Məhkəmə qərarları › İş №2(060)-4370/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4370/2022

17.10.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4370/2022 17.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X3 İddiaçı-cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2 və cavabdeh-iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı “yaşayış sahəsindən müəyyən müddətə istifadə hüquqlarının saxlanılması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh azyaşlı uşaqları ilə birlikdə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 46 saylı mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X4 ona qarşı “mənzildən çıxarılma tələbinə dair” ilk iddiasının rədd edilməsinə; İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı olaraq onun ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanılması tələbinə dair” qarşılıqlı iddiasının tam təmin edilməsi; ünvan 2 ünvanında yerləşən 46 saylı mənzilin mülkiyyətçisi olan ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsus olan yaşayış sahəsindən onun, xx.xx.2013-cü il təvəllüdlü X8, xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X10 adlı azyaşlı və körpə uşaqlarının yetkinlik yaşına çatana qədər istifadə hüquqlarının saxlanılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkmədə İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini qəbul etməyərək göstərdi ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü ıl tarixli çıxarışa əsasən, ünvan 1-də yerləşən ümumi sahəsi 55.6 m2 olan 46 saylı mənzil mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Cavabdeh iddiaçının keçmiş gəlinidir. Belə ki, cavabdeh oğlu X11 ilə Cavabdeh xx.xx.2012-ci il tarixdə rəsmi nikah qeydiyyatdan keçməklə ailə həyatı qurmuş və 2015-ci ildə isə müvəqqəti olaraq iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, mikrorayon-18, ev 38-də yerləşən 46 saylı mənzilinə gəlin köçmüşdür. Birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X8, xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X10 adlı üç övladları var. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçının oğlu ilə cavabdehin nikahları pozulmuşdur. Hələ nikahları pozulmamışdan 1 il əvvəldən cavabdehdən iddiaçı mənzilini tərk etməsini dəfələrlə tələb etmişdir. Hətta bir dəfə açarları əlindən alıb mənzildən çıxartmışdır. Lakin, cavabdeh atası ilə gəlib qapını içəridən sındırmışdılar. İddiaçı nəvələrini nəzərə alıb polisə şikayət etməmişdir. Cavabdeh iddiaçının nəvələrindən sui-istifadə edib mənzildən çıxmaq istəmir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehin iddiaçının mülkiyyətində olan mənzilinə istifadə hüququ yoxdur və ola da bilməz. Qanunun mənasına görə cavabdehin iddiaçının mənzilinə mülkiyyət hüququ yalnız notariat qayda da təsdiqlənmiş müqavilə ilə mümkündür. Belə olan halda cavabdeh iddiaçının mənzilindən qeyri şərtsiz çıxarılmalıdır. Hal-hazırda iddiaçının və ailə üzvlərinin AR Konstistusiyasında nəzərdə tutulmuş mülkiyyət və mənzil hüquqlarını pozulur. Göstərilənləri nəzərə alaraq, Cavabdeh azyaşlı uşaqları ilə birlikdə iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 46 saylı mənzildən çıxarılmaları və qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbini müdafiə edərək göstərdi ki, İddiaçının cavabdeh tərəfindən guya onun mülkiyyət hüququna maneçilik törətdiyi, atası ilə birlikdə mənzilin qapısını içəridən sındırması barədə qeyd etdikləri Bu “dəlil” tamamilə yalandan ibarətdir və heç bir əsası yoxdur. Cavabdeh iddia verilənədək həmin mənzilin mülkiyyətçisinin iddiaçı olduğunda xəbərləri və məlumatları olmamışdır. Cavabdeh elə bilmişdir ki, mənzil keçmiş əri Bəxtiyarın adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır, çünki valideynləri cavabdehlə nikaha daxil olanadək hədiyyə şəklində cehiz əşyaları almaq üçün yığıb saxladıqları və cavabdehə əvəzsiz olaraq verdikləri otuz min manat məbləğindəki pulu cavabdehə və iddiaçının oğlu Bəxtiyar Quliyevə mənzil almaq üçün nağd olaraq birdəfəyə vermişlər. Digər tərəfdən, iddiaçının qeyd etdiyi kimi, həmin mənzildə cavabdehlə birlikdə 3 azyaşlı uşaq yaşayır və hər 3 uşaqda ciddi xəstəliklər var və onlar uzun müddətdir ki, müalicə olunurlar. Cavabdehin başqa yerdə daimi və ya müvəqqəti yaşamaq üçün heç bir imkanı yoxdur. İddiaçının hal-hazırda yaşadığı və mülkiyyətində olduqları mənzil var. İddiaçının digər övladlarının yaşadıqları ayrıca mənzilləri var. İddiaçının həmin mənzilə heç bir ehtiyacı olmadığı halda cavabdehin azyaşlı uşaqları ilə birlikdə həmin mənzildə yaşamağa və uşaqlarını böyütməyə çox ciddi və kəskin ehtiyacı vardır. Həmin uşaqlardan birinin körpə oğlan uşağı, digərlərinin isə azyaşlı qız uşaqları olduqlarını və xəstəlikləri ilə əlaqədar uzun müddət müalicə olunduqlarını və hal-hazırda da uzun müddətli müalicəyə ehtiyacının olduqlarını nəzərə alsalar, cavabdehin azyaşlı uşaqları ilə birlikdə həmin mənzildə yaşamaq və istifadə hüquqları saxlanılmaqla təmin edilməli və iddia tələbi rədd edilməlidir. İlk iddia ilə bağlı mövqeyi ondan ibarətdir ki, qeyd edilən əsaslara və səbəblərə görə ilk iddia qanunsuz və əsassız olduğu üçün rədd edilməlidir. Qarşılıqlı iddia bağlı qeyd etmək istəyir ki, həmin mənzilin satın alınmasına sərf olunmuş ümumi pulun otuz min manat məbləğindəki hissəsi valideynlərinin cavabdehə gəlin olaraq köçəcəyi zaman hədiyyə olaraq alıb vermək istədikləri cehiz əşyaların pulu olmuşdur. İddiaçı toydan əvvəl cavabdehin valideynlərinə təklif etmişdir ki, qızınıza almaq istədiyiniz bütün cehiz əşyalarını almayın, çünki həmin vaxt iddiaçının öz əri və 3 oğlu ilə birlikdə yaşadığı Sumqayıt şəhəri, 48-ci məhəllə ev 2 B, 37 saylı, 5 otaqlı mənzil (gəlin köçəcəyi mənzil) əşyalarla dolu olduğu üçün bütün cehiz əşyalarını həmin mənzilə yerləşdirmək mümkün olmayacaq. İddiaçı cavabdehin valideynlərinə bildirdi ki, oğlu Bəxtiyar ilə qızları Kəmalə həmin mənzildə bir otaqda yaşaya və öz əşyalarını yerləşdirə bilərlər və ona görə də bir yataq otağı üçün cehiz əşya gətirə bilər, əsas lazım olan mənzildir, gələcəkdə imkan olan kimi cehiz əşyaların əvəzinə hər iki tərəf pul qoyub uşaqlar üçün ayrıca 1-2 otaqlı mənzil alar, sonra hər iki tərəf köməkləşib həmin mənzili lazımi əşyalarla təmin edərlər. Cavabdehin valideynləri və cavabdeh də bu təkliflə razılaşdılar və cavabdehə cehiz olaraq yalnız bir yataq otağı üçün lazım olan əşyaları aldılar və alınmış əşyalar həmin məzildəki onlar üçün nəzərdə tutulan bir otağa yerləşdirildi. Nikaha daxil olduqları tarixdən təxminən 1 ildən çox müddət keçdikdən sonra, 2013-cü ilin sentyabr ayında iddiaçı cavabdehlə birlikdə valideynlərinin yaşadığı mənzilə gələrək valideynlərinə bildirdi ki, satışda olan Sumqayıt şəhəri, 18-ci mikrorayonda 5 mərtəbəli evin 3-cü mərtəbəsində yerləşən 2 otaqlı mənzil əlli üç min manata tapmışlar, otuz min manat məbləğindəki pulu onlar versin, yerdə qalan iyirmi üç min manat məbləğindəki pulu da iddiaçı əlavə edib həmin mənzili uşaqlar (Bəxtiyar və cavabdeh) üçün alınsın. Valideynləri cavabdehə bildirdilər ki, onlar onun valideynləri olaraq qızları kimi ona qızıl-zinət və cehiz əşyaları almaq üçün toydan əvvəl toplayıb cavabdehin razılığı əsasında özlərində saxladıqları otuz min manat məbləğində pul cavabdehindir, istəyər qızıl-zinət və cehiz əşyaları alar, isəyərsə də mənzilin alınması üçün iddiaçıya (qayınanana) verər, “özün bil, necə istəyirsənsə elə də istifadə et.” Cavabdeh də həmin pulunun ona və əri Bəxtiyara mənzilin alınması üçün iddiaçıya (qayınanasına) verilməsinə razılıq vermiş və otuz min manat məbləğində pulunu valideynlərindən alıb iddiaçıya vermişdir. Həmin pulun verilməsinə valideynləri ilə birlikdə, qardaşı X21 və onun arvadı (gəlinləri) X22 şahid olmuşlar. İddiaçıya həmin pul verildikdən sonra atası cavabdehi və iddiaçını öz avtomobili ilə gəlin göçdüyü evə aparmışdır. İddiaçıya cavabdeh tərəfindən otuz min manat məbləğində pulunun verilməsini atası X17 anası X5, qardaşı X21 və qardaşının arvadı (gəlinləri) X22 təsdiq edə bilər. İddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixədək həmin mənzilin dəqiq olaraq hansı qiymətə alındığından və kimin adına qeydiyyata alınmasdan cavabdehin heç bir xəbəri və məlumatı olmamışdır və o, bu gün də həmin mənzilin dəqiq olaraq hansı qiymətə alındığını bilmir, çünki iddiaçı nə həmin mənzilə dair alqı-satqı müqaviləsini, nə də iddia Ərizəsinə əlavə etdiyi Çıxarışı cavabdehə göstərməmiş və bu barədə onlara heç bir məlumat verməmişdir. Həmin mənzil əldə edildiyi gündən indiyədək iddiaçının heç bir hüququ pozulmamış və gələcəkdə də pozulmayacaq, habelə hər hansı bir hüququnun həyata keçirilməsinə cavabdeh tərəfindən heç bir maneçilik törədilməmiş və gələcəkdə də törədilməyəcəkdir. Onu və körpə uşaqlarını cavabdeh özü həmin mənzilə köçürmüş və ən kiçik uşağı həmin evdə yaşadıqları zaman anadan olmuşdur. Cavabdehin körpə və azyaşlı uşaqları ilə birlikdə mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti yoxdur və belə bir imkanının və vəsaitinin yaxın vaxtlarda olması mümkün deyildir və bu da onların müəyyən müddətə qeyd edilən yaşayış sahəsindən istifadə hüquqlarının saxlanılmasına ağlabatan və ədalətli əsas olduğunu təsdiq edir. Mənzilin mülkiyyətçisi hesab edilən iddiaçının həmin mənzilə heç bir ehtiyacı olmamışdır və hal-hazırda da yoxdur və onun yeganə məqsədi cavabdehdən qisas almaqdır və həmin qisasın səbəbi cavabdehə məlum deyildir. İddiaçının xüsusi mülkiyyətində bir neçə daşınmaz əmlakmənzil, fərdi yaşayış evi və torpaq sahəsi vardır. Cavabdehin ayrıca yaşayış sahəsi əldə etməyə heç bir maddi imkanı yoxdur və yaxın gələcəkdə də olması gözlənilmir, iddiaçının oğlu olan keçmiş həyat yoldaşı məhkəmə qərarı əsasında cavabdehə yalnız uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğində (3 uşağas görə cəmi 579 manat) aliment ödəyir, bu da heç uşaqların maddi təminatını ödəmir və onun heç bir qazanc və gəlir mənbəyi yoxdur və o, körpə, azyaşlı və ciddi xəstəlikləri olan uşaqlarının saxlanılması və tərbiyəsi ilə məşğul olur və bu da cavabdehin işləməyinə maneçilik törədir, digər tərəfdən orta ixtisas və ali təhsili olmadığına görə, yüksək qazanca malik iş yeri tapmağı mümkün deyildir, həmin mənzildən çıxarıldığı halda cavabdeh 3 azyaşlı və körpə uşaqları ilə birlikdə küçələrdə qalmalı olacaqdır. Cavabdeh uşaqları atası evindən gətirməmiş ki, geri qayıdan zaman onları da həmin evə aparmışdır. Ata evində cavabdehin 3 uşağı ilə birlikdə yaşamağı üçün heç bir imkan və şərait yoxdur. Ata evində valideynləri ilə birlikdə qardaşı öz ailəsi birlikdə qalır. Cavabdehin uzun müddətdən bəri yaşadığı mənzildən uşaqları ilə birlikdə çıxarılmağı barədə iddianın verilməsi heç bir insanlığa, haqq-ədalətə, vicdana sığmır, hansı normal nənə-baba, ata birləşib həmin mənzilə heç bir ehtiyacları olmadıqları halda 3 azyaşlı uşağı mənzildən çıxardıb küçəyə atmaq barədə iddia qaldırar. Belə bir iddianın qaldırılması iddiaçının nəvələri hesab edilən uşaqların hüquqlarının və azadlıqlarının kobud surətdə pozulmasıdır. Qeyd edilənlər yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvü olaraq cavabdehin maddi vəziyyətinə və diqqətə layiq digər hallara görə özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədiyini təsdiq edir, bu da məhkəmənin qərarı əsasında mülkiyyətçinin keçmiş ailə üzvü olaraq cavabdehin iddiaçıya-mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə (bütün azyaşlı və körpə uşaqlarım yetkinlik yaşına çatana qədər) istifadə hüququnun saxlanılmasına əsas verir. Buna görə də hesab edir ki, “mənzildən çıxarılma tələbinə dair” ilk iddia rədd edilməli və “yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanılması tələbinə dair” qarşılıqlı iddiası tam təmin edilərək, məhkəmə qərarı əsasında ünvan 2 ünvanında yerləşən 46 saylı mənzilin mülkiyyətçisi hesab edilən iddiaçıya məxsus olan yaşayış sahəsindən müəyyən müddətə (bütün azyaşlı və körpə uşaqları yetkinlik yaşına çatana qədər) istifadə hüququ saxlanılmalıdır. Tərəflər ailə olaraq 2015-ci ildə Türkiyə Respublikasına getmişlər və təxminən bir il müddətində Türkiyədə yaşamışlar və iddiaçı qeyd edilən mənzili 2016-cı ildən, yəni tərəflərin aralarında ailə münasibətlərinə faktiki xitam verildiyi vaxtdan özü könüllü olaraq Türkiyə Respublikasında yaşamağını və işləməyini davam etdirmək üçün tərk etmiş və həmin tarixdən bir dəfə də olsun həmin mənzildə yaşamaq istəməmiş, buna cəhd etməmiş və buna görə də bir gün də olsun həmin mənzildə yaşamamışdır. O, Azərbaycan Respublikasına yalnız uşaqların yay tətilində dincəlmək üçün gəlir və onun nəinki qeyd edilən mənzildə, ümumiyyətlə Azərbaycan Respublikasında yaşamaq niyyəti yoxdur. O, bunu nikah dövründə cavabdehə dəfələrlə söyləmiş, cavabdeh nə qədər cəhd etsə də onu bu fikrindən daşındıra bilməmiş və onlar aralarında nikahın pozulmasının əsas səbəbi də onun Türkiyədə yaşamaq və işləmək istəməsi olmuşdur. Bu da onu təkzibedilməz şəkildə təsdiq edir ki, iddiaçının qeyd edilən mənzilə heç bir ehtiyacı yoxdur, onun yeganə məqsədi qeyd edilən mənzilə istifadə hüququ əldə etdikdən sonra öz əşyalarını həmin mənzilə yerləşdirib cavabdehə gündəlik olaraq ciddi problemlər yaratmaq və ona kompensasiya verilməsinə nail olmaqdır. İddiaçının həmin mənzili 2016-cı ildən könüllü tərk etməsini və qeyd edilən vaxtdan indiyədək həmin mənzilə bir dəfə də olsun gəlməməsini və gəlmək istəməməsini təsdiq edən ən təkzibedilməz və mübahisəsiz hal odur ki, cavabdeh uşaqlarla ünsiyyət hüququna dair iddia ilə məhkəməyə müraciət etmiş, həmin iddiası qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təmin edilmiş və hal-hazırki iş üzrə iddiaçı cavabdehə bir dəfə də olsun uşaqlarla ünsiyyətdə olmağına imkan verməmişdir. Halbuki, cavabdeh uşaqlarla ünsiyyətdə olmaq üçün onların həmin mənzildə yaşamasına heç vaxt etiraz etməmişdir. Başqa sözlə desə, əgər iddiaçı uşaqlarla birlikdə həmin mənzildə yaşamaq istəyirdisə, cavabdeh onlara imkan vermirsə nə üçün hüquq-mühafizə orqanlarına şikayət etməmiş və məhkəmə məhkəməyə müraciət etməmiş, uşaqlarla ünsiyyətə dair işə baxılarkən bu hallardan bəhs etməmiş, cavabdehin iddiasının bu əsasa görə qanunsuz və əsassız olduğunu sübut etməmişdir və bu zaman cavabdehin məhkəməyə verdiyi uşaqlarla ünsiyyətə dair iddiası tam qanunsuz və əsassız olduğu mübahisəsiz şəkildə təsdiq olunacaqdı və məhkəmə tərəfindən iddiası rədd olunacaqdı. Başqa sözlə desə, uşaqlar 1 otaqlı mənzildə cavabdehlə birlikdə yaşayacaqdırlarsa uşaqlarla ünsiyyətə dair iddiaya nə ehtiyac var, eyni mənzildə hər gün onları görəcəyəksə və onlarla ünsiyyətdə olacağaqsa nə üçün məhkəməyə müraciət etməlidir? Göründüyü kimi, iddiaçı ilə mübahisəsi gedən mənzilin mülkiyyətçisi olaraq cavabdehlə arasında olan nikah münasibətlərinə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9115/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə xitam verilmişdir. Onunla iddiaçı arasında, iddiaçının mübahisəli mənzildən istifadə qaydalarını tənzimləyən hər hansı razılaşma bağlanmadığı üçün bu, keçmiş ailə üzvü olan iddiaçının yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır; eyni zamanda, iddiaçı maddi vəziyyəti və ya diqqətə layiq olan digər hallarla əlaqədar özünü yaşayış sahəsi ilə təmin etməyə imkanının olmaması barədə heç bir sübut təqdim etmədiyindən və bu hüququnun saxlanması barədə vəsatət vermədiyindən (xahiş etmədiyindən) Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulmuş digər qaydaların tətbiqi, yəni onun istifadə hüququnun müəyyən müddətə saxlanılması da istisna olunur. Beləliklə, hesab edir ki, məhkəmənin mövqeyinə əsasən iddiaçının mübahisəli mənzildən istifadə hüququ yaranmış olsa da, həm nikah dövründə-2015-ci ilin dekabr ayından sonra, həm də nikaha xitam verildikdən sonra iddiaçı və uşaqlar öz iradələri və istəkləri əsasında bir gün də olsun həmin mənzildə olmadığından və yaşamadığından həmin mənzilin (keçmiş) mülkiyyətçisi olaraq cavabdehlə ailə münasibətlərinə xitam verildikdən sonra bu hüquq saxlanılmamışdır. Bununla da istifadə hüququna xitam verilmiş şəxsin məhkəmə qaydasında mənzilə köçürülməsi yolverilməzdir. Eyni zamanda, iddianın “azyaşlı uşaqların mübahisəli mənzilə köçürülməsi”nə dair hissəsində də əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə də rədd edilməlidir. Belə ki, iddianın iddiaçının mübahisəli mənzilə köçürülməsinə dair hissəsi rədd edilməli olduğundan, azyaşlı uşaqların özləri və valideyni, yəni iddiaçı mübahisəli mənzildə yaşamadıqlarından, uşaqlarının qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən iddiaçının yanında qaldığından, habelə on dörd yaşına çatmamış uşaqların yaşayış yeri valideynlərinin yaşayış yeri sayıldığından, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına, yəni konkret olaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinə (Baba və nənənin nəvələrini saxlamaq vəzifəsi) əsasən, yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərə baba və nənələrə münasibətdə nəvələr də daxildir və cavabdehin 3 azyaşlı və körpə uşağı da qeyd edilən yaşayış sahəsinin mülkiyyətçisi olan cavabdehin nəvələridir və nəvələrin öz nənələrinə münasibətdə yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüquqları vardır və onların yaşamağa başqa yerləri və imkanları yoxdur. Həmin uşaqların qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında cavabdehin yanında qalması və həmin uşaqların saxlanılmasına görə təyin olunan alimentin cavabdehin ödənilməsi qət edilmişdir. Cavabdehin də yaşamaq üçün heç bir yeri olmadığına və başqa yaşayış sahəsi əldə etmək üçün heç bir imkanı və vəsaiti olmadığına görə, körpə yaşlarından həmin mənzildə yaşayan azyaşlı və körpə uşaqları həmin mənzildən çıxarılacaqları halda evsizeşiksiz və küçədə qalacaqlar və onların qanuni nümayəndələri olaraq cavabdeh vasitəsi ilə həmin mənzilə heç bir ehtiyacı olmayan öz nənələrindən yetkinlik yaşına çatana qədər həmin yaşayış sahəsindən istifadə etmək hüquqlarının saxlanılmasını tələb etmək hüquqları vardır. Göstərilənləri nəzərə alaraq, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X4 cavabdehə qarşı “mənzildən çıxarılma tələbinə dair” ilk iddiasının rədd edilməsinə; İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı olaraq onun ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanılması tələbinə dair” qarşılıqlı iddiasının tam təmin edilməsi; ünvan 2 ünvanında yerləşən 46 saylı mənzilin mülkiyyətçisi olan ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsus olan yaşayış sahəsindən onun, xx.xx.2013-cü il təvəllüdlü X8, xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X10 adlı azyaşlı və körpə uşaqlarının yetkinlik yaşına çatana qədər istifadə hüquqlarının saxlanılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh-iddiaçı Cavabdeh Firudin qızı məhkəmədə iştirak edən zaman nümayəndəsi və vəkilinin izahatına uyğun izahat verərək, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid X17 bildirdi ki, Cavabdeh onun qızıdır. İddiaçı toy ərəfəsində onlara qızı üçün cehiz alınmasına imkan verməmişdir. Belə ki, Mahirə oğluna mənzil almaq üçün onların da maddi kömək etməsini istəmişdir. O, Mahirə ilə razılaşaraq, qızına ev alınması üçün 30000 manat məbləğində pul vermişdir və qızı ilə keçmiş kürəkəni 18-ci mikrorayon ərazisində mənzil alıb orada yaşamışlar. Məhkəmədə şahid X5 bildirdi ki, Kəmalə onun qızıdır. 2013-cü ilin sentyabr ayında qızı Kəmalə Mahirə ilə birlikdə onların mənzilinə gəlmişlər. Mahirə onlaa cehiz lazım olmadığını əvəzi olaraq oğlu Bəxtiyara və Kəmalə üçün yaşamaları üçün mənzil alınması üçün maddi köməklik göstərilməsini istəmişdir. Onlarda Mahirə ilə razılaşmış və əri Firudin onun iştirakı ilə Kəmaləyə Mahirənin yanında 30000 manat pul vermişdir. Daha sonra Bəxtiyar Sumqayıt şəhəri 18-ci mkr ərazisindən mənzil almışdır. Məhkəmədə şahid X18 bildirdi ki, Kəmalə onun bacısıdır. Bacısı qaynanası ilə onların yaşadıqları mənzilə gəlmişlər və mənzil alınması üçün onlara köməklik edilməsini istəmişlər. Atasıda bacısına 30000 manat məbləğində pulu Kəmaləyə vermişdir. Məhkəmədə şahid X22 bildirdi ki, Kəmalə baldızıdır. Kəmalə 2013-cü ildə qaynanası ilə onların yaşadığı mənzilə gəlmiş və atasına mənzil alınması üçün pul lazım olduğunu bildirmişdir. Atası Kəmaləyə pul verdiyindən məlumatı olsa, da pulun verilməsinin şahidi olmamışdır. Məhkəmə iddiaçı-cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2, cavabdeh-iddiaçı Cavabdeh, nümayəndəsi və vəkili Vəkil1, şahidlər X17, X5, X18 və X6 izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, ilkin iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin, qarşılıqlı iddia tələbi isə rədd olunmalıdır. İş materiallarında olan Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 19 saylı Mənzil Kommunal Sahəsinin möhürü ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, ünvan 1-in sakinləri H.Yusifova, İ.Sadıxov, V.Məmmədova və sahə ustası H.X1 və uşaqları X13, X14, X15 ilə birlikdə 2015-ci il tarixdən 18-ci mikrorayon, ev 38, mənzil 46-da qeydiyyatsız yaşayırlar. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, № ******* saylı “Çıxarış”ın surətindən görünür ki, ünvan 1, mənzil 46 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 59 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 19 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2022-ci il tarixli ailə tərkibi haqqında arayışdan görünür ki, Cavabdeh Firudin qızı azyaşlı övladları ilə birlikdə ünvan 1, mənzil 46 sahə ustasının tərtib etdiyi akta əsasən qeydiyyatsız yaşayırlar. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən müəyyən edilir ki, X19 mülkiyyətində olan ünvan 1, mənzil 46-nı İddiaçı 40700 (qırx min yeddi yüz) manat satmışdır. Məhkəmə ilkin iddia tələbi üzrə aşağıdakıları qeyd edir: Məhkəmə iclasında müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən 55.6 kv.m ümumi sahəsi olan 46 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı Cavabdeh mənzildən çıxması barədə xəbərdarlıqlar etməsinə baxmayaraq cavabdeh yaşadığı evi tərk etmir. Hazırda İddiaçı cavabdehin ona məxsus mənzildən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və müqəddəsdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətində maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bu səbəbdən məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, cavabdeh iddiaçının oğlu X11 ilə 2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən 55.6 kv.m ümumi sahəsi olan 46 saylı mənzil İddiaçı xüsusi mülkiyyəti kimi xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında mübahisəli mənzillə bağlı hüquq münasibətləri mənzil İddiaçı qızının mülkiyyətinə keçdikdən sonra, yəni 2013-cü ildə yarandığından, hazırkı mübahisəyə Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 228- ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirir; R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007ci il tarixli qərarında, MM-in 228.2-ci maddəsi ilə bağlı olaraq, mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli Qərarında göstərmişdir ki, qanunverici mülkiyyətin toxunulmazlığı və onun dövlət tərəfindən qorunmasına dair konstitusiya prinsipindən çıxış edərək, qüvvədə olan MM-in 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna dair qaydaları müəyyən etmişdir. MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, “mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. … Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə mümkündür” (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Eyni zamanda qeyd edilmişdir ki, obyekti yaşayış sahəsi olan mülkiyyəti tənzimləyən hüquqi normaların düzgün tətbiqi üçün qanunvericiliyin mülki hüquq və mənzil hüququ sahələri arasında xətt keçirilməlidir. Mülkiyyətçinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mənzil hüququnun (obyekti) predmeti kimi nəzərdən keçirilməli və ailə üzvlərinin bu hüququ onlardan birinin mülkiyyətində mövcud olan yaşayış sahəsində onunla bərabər istifadə etməyi ehtiva edən kimi qiymətləndirilməlidir. Həmin əmlakın özgəninkiləşdirilməsinə və ya mülkiyyətçi tərəfindən sərəncam hüququnun başqa yolla həyata keçirilməsinə isə bu hüququn mövcudluğu təsir etmir, ona görə ki, yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin onunla bərabər istifadə etmək hüququ mülkiyyət hüququnun Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir. Yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Bundan başqa MM-in 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşlarına çatmayan uşaqlarını həmin yaşayış sahəsinə köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə qeyd edir ki, mübahisəli mənzil İddiaçı mülkiyyətinə keçdikdən sonra onunla Cavabdeh arasında mübahisəli mənzilə dair istifadə hüququ haqqında müqavilə bağlanmadığından və belə bir müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, onun mübahisəli mənzilə istifadə hüququ yaranmamışdır. Belə ki, tərəflər arasında mənzilin mülkiyyətçisi arasında mübahisəli mənzilə dair istifadə hüququ haqqında müqavilə bağlanmamış və cavabdehin istifadə hüququ tanınmamışdır. Hazırda mənzilin mülkiyyətçisi olan İddiaçı cavabdehin mənzildən çıxarılması tələb edir. Məhkəmə cavabdehin sözügedən mənzilə münasibətdə hər hansı əşya hüququnun olmadığını, cavabdehin hal-hazıradək mənzildən çıxmayaraq mənzili təhvil verməməsinin mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozduğunu və mənzilin hazırda İddiaçı xüsusi mülkiyyətində olduğunu nəzərə alaraq hesab edir ki, Cavabdeh azyaşlı uşaqları ilə birlikdə ünvan 1 ünvanında yerləşən 46 saylı mənzildən çıxarılmalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 27-ci maddəsinin 2-ci bəndinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır; 28.3-cü maddəsinə əsasən 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Bununla bağlı məhkəmə qeyd edir ki, xx.xx.2013-cü il təvəllüdlü X20, xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2020-ci il tarixli X2 anaları Cavabdeh himayəsində olduqlarından onların yaşayış yeri Cavabdeh yaşayış yeri sayılır. Məhkəmə qarşılıqlı iddia tələbi üzrə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. (MM 228.2) Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. (MM 228.5) Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarını nəzərə alaraq Cavabdeh Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən mübahisəli yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərə aid olmadığı üçün onun həmin mənzildən istifadə hüququnun olmaması nəticəsinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin mübahisəli mənzilə dair istifadə hüququ yoxdur. İstifadə hüququ olmadığı halda isə, yəni mövcud olmayan hüququn saxlanılması qeyri-mümkün olduğuna görə istifadə hüququnun müəyyən müddətə saxlanılması barədə tələb irəli sürməsi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilərək, Cavabdeh azyaşlı uşaqları (xx.xx.2013-cü il təvəllüdlü X20, xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2020-ci il tarixli X10) ilə birlikdə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 46 saylı mənzildən çıxarılmalı və iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməli, Cavabdeh İddiaçı qarşı “ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X4 ona qarşı “mənzildən çıxarılma tələbinə dair” ilk iddiasının rədd edilməsinə; İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı olaraq onun ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X7 qarşı “yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanılması tələbinə dair” qarşılıqlı iddiasının tam təmin edilməsi; ünvan 2 ünvanında yerləşən 46 saylı mənzilin mülkiyyətçisi olan ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X7 məxsus olan yaşayış sahəsindən onun, xx.xx.2013-cü il təvəllüdlü X8, xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X10 adlı azyaşlı və körpə uşaqlarının yetkinlik yaşına çatana qədər istifadə hüquqlarının saxlanılması” barədə qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia təmin edilsin. Cavabdeh azyaşlı uşaqları (xx.xx.2013-cü il təvəllüdlü X20, xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2020-ci il tarixli X10) ilə birlikdə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 46 saylı mənzildən çıxarılsınlar. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qarşılıqlı iddia tələbi rədd edilsin. Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar