Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4341/2024 30.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Abşeron Xızı regional şöbəsi) mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixdə 09-İR/X nömrəli əmrin ləğv edilməsi və işə bərpa edilməsi, müddətli əmək müqaviləsinin fasiləsiz olaraq 5 ildən artıq işlədiyinə görə müddətsiz əmək müqaviləsi hesab edilməsi, mediasiyaya görə ödənilmiş 60 (altmış) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, məcburi iş buraxdığı dövr üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı iddia ərizəsinə əlavə verərək, ərizənin təsviriəsslandırıcı hissəsində dəyişiklər etmiş, iddia tələbi isə əvvəl verdiyi iddia tələbinə uyğun olmuşdur. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2009-cu ildən onunla "xxxx" ASC ilə arasında əmək müqaviləsi bağlanılaraq 5-ci dərəcəli operator vəzifəsinə təyin edilmişdir. Onu da qeyd edir ki, xx.xx.2022-ci ildə idarənin adı dəyişilərək "xxxx" MMC-yə çevrilmişdir. İddiaçının vəzifəsi və iş funksiyası olduğu kimi qalmışdır. Rəhbərlik tərəfindən ciddi səbəb göstərilmədən xx.xx.2023-cü il tarixində iddiaçının əmək müqaviləsinə xitam veriləcəyi və işdən çıxarılacağı barədə ona məlumat bildirilmişdir. Bu barədə şifahi formada bildirilmişdir ki, onun il ərzində 2-3 dəfə olmaqla büllitenə çıxmağı göstərilmişdir. Lakin iddiaçı buna etirazını bildirdikdən sonra ona öz şərtlərini qəbul etdiyi halda, işdə qala biləcəyini söyləmişlər. Belə ki, iddiaıya xx.xx.2023-cü ildə öz istəyi ilə işdən azad olacağını bildirmiş, təzyiqlər göstərərək sənəd imzalatmışlar. Bundan sonra eyni hal yenidən baş vermişdir. xx.xx.2023-cü il tarixində iddiaçının işdən azad olmağı və müqaviləsinə xitam verilməsi barədə məlumat verilən zaman iddiaçı işdə saxlanılmağı üçün yenidən rəhbərliyə xahiş etmişdir. Bundan sonra ona xx.xx.2024-cü il tarixində işdən azad olmağına və müqaviləyə xitama razılıq formatlı sənədə imza atmağa sövq etmişlər. Belə ki, öncədən iddiaçıya bildirilmişdir ki, əgər razılaşmasa onu tam ağır maddə ilə işdən çıxardacaqlar. İşəgötürən tərəfindən iddiaıya qarşı davamlı göstərilən bu qərəzli münasibət əsassız və qanunsuzdur. Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Abşeron-Xızı regional şöbəsinə müraciət etdim. Məktubuma cavab olaraq bildirilmişdir ki, “Sizinlə bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələbləri gözlənilməklə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmişdir. Həmçinin son haqq-hesab ümumilikdə 616,16 (altı yüz on altı on altı qəpik) manat əmək haqqı kartına köçürülmüşdür. Eyni zamanda tərəflərindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Əmək və məşğulluq" alt sisteminə baxış keçirilərkən baxış keçirilərkən müəyyən olunmuşdur ki, iddiaçı ilə "xxxx" MMC-nin işəgötürəni arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xx.xx.2024-cü il tarixdə xitam verilməsi barədə əmək müqaviləsi bildirişlərinin mövcud olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi (müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir) nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Məlumat üçün bildiririk ki, Əmək Məcəlləsinin 11-ci maddəsinin "a" bəndinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqaviləsi bağlamaq, onların şərtlərini dəyişdirmək işəgötürənin əsas hüquqlarına aid olduğundan "xxxx" MMC- də yenidən işə qəbul olunmağı ilə bağlı Cəmiyyətin rəhbərliyinə müraciət etməyi məqsədəuğun hesab olunmuşdur. Əmək Müfətttişliyi Xidməti Abşeron-Xızı regional şöbəsində iddiaçının işinə baxarkən onun əmək kitabçasına diqqət yetirməmişdir. Belə ki, əmək kitabçasında açıq-aydın şəkildə qeyd olunmuşdur ki: • 20.10. 2009-cu ildən sözügedən quruma işə düzəlmiş; • 27.05.2010-cu ildə həmin vəzifə üzrə həmin idarənin Plastik Boru zavoduna keçirilmiş; • 10.02.212-ci ildə vəzifə və dərəcəsi qalmaqla idarənin X1 Departamentinin Polimer Boru idarəsinə keçirilmiş; • 29.12.2012-ci ildə əmək müqaviləmin müddəti bitmiş; • 30.12.2012-ci ildə yenidən eyni idarədə, eyni vəzifəyə təyin olunmuş; • 06.04.2015-ci ildə həmin sexin Polimer Boru sahəsinə 5-ci dərəcəli operator keçirilmiş; • 01.05.2018-ci ildə Polimer Borular sexinin Polimer Boru sahəsinə dərəcəsi və peşəsi saxlamaqla keçirilmiş; • 31.01.2022-ci ildə əmək müqaviləsinə xitam verilmiş; • xx.xx.2022 yenidən eyni idarədə eyni vəzifədə işə qəbul edilmiş; • xx.xx.2024-cü il tarixində işdən azad edilmişdir. Ümumi olaraq əmək kitabçasına diqqət yetirəndə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə əsasən, onunla bağlanmış müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etdiyimə görə müddətsiz əmək müqaviləsi hesab edilməlidir. Çünki eyni idarədir və eyni vəzifədir. Lakin İşəgötürən bunu etməmişdir. Bundan başqa İşəgötürən tərəfindən tərtib edilmiş əmək müqaviləsində bir neçə ziddiyyətlər var. Belə ki, işəgötürən 2022-ci ildə onunla bağlanmış əmək müqaviləsinin 2.2 bəndində qeyd olunub ki İşin birinci 1 (bir) ayı sınaq müddəti hesab edilir. İddiaçı 2009-cu ildən eyni idarədə çalışdığı bir halda İşəgötürən hər dəfə əmək müqaviləsini yeniləyəndə niyə bir ay sınaq müddəti kimi qeyd edib? İddiaçı 5-ci dərəcəli operator mütəxəsisidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 51-ci maddəsində qeyd olunub ki, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini və müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində ən çoxu iki həftə, digər əmək müqavilələrində isə ən çoxu üç ay sınaq müddəti müəyyən edilir. 2009-cu ildə etibarən eyni təşkilatda 5 ildən artıq çalışmışdır. Lakin İşəgötürən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinin tələbini kobud şəkildə pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsində qeyd olunub ki, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. İddiaçı eyni işdə və eləcə də 5 ildən çox işlədiyinə görə İşəgötürən əmək müqaviləsinii müddətsiz yox hər dəfə müddətli əmək müqaviləsi bağlayır, xitam verir və daha sonra işə götürür. X3 tələblərini kobud şəkildə pozulması deməkdir. Bundan başqa Hər bir işçi əmək qabiliyyətini müvəqqəti olaraq itirə bilər və işçi öz hüququndan istifadə edərək bülletin götürə bilər. Lakin İşəngötürən tərəfindən qərəzli şəkildə heç bir əsası olmadan şifahi formada iddiaçıya qarşı əsassız iddia gətirərək bildirmişdir ki, onun il ərzində 2-3 dəfə büllitendə olduğuna görə işdən çıxardacaqlar. Amma İşəgötürən buna sübut gətirə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndində qeyd olunmuşdur ki, qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə əmək müqaviləsinə xitam verilə bilər. Cavabdeh MMC ərizə ilə məhkəməyə müraciət edərək hazırki iş üzrə iddia müddəti tətbiq edilməklə tələbin rədd edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən “işə bərpa və sair” barədə verilmiş tələblərə dair iddia ərizəsi üzrə iddia müddəti ötürülmüşdür. iddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış əmək müqaviləsi müddətli əmək müqaviləsidir. Bundan başqa Cavabdeh MMC xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində qeydiyyata alınaraq yaradılmış hüquqi şəxsdir və adıçəkilən şirkətin fəaliyyəti ümumilikdə 5 (beş) ildən azdır və İddiaçı iddia ərizəsində bildirdiyinin əksinə olaraq Cavabdeh MMC onun əvvəllər işlədiyi hüquqi şəxs ilə eyni deyil. Ona görə də iddiaçının iddiasına əsasən onun əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etməmişdir ki, onunla bağlanılmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsi müddətsiz hesab edilsin. Yəni İddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış əmək müqaviləsi onun iddia etdiyi əsasla müddətsiz əmək müqaviləsi hesab oluna bilməz. İddia müddətinin tətbiqi ilə bağlı isə onu qeyd edir ki, İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə 29 yanvar 2024-cü il tarixli, 09-İR/X nömrəli əmrə əsasən xx.xx.2024cü il tarixindən xitam verilmişdir. İddiaçının hazırki iddia tələbi isə məhkəməyə 2024-cü ilin iyun ayında daxil olmuşdur. Beləliklə, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən xitam verilmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən məhkəməyə müraciət edilməsi üçün nəzərdə tutulmuş 1 təqvim ayı barədə müddət İddiaçı tərəfindən ötürülmüşdür. Bu səbəbdən iddia müddəti tətbiq edilməklə, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-hissəsinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi iddiaçı “işə bərpa və sair” tələblərlə məhkəməyə müraciət edərkən iddia müddəti barədə məcburi müddəaları nəzərdə tutan qüvvədə olan qanunvericiliyin tələblərinə riayət etməmiş və bununla da hazırkı iddia tələbi üzrə iddia müddətini buraxmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) hüquqi mövqeyinə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndində təsbit edilmiş “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir. Bununla belə, bu hüquq mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər. Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. Odur ki, hazırkı iş üzrə iddia müddətinin tətbiq edilməsi əsası ilə İddiaçı Cavabdeh MMC-yə qarşı iddia tələblərinin rədd edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Qeyd edilənlərin nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Abşeron Xızı regional şöbəsi isə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə mülki işə MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2024/01105 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat xərci İddiaçı ödəmişdir. Mediasiya tətbiqi barədə təklif Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixdə göndərilmişdir. - xx.xx.2014-cü il tarixli əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında Əmək Məcəlləsinə müvafiq olaraq müddətli əmək müqaviləsi bağlanmışdır. - xx.xx.2022-ci il tarixli əmək müqaviləsindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında Əmək Məcəlləsinə müvafiq olaraq müddətli əmək müqaviləsi bağlanmışdır. - xx.xx.2023-cü il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında Əmək Məcəlləsinə müvafiq olaraq müddətli əmək müqaviləsi bağlanmışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Abşeron-Xızı regional şöbəsi tərəfindən iddiaçıya ünvanlanan məktubun mahiyyətindən görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələbləri gözlənilməklə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmişdir. Həmçinin son haqq-hesab ümumilikdə 616,16 (altı yüz on altı on altı qəpik) manat əmək haqqı kartına köçürülmüşdür. Eyni zamanda tərəflərindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Əmək və məşğulluq" alt sisteminə baxış keçirilərkən baxış keçirilərkən müəyyən olunmuşdur ki, iddiaçı ilə "xxxx" MMC-nin işəgötürəni arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xx.xx.2024-cü il tarixdə xitam verilməsi barədə əmək müqaviləsi bildirişlərinin mövcud olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi (müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir) nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Məlumat üçün bildiririk ki, Əmək Məcəlləsinin 11-ci maddəsinin "a" bəndinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqaviləsi bağlamaq, onların şərtlərini dəyişdirmək işəgötürənin əsas hüquqlarına aid olduğundan "xxxx" MMC-də yenidən işə qəbul olunmağı ilə bağlı Cəmiyyətin rəhbərliyinə müraciət etməyi məqsədəuğun hesab olunmuşdur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, **********842600 saylı məlumatın təqdim edilməsi barədə məktubun mahiyyətindən görünür ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsində olan hüquqi şəxslərin dövlət reyestr məlumatlarında Cavabdeh MMC (VÖEN **********) ilə "xxxx" ASC-nin (VÖEN **********) hər hansı hüquqi bağlılığı barədə məlumat aşkar edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə görə əmək fərdi və ictimai rifahın əsasıdır. Əmək Məcəlləsinin 7-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 45-ci maddəsinə əsasən:
1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.
3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.
4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: b) əmək müqaviləsinin müddətinin qurtarması; Həmin Məcəllənin 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə, iddia müddətinin tətbiq edilməsi barədə cavabdeh tərəfindən verilmiş yazılı ərizəyə münasibətdə qeyd edir ki; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cü bəndinə əsasən, məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyrimüəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 7-ci bəndinə əsasən, Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə əsasən -Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Göründüyü kimi işçinin əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verildiyindən, bu iddiaçıya məlum olduğu halda, iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə mediasiya tətbiqi təklifi göndərmiş, xx.xx.2024-cü il tarixdə isə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddiaçı tərəfindən iddia müddəti ötürülmüş hesab olunmalıdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı xx.xx.2024-cü il tarixli 09-İR/X nömrəli əmrin ləğv edilməsi və işə bərpa edilməsi, müddətli əmək müqaviləsinin fasiləsiz olaraq 5 ildən artıq işlədiyinə görə müddətsiz əmək müqaviləsi hesab edilməsi, mediasiyaya görə ödənilmiş 60 (altmış) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, məcburi iş buraxdığı dövr üçün əmək haqqının ödənilməsi barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
İddiaçı xx.xx.2024-cü il tarixli 09-İR/X nömrəli əmrin ləğv edilməsi və işə bərpa edilməsi, müddətli əmək müqaviləsinin fasiləsiz olaraq 5 ildən artıq işlədiyinə görə müddətsiz əmək müqaviləsi hesab edilməsi, mediasiyaya görə ödənilmiş 60 (altmış) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, məcburi iş buraxdığı dövr üçün əmək haqqının ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Elmir Hüseynov