Məhkəmə qərarları › İş №2(060)-44/2021

Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-44/2021

05.03.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-44/2021 05.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Sumqayıt Bələdiyyəsinin Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Bələdiyyəsi (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən “Sarı-qaya” bağları massivində yerləşən B-392 saylı bağ torpaq sahəsinin daxilində bələdiyyə mülkiyyətində olan zəbt edilmiş əlavə 369 kvadrat metr torpaq sahəsindən cavabdehin çıxarılması və həmin torpaq sahəsinin Sumqayıt Bələdiyyəsinin ehtiyat torpaq fonduna qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən mütəmadi olaraq Sumqayıt şəhəri ərazisində fiziki və hüquqi şəxslərin müraciətləri əsasında daşınmaz əmlakların texniki inventarlaşdırılması zamanı aşkar edilmiş özbaşına tikililər və zəbt olunmuş torpaq sahələri haqqında məlumatlar aidiyyəti üzrə Sumqayıt şəhər İcra Hakimiyyətinə və iddiaçıya təqdim olunur. Qeyd olunan idarənin 2018-ci ilin sentyabr ayı üçün aşkar edilmiş zəbt olunmuş torpaq sahəsi haqqında məlumat barədə iddiaçıya ünvanlanmış xx xxxxxxxx 2018-ci il tarixli, **********24 saylı məktubunda “Sarı-qaya” bağları massivində yerləşən və cavabdehin istifadəsinə verilmiş B-392 saylı bağ sahəsinin daxilində torpaq islahatı nəticəsində bələdiyyə mülkiyyətinə aid edilmiş əlavə 369 kvadrat metr torpaq sahəsinin zəbt edildiyinin müəyyən olunduğu göstərilmişdir. Həmin torpaq sahəsi iddiaçının mülkiyyətində olduğundan, qeyd olunan torpaq bələdiyyənin ehtiyat torpaq fonduna qaytarılmalı və qüvvədə olan torpaq qanunvericiliyinin normaları əsasında özgəninkiləşdirilməlidir. Adı çəkilən ərazidə yerləşən torpaqlar “Torpaq islahatı haqqında” və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə uyğun olaraq bələdiyyə mülkiyyətinə aid olunmuş və xx xxxx 2001 -ci il tarixli protokol, akt və digər torpaqayırma sənədləri əsasında xəritələşdirilərək iddiaçıya təhvil verilmişdir. Lakin cavabdeh zəbt etdiyi 369 kvadrat metr torpaq sahəsindən bu günə qədər qeyri-qanuni istifadə etməkdə davam edir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında təmsil edilməmişdir. İddiaçının nümayəndəsi ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Daxili İşlər Naziriliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, cavabdeh xx.xx.1950-ci ildə, Bakı şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi idarəsi üzrə özbaşına tikililər və zəbt olunmuş torpaq sahələri haqqında xx xxxxxxxx 2018-ci il tarixinə olan məlumata əsasən cavabdeh tərəfindən “Sarı-qaya” bağları massivində yerləşən B-392 saylı bağ torpaq sahəsinin daxilində 0,0369 hektar torpaq sahəsi zəbt olunmuşdur. İddia ərizəsinə torpaqların inventarizasiyası barədə aktın, bələdiyyə torpaqlarının verilməsi haqqında protokolun, Sumqayıt şəhərində bələdiyyə və xüsusi mülkiyyətə aid torpaqların eksplikasiyasının surətləri əlavə edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən (bundan sonra – Mülki Məcəllə) mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1.). Bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər (153.1.). Bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir (156.1.). Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (157.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2.). Hazırkı halda 369 kvadrat metr torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini və həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətində olduğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən (bundan sonra – Torpaq Məcəlləsi) 1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır (47.1). Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır (47.2). “Torpaq islahatı haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları. İş materiallarından göründüyü kimi cavabdehin mülkiyyətində olan Sumqayıt şəhəri, “Sarı-qaya” bağ massivində yerləşən B-392 saylı bağ torpaq sahəsindən əlavə 0,0369 hektar olan torpaq sahəsini zəbt etməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi idarəsinin xx xxxxxxxx 2018-ci il tarixli məktubu ilə müəyyən edilir. Məhkəmə hesab edir ki, həmin torpaqlar “Torpaq islahatı haqqında” Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş dövlət mülkiyyətində olan torpaqlar kateqoriyasına daxil edilmədiyi üçün bələdiyyə mülkiyyətində olan torpaqlara aiddir. Bu səbəbdən iddia təmin edilməli, cavabdeh zəbt etdiyi 369 kv.metr torpaq sahəsindən çıxarılmalı və həmin torpaq sahəsi iddiaçının ehtiyat fonduna qaytarılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Sarı-qaya” bağları massivində yerləşən B-392 saylı bağ torpaq sahəsinin daxilində bələdiyyə mülkiyyətində olan zəbt edilmiş əlavə 369 kvadrat metr torpaq sahəsindən çıxarılsın və həmin torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin ehtiyat torpaq fonduna qaytarılsın. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verildiyi gündən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar