 il həmin mənzildə daimi olaraq qeydiyyatda olmaqla yaşamışdır. Onun mənzilə ailə üzvü kimi köçürülməyi ilə əlaqədar olaraq istifadə hüququnun yaranması üçün hər hansı formada müqavilə bağlaması zərurəti olmamışdır. Göstərilənlərə əsasən İddiaçı və üç azyaşlı övladları X5, X7 və X6 ünvan 1 ünvanında iki otaqlı mənzilə köçürülməsi və istifadə hüququnun tanınmasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, üç uşağı vardır. Onlardan ikisi 11 nömrəli məktəbdə oxuyurlar. 9-cu mikrorayonda atasının evində yaşayırlar. Uşaqlar 7-də məktəbdən çıxır, saat 8-də bəzən da 9-un yarısı evə çatırlar. Azyaşlı uşaqlardır. Hər biri onun öhdəliyindədir. Aliment ödəməklə hər şey həll olunmur. Gəlin köçərkən həmin mənzildə yaşamışdır. Həmin mənzildə indi də qeydiyyatdadır. Hal-hazırda həmin mənzildə yaşamırlar. Onların Bulvar ərazisində şəxsi evi vardır. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X3 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, iddiaçının üç uşağı vardır. Onların ikisi məktəblidir. Hər gün məktəbə gedib-gəlmək üçün yol qət edirlər. Onlar əvvəllər də həmin mənzildə yaşamışlar. Hal-hazırda da yaşayış şəraitləri pisləşmişdir. Oxumaq üçün də hər hansı şəraitləri yoxdur. Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən iddiaçı ilə cavabdeh arasında münasibətlər pozulsa belə, məhkəmə iddiaçını müəyyən müddət mənzildə saxlaya bilər. Bununla bağlı Konstutsiya Məhkəməsinin plenum qərarı vardır. Hesab edir ki, həmin mənzilə iddiaçının köçürülməsi mümkündür. Başa düşür ki, mənzilin mülkiyyətçisi iddiaçının həyat yoldaşı deyildir. Lakin burada söhbət uşaqlardan gedir. Uşaqların da istifadə hüququ vardır. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək bildirmişdir ki, atası onun özünü də evdən çıxartmaq istəmişdir. Atası və anası ikinci qrup əlildir. Onun yoldaşı ilə nikahları pozulmuşdur. Hal-hazırda iddiaçının övladları ilə birlikdə həmin mənzilə köçürülməsinə etiraz edir. Sözügedən ev ona aid deyildir. Atasına aiddir. Atası da keçmiş gəlinin ona məxsus ünvanda yaşamağını istəmir. Halhazırda həmin mənzildə yaşayırlar. Başqa evləri də yoxdur. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. Belə ki, iş materiallarında olan AZ-İV seriyalı, 665935 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.2021ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2021-ci ilin 11-ci ayının 26-cı günündə 5933 nömrə ilə qeyd edilmişdir. Atası Nümayəndə, anası isə İddiaçıdır.
8. İş materiallarında olan AZ-İİİ seriyalı, 557782 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.2015-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2015-ci ilin 06-cı ayının 12-ci günündə 3118 nömrə ilə qeyd edilmişdir. Atası Nümayəndə, anası isə İddiaçıdır.
9. İş materiallarında olan AZ-İİİ seriyalı, 11967 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.2013-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2013-cü ilin 05-ci ayının 17-ci günündə 14 nömrə ilə qeyd edilmişdir. Atası Nümayəndə, anası isə İddiaçıdır.
10. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, İddiaçı 16 may 2013cü il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır.
11. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2517/2024-cü il tarixli qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilmiş, ilkin iddia üzrə cavabdeh Nümayəndə 04 mart 2024-cü il tarixdən başlayaraq, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2013-cü təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 190 (bir yüz doxsan) manat olmaqla, ümumilikdə 570 (beş yüz yetmiş) manat sabit pul məbləğində alimentin, habelə 11 noyabr 2021-ci il təvəllüdlü X6 üç yaşına çatanadək 50 (əlli) manat məbləğində alimentin tutularaq ilkin iddia üzrə İddiaçı verilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, ilkin iddia tələbi ilə bağlı qətnamənin dərhal icra olunması, qarşılıqlı iddia tələbinin təmin edilməsi, Nümayəndə ilə İddiaçı arasında 17 aprel 2012-ci il tarixində Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 511 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olan xx.xx.2013-cü təvəllüdlü X9, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X6 anaları İddiaçı yanında qalmaları qət edilmişdir.
12. İş materiallarında olan 5 saylı Mənzil-Kommunal Sahəsinin 414 nömrəli, 30 iyul 2025-ci il tarixli ailə tərkibi haqqında arayışından görünür ki, Cavabdeh ailə üzvləri X8, Nümayəndə, İddiaçı, X9, X7 və X4 ibarətdir.
13. İş materiallarında olan məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin göndərdiyi xx.xx.2025-ci il tarixli məktub və ona əlavə edilmiş sənədlərdən görünür ki, Əliyev Məzahir Əhməd oğlu və Cavabdeh arasında xx.xx.1992-ci il tarixdə bağlanmış alqısatqı müqaviləsinə əsasən Əliyev Məzahir Əhməd oğlu ünvan 2-i Cavabdeh 15.000 rubl məbləğində satmışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
14. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, ünvan 1 Cavabdeh məxsusdur. İddiaçı cavabdehin keçmiş gəlinidir. Hazırda iddiaçı övladı ilə birlikdə sözügedən mənzilə köçürülmələrini və istifadə hüququnun tanınmasını tələb edir. Cavabdeh tərəf iddia tələbi ilə razı deyildir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
15. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun qərarlarının formalaşmış hüquqi mövqeyinə görə də «hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur».
16. Yaşayış sahəsindən istifadə hüququ Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş mənzil hüququnun bir elementi kimi çıxış edir və Azərbaycan Respublikasının Mənzil Məcəlləsində və Mülki Məcəllədə əks olunmuşdur.
17. Mənzil qanunvericiliyi mahiyyətcə mülki hüququn tərkib hissələrindən biridir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə istifadəyə xitam verilməsi, mənzil fondunun idarə olunması, onun saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla tənzimləyir.
18. Bununla yanaşı qeyd olunmalıdır ki, yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır.
20. Həmin Qərarda qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir.
21. Konstitusiya Məhkəməsinin bu qərarlarda ifadə olunmuş hüquqi mövqeyinə görə yaşayış sahəsinin mülkiyyət forması dəyişdirildikdə, yəni xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alındıqda həmin yaşayış sahəsinə dair digər ailə üzvlərinin yaşayış hüququ ilə bağlı məsələlərin həlli zamanı 2009-cu ilin oktyabrın 1-dən sonra yaranmış münasibətlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir.
22. AR Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
24. Həmin Qərardan görünür ki, Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
27. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı mübahisəli evdə 2012-ci ildən yaşamağa başladığından, eləcə də mübahisəli mənzilin mülkiyyətçisi Cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş ailə üzvü və digər qohumu olmadığından mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci maddələri tətbiq edilməlidir.
28. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən qərarının məzmunundan və sadalanan maddi hüquq normalarının təhlilindən görünür ki, istər 2009cu ilin oktyabrın 1-dək, istərsə də, həmin tarixdən sonra yaranmış, lakin mülkiyyətçinin ailə üzvü və digər qohumu olmayan şəxsin yaşayış sahəsinə istifadə hüququ ilə bağlı yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsi tətbiq edilməlidir. Çünki, mübahisəli hüquq münasibəti göstərilən tarixdən sonra yaransa da, iddiaçı mülkiyyətçi – cavabdehin ailə üzvü və digər qohumu olmadığından mübahisənin həlli Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin təsiri altına düşmür. Belə olduqda göstərilən şəxslərin yaşayış sahəsinə istifadə hüququ yalnız mülkiyyətçi ilə notariat qaydasında bağlanmış müvafiq müqavilə əsasında yarana bilər.
29. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı evin mülkiyyətçisinin (cavabdehin) qanunvericilikdə müəyyən edilmiş ailə üzvləri və digər qohumu dairəsinə mənsub olmadığından, eləcə də onun mülkiyyətçi ilə notariat qaydasında təsdiqlənən yazılı razılaşması mövcud olmadığından, istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından onun mübahisəli evdən istifadə hüququ mövcud deyildir.
30. Odur ki, iddiaçının övladları ilə birlikdə həmin mənzilə köçürülməsi üçün əvvəlcə həmin hüququn yaranması müəyyən edilməlidir. Hazırda isə iddiaçının yaşayış sahəsinə olan qeydiyyatı formal xarakter daşıdığından onun həmin yaşayış sahəsindən istifadə hüququ yaranmamışdır.
31. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının mənzildən istifadə hüququnun olmadığı müəyyən olunduğundan mənzilə köçürülmə barədə iddiası da rədd edilməlidir.
32. İddiaçının birgə yaşadıqları dövrdə üç uşaqlarının olması və orada yaşamaları, onların evə köçürülməsini tələb etməsi ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, mövcud qanunvericilikdə bu əsasla iddiaçının mübahisəli evə köçürülməsi üçün heç bir maddi hüquqi əsas yoxdur.
33. İşin araşdırılan hallarından görünür ki, tərəflərin birgə nikahdan doğulmuş üç uşağı iddiaçının yanında qalmışdır. İddiaçının uşaqlarının qeydiyyatda olmasına istinad edərək evə köçürülməsini tələb etməsi qanunvericiliklə yolverilməzdir. Çünki uşaqların yaşayış yeri valideynin yaşayış yeri üzrə müəyyən edilir. 34.Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 27.2-ci maddəsinə əsasən On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə tərkibi qeyd edilən maddi hüquq normasını müqayisəli təhlil edərək qeyd edir ki, iddiaçının övladlarının birinin azyaşlı olmaqla onların yaşayış yeri valideynlərinin yaşayış yeri onların yaşayış yeri sayılır.
35. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «mənzilə köçürmə və istifadə hüququnun tanınması tələbi»nə dair iddia ərizəsi təmin edilməməlidir.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
38. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
39. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
42. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilə köçürmə və istifadə hüququnun tanınması tələbi»nə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva