Məhkəmə qərarları › İş №2(060)-4383/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4383/2025

14.10.2025 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4383/2025 14.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etməklə «şəxsin ölmüş elan edilməsi tələbi»nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etməklə «şəxsin ölmüş elan edilməsi tələbi»nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1966-cı ildə anadan olmuşdur. ünvan 1 ünvanda da yaşayır. Ailəlidir və üç övladı var. xx.xx.1991-ci il təvəllüdlü X5 ərizəçinin oğludur. O, xx.xx.2013-cü ildə Azərbaycan Respublikasının ərazisini tərk etmiş və qabaqcadan əlbir olmuş bir qrup şəxs halında dini düşmənçilik zəminində qəsdən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmək məqsədilə "İŞİD (hazırki adı "İD") adlı cinayətkar birliyinin tərkibinə daxil olmaqla Suriya Ərəb Respublikasının ərazisinə keçmiş, qanunsuz silahlı qrupa qoşularaq ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmək niyyətilə terror təşkilatının digər üzvləri ilə əlaqəyə girməklə müxtəlif silahlı təlimlərdə iştirak edib odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrorçuluğa hazırlıq hərəkətləri etmişdir. Oğlu həmin döyüşlər zamanı xx.xx.2023-cü ildə vəfat etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2059/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə oğlunun Azərbaycan Respublikasının vətəndaşlığı itirilmiş hesab edilmişdir. Həmin qətnamədə yuxarıda qeyd etdiyi faktlar öz təsdiqini tapmışdır. Oğlu xx.xx.2023-cü ildə döyüşlər zamanı Suriya Respublikasında vəfat etmişdir. Ona görə də, qərara gəlmişdir ki, oğlunun ölmüş elan edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etsin. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş oğlu X2 xx.xx.2023-cü ildə Suriya Respublikasında ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 öz ifadəsində göstərmişdir ki, X5 onun qardaşıdır. Qardaşı 2013-cü il tarixdə Azərbaycanı tərk etmişdir. 2023-cü ilin yanvar ayının 27-sində dostları tərəfindən zəng edilərək qardaşının 25 yanvarda vəfat etməsini bildirmişlər. Qardaşı Suriyada olan döyüşlərdə vəfat etmişdir.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 öz ifadəsində göstərmişdir ki, X5 onun keçmiş həyat yoldaşıdır. 2023-cü ilin yanvar ayının 27-sində dostları tərəfindən zəng edilərək keçmiş həyat yoldaşının 25 yanvarda vəfat etməsini bildirmişdir. Keçmiş həyat yoldaşı Suriyada olan döyüşlərdə vəfat etmişdir. O, 2018-ci ildə Türkiyədə olmuşdur. Birgə nikah münasibətlərindən 2 övladları vardır.

9. İş materiallarında olan Sumqayıt şəhəri VVAQ bürosu tərəfindən verilmiş XV-JQ № 476219 saylı, xx.xx.1991-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 16 fevral 1991-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası X4, anası Ərizəçidır.

10. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2059/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, ərizə təmin edilərək, maraqlı şəxs X2 (doğulduğu tarix xx.xx.1991-ci il, doğulduğu yer Sumqayıt şəhəri, şəxsiyyəti təsdiq edən sənədin PİN nömrəsi 4YU1EDR, seriya və nömrəsi P4163019) Azərbaycan Respublikasının vətəndaşlığının itirilmiş hesab edilməsi qət edilmişdir.

11. İş materiallarında olan Maraqlı şəxs şöbəsi tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2024cü il tarixli, 3-16-5/8-K-25xx/xx/2024 saylı məktubdan görünür ki, Azərbaycan Respulikası Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdriyyətinin və baqa şəxslərin məlumatı üzrə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31,10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” nın 8.5-ci bəndinə əsasən Olüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Azərbaycan Respulikası Ailə Məcəlləsinin 194-cü maddəsi tələblərini və ölümü təsdiq edən sənədin olmadığını nəzərə alaraq, Maraqlı şəxs tərəfindən ərizənizin təmin edilməsi mümkün deyil.

12. İş materiallarında olan məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-38-33/2-2883/25 saylı məktubdan görünür ki, X2 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında xx.xx.2013-çıxış kimi məlumat qeyd alınmışdır.

13. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsi tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanan xx.xx.2025-ci il tarixli, 3-13-58/2-29394 saylı məktubdan görünür ki, xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 27, mənzil 48-də qeydiyyatda olan X5 barəsində Sumqayıt şəhər Polis İdarəsində axtarış işi açılmamışdır.

b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

14. Azərbaycan Respublikası MPM-nin 305.1.2-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır.

15. Həmin Məcəllənin 312.1-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir.

16. Həmin Məcəllənin 315.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə görə, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər.

18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9.5-ci bəndinə əsasən şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir.

19. Göründüyü kimi, şəxsin ölmüş elan edilməsi yuxarıda qeyd edilən norma iki müstəqil əsas nəzərdə tutmuşdur. Şəxsin həyat üçün təhlükəli şəraitdə itkin düşməsi halında ölmüş elan edilmə və şəxsin harada olması barədə 5 il ərzində məlumatın olmaması şəraitində. İkinci halda, qanunverici itkin düşmə şəraitini nəzərə alaraq, ölmüş elan edilmə üçün daha qısa müddət nəzərdə tutmuşdur. Bu əsaslardan hər hansı biri müstəqil şəkildə mövcud olarsa, şəxs məhkəmə tərəfindən ölmüş elan edilə bilər. Hazırkı işdə ikinci halın mövcud olması müəyyən edilir. Belə ki, şəxs uzun illər əvvəl, ərizəçinin deməsinə görə 2013-cü ildə ölkəni tərk edib getmiş və bir daha geri qayıtmamışdır. İş üzrə verilən sorğuların cavabları da ərizənin dəlillərinə tənqidi yanaşılması üçün əsas vermir. Çünki, barəsində ərizə verilən şəxsin göstərilən tarixdə anadan olması, Azərbaycan Respublikasında ailəsinin olması və daimi yaşaması müəyyən edilir, eyni zamanda isə onun 2013-cü ildən sonra Azərbaycana gəlməsi müəyyən edilmir. Ona görə də, məhkəmə hesab edir ki, ərizənin dəlilləri maddi hüquq normaları baxımından qismən əsaslıdır.

20. Məhkəmə ərizənin “xx.xx.2023-cü” hissəsi ilə bağlı qeyd edir ki, ərizə həmin hissədə təmin edilməməlidir.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır.

22. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1991-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş X2 ölmüş elan edilməsi iş materiallarında olan sübutlarla təsdiq olunduğundan, xüsusi icraat qaydasında verilmiş ərizə qismən təmin olunmalı, qətnamənin qanuni qüvvəyə mindiyi gün xx.xx.1991-ci il tarixdə anadan olmuş X2 ölüm günü hesab edilməlidir.

23. Məhkəmə “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın və qanunvericiliyin tələblərini nəzərə alaraq qeyd edir ki, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında qeydə alınmaya və akt kitablarında qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə yazılmasına əsaslardan biri məhkəmənin qətnaməsidir.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

26. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: Ərizə qismən təmin edilsin. xx.xx.1991-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş X5 ölmüş elan edilsin. Qətnamənin qanuni qüvvəyə mindiyi gün xx.xx.1991-ci il təvəllüdlü X2 ölüm günü hesab edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında X2 ölməsi barədə qeyd aparılması və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar