Məhkəmə qərarları › İş №2(060)-4358/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4358/2021

16.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4358/2021 16.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) X2 (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin Sumqayıt şəhəri, məhəllə 3, ev 7/10-da yerləşən 44 saylı mənzilinə olan yaşayış-istifadə hüququnun itirilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, məhəllə 3, ev 7/10-da yerləşən 44 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İddiaçının iddia ərizəsinə əlavə etdiyi qeydiyyat vəsiqəsindən də görünür ki, Sumqayıt şəhəri, məhəllə 3, ev 7/10-da yerləşən 44 saylı mənzil 18 avqust 2000-ci il tarixdə 14 saylı reyestr kitabında iddiaçının adına qeydə alınmışdır. İddiaçı sözügedən mənzili öz halal zəhməti hesabına almışdır. O, uzun müddət Sumqayıt Kimya zavodunda çalışmışdır. İşlədiyi müddətdə mənzil növbəsinə duraraq mənzili almışdır. Cavabdeh iddiaçının keçmiş həyat yoldaşıdır. 1997-ci il tarixindən etibarən onlar rəsmi qaydada boşanıblar. O zamandan cavabdeh sözügedən mənzildən köçüb, daimi yaşamaq üçün başqa yerə getmişdir. Cavabdeh artıq 24 ildir ki, həmin mənzildə yaşamır. Lakin formal olaraq mənzilin pasport qeydiyyatında qalır. Bu faktı qonşular da təsdiq edə bilər. Cavabdehin həmin mənzilə yaşayış-istifadə hüququ itirilmiş hesab edilməlidir. Cavabdehin iddiaçıya məxsus evdə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Cavabdehin qeydiyyatı formal xarakter daşıyır və bu isə öz növbəsində iddiaçının mülkiyyət hüququna əsassız müdaxilə təşkil edir. İddiaçı cavabdehə görə adambaşına hesaba alınan kommunal xidmət haqları ödəməli olur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə oxşar məzmunlu izahat verdi və həmçinin bildirdi ki, cavabdehlə nikahları pozulandan bəri cavabdeh evi tərk edərək gedib. 2000-ci ildə ev özəlləşdirilərkən cavabdehin bacısından xahiş edib ki, cavbdehi tapsın. Həmin vaxt cavabdeh gəlib özəlləşdirilməyə razılıq ərizəsi verib. Lakin, bundan sonra cavabdehi görməyib. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə göndərilmiş məhkəmə bildirişləri rabitə orqanı tərəfindən geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışına əsasən müəyyən olunur ki, iddiaçı xx.xx.1948-ci ildə, cavabdeh xx.xx.1950-ci ildə anadan olmuşlar. Tərəflər ünvan 1 ünvanında qeydiyyatdadırlar. İİ-ЖГ 296470 saylı boşanma haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçı ilə cavabdeh arasında nikah 22 sentyabr 1997-ci il tarixində pozulub. İş materialına əlavə edilmiş qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətinə əsasən mübahisəli mənzil 18 avqust 2000-ci il tarixdə 14 saylı reyestr kitabında iddiaçının adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Məhkəmə sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 23 iyun 2021-ci il tarixli məktubu ilə mübahisəli mənzil üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatına əlavə edilmiş sənədlərin surətləri məhkəməyə göndərilmişdir. Həmin sənədlərlə müəyyən edilir ki, mübahisəli mənzil 20.10.1978-ci iol tarixli order əsasında iddiaçıya verilmişdir. Orderdə iddiaçının ailə üzvləri sırasında onun həyat yoldaşı kimi cavabdehin də adı qeyd edilmişdir. Cavabdeh 24.07.2000-ci il tarixli ərizəsində mənzilin iddiaçının adına özəlləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə sorğusu əsasında Sumqayıt şəhər Qeydiyyat Şöbəsindən məhkəməyə göndərilmiş 10.06.2021-ci il tarixli məktubda cavabdehin ölümü haqqında akt qeydinin aşkar olunmadığı bildirilmişdir. Məhkəmə sorğusu əsasında Dövlət Sərhəd Xidmətindən məhkəməyə göndərilmiş 05 iyul 2021-ci il tarixli məktubda göstərilmişdir ki, cavabdehin dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. 3-cü məhəllənin sahə ustası X8, Sumqayıt şəhəri, məhəllə 3, ev 7/10-da yaşayan şəxslər X10, X4 və X6 tərəfindən tərtib edilərək imzalanmış və 2 saylı Mənzil Kommunal Sahəsinin möhürü ilə təsdiq edilmiş 21.04.2021-ci il tarixli aktda göstərilmişdir ki, iddiaçının keçmiş həyat yoldaşı cavabdeh X3 1997-ci ldən mübahisəli ünvanda yaşamır, lakin qeydiyyatda qalıb. Məhkəmə iclasında ifadə vermiş şahid X6 öz ifadəsində bildirdi ki, o iddiaçının qonşusudur. O, cavabdehi 25 ildir ki, Sumqayıt şəhərində görmür. Əvvəllər cavabdeh mübahisəli mənzildə yaşasa da iddiaçı ilə nikahları pozulduğu vaxtdan mübahisəli mənzili tərk edib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) yaşayışistifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşdən göründüyü kimi cavabdeh mübahisəli mənzil 1978-ci ildə order əsasında iddiaçıya verilib. Cavabdeh isə həmin vaxt iddiaçının ailə üzvü kimi mənzilə istifadə hüququ əldə edib. Bu səbəbdən hazırkı mübahisəyə 01.10.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəalarına əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Mübahisəli mənzil 2000-ci ildə iddiaçının adına özəlləşdirilmiş və cavabdeh də buna yazılı razılıq vermişdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanunun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair“ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinin həmin mənzilin onlardan birinin mülkiyyətinə verilməsi haqqında razılığının olması, onların həmin mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilə bilməz. Cavabdeh mənzilin özəlləşdirilməsinə razılıq versə də, onun mənzildən yaşayışistifadə hüququ saxlanmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış-istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən yaşayış-istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən yaşayış-istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən yaşayış-istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən yaşayış-istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. İşdən göründüyü kimi cavabdeh 1997-ci ildən mübahisəli mənzili tərk etmişdir. O, həmin mənzildə yaşamır. Yəni, cavabdehin mübahisəli mənzilə yaşayış sahəsi kimi ehtiyacı aradan qalxmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən yaşayış-istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarından da biri onun barəsində yaşayış sahəsindən çıxarılma və ya yaşayış sahəsindən yaşayışistifadə hüququna xitam verilməsi barədə qətnamənin olmasıdır. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda qalması iddiaçının mənafeyinə zidd olmaqla bir mülkiyyətçi kimi onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bu səbəbdən iddia təmin edilməli və cavabdehin mübahisəli mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X1 ünvan 2 ünvanına istifadə hüququ itirilmiş hesab olunsun. Hazırkı qətnamə göstərilən şəxsin həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar