Məhkəmə qərarları › İş №2(060)-4379/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4379/2021

27.04.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4379/2021 27.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh «Etilen-Polietilen» zavoduna qarşı işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) «Etilen-Polietilen» zavoduna (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, məhkəməyə müraciət hüququnu üzrlü hesab edilərək bərpa edilməsi və onu “Etilen- Polietilen” zavoduna kompressor qurğu maşinisti vəzifəsinə bərpa edib məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq aşağıdakı nəticəyə gəlir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı cavabdehə qarşı əvvəllər iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "Etilen-Polietilen" zavodunun E-14 № sexinin 04 saylı kompressor qurğuları sexinə maşinist vəzifəsinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2005ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2005-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməyərək Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2005-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(102)-1796/2011 nömrəli qərarı ilə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2005-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İddiaçı və vəkili X1 qanuni qüvvəyə minmiş məhkəmə aktına yeni açılmış hallar əsasında yenidən baxılmasına dair ərizə verərək Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2005-ci il tarixli və Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2005-ci il tarixli qətnamələrinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2011 -ci il tarixli qərarının ləğv edilərək işin yenidən baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin xx.xx.2020-ci il tarixli Qərardadı ilə ərizənin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun baxışına çıxarılmasından imtina edilmişdir. Həmin qərardadda əsas mövqe ondan ibarət olmuşdur ki, ərizəçinin istinad etdiyi hal, yəni xx xxx 2004-cü ildən xx xxxx 2004-cü ilə kimi xəstə olduğu üçün üzürlü səbəbdən işə çıxmaması halı ümumiyyətlə məhkəmə araşdırmasının predmeti olmamışdır. Belə ki, iddiaçı iddia ərizəsində, apellyasiya və kassasiya şikayətlərində, həmçinin məhkəmə iclaslarına verdiyi izahatlarında qeyd edilən tarixlərdə işdə olmadığını ümumiyyətlə qəbul etməmiş, həmin müddətdə həmişə işdə olduğunu, işdə olduğu halda, onun üzürlü səbəb olmadan 1 ay 12 gün müddətinə işə çıxmaması əsası ilə işdən azad edilməsi barədə əmri mübahisələndirmişdir. Digər tərəfdən ərizəçinin iddiası həmçinin iddia verilərkən 1 aylıq iddia müddətinin buraxılması əsası ilə rədd edilmişdir. Buna görə də, iddiaçının istinad etdiyi bu hal, yəni xx xxx 2004-cü ildən xx xxxx 2004-cü ilədək ambulator qaydada ardıcıl olaraq fizioterapevtik müalicə kursları qəbul etməsi iş üçün həlledici əhəmiyyət daşımır, yeni aşkar edilmiş material işin nəticəsinə təsir etmir. Qərardadda həmçinin göstərilmişdir ki, məhkəmə qərarı qəbul etdikdən sonra yaranmış yeni hal, hətta bu hal iş üçün həlledici olsa belə, yeni açılmış hal kimi qiymətləndirilə bilməz. Bu halda yeni halın mövcudluğu, məhkəmə aktına yeni açılmış hallar əsasında yenidən baxılması üçün deyil, yeni iddianın verilməsi üçün əsas ola bilər. İddiaçı qərardadda qeyd olunan mövqeyə əsaslanaraq işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbi ilə yenidən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir (153.2.1.). Qeyd edilən hüquq normasının məzmunundan görünür ki, MPM-in 153.2.1-ci maddəsinə əsasən hazırkı iddianın yolverilməz hesab edilməsi üçün əvvəllər qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə həll edilmiş mübahisə ilə hazırkı iddia üzrə tərəflər eyni olmalı, iddia ərizəsinin predmeti və onun söykəndiyi əsaslar əvvəlki işlə eyniyyət təşkil etməlidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası. Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. Hazırda iddiaçının cavabdehə qarşı qaldırdığı iddianın predmetini əmək hüquqlarının bərpası, yəni işə bərpa edilməsi və qanunsuz işdən azad edildiyi üçün işburaxmaya görə əmək haqqının ödənilməsi təşkil edir. İddianın əsası isə iddiaçının cavabdeh tərəfindən qanunsuz işdən azad edilməsi nəticəsində onun əmək hüquqlarının pozulmasıdır. Göründüyü kimi hazırkı iddia ilə əvvəllər iddiaçı və cavabdeh arasında qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə yekunlaşmış mübahisə predmet və əsas baxımından eyniyyət təşkil edir. Bu isə iddianın yolverilməz hesab edilməsi üçün əsasdır. İddiaçı iddia ərizəsində bildirir ki, onun cavabdehə qarşı əvvəllər qaldırdığı iddia iddia müddətinin ötürülməsi səbəbindən rədd edilmişdir və hazırda o, hazırda həmin müddətin üzrlü səbəbdən ötürülməsi barədə məhkəməyə sübutlar təqdim etdiyindən hazırkı hal onun iddiasına məhkəmə qaydasında baxılması üçün əsasdır. MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən iddia müddətinin ötürülməsi səbəbindən rədd edilmişsə, hazırkı halda iddia tələbi üzrə iddia müddətinin üzrlü səbəbdən ötürülməsi barədə sübutların qəbul edilməsi və işə mahiyyəti üzrə baxılması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlarla zidd məhkəmə aktının qəbulu ilə nəticələnə bilər ki, bu da prosessual hüquq normalarının pozulmasına səbəb olar. Eyni zamanda iddiaçının iddia müddətinin üzrlü səbəbdən ötürülməsi barədə sübutlar təqdim etməsi iddianın əsasının dəyişməsi demək deyil. Yəni, iddiaçının hazırkı tələbi əvvəlki tələblə yenə də iddianın predmet və əsası baxımından eyniyyət təşkil edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğu üçün iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 153-cü maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ : İddiaçı cavabdeh «Etilen-Polietilen» zavoduna qarşı “Etilen-Polietilen” zavoduna kompressor qurğu maşinisti vəzifəsinə bərpa edilərək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina olunsun. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar