Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4406/2021 16.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, iddiaçı Ağayeva Qətibə Alıhüseyn qızının və onun nümayəndəsi, vəkil X1 iştirakı ilə, İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdehlərin Sumqayıt şəhəri, 4-cü mikrorayon, 5/64 saylı evin 31 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 18 mart 2021-ci il tarixli AN-İN ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X2 mülkiyyətində olan Sumqayıt şəhəri, 4-cü mikrorayon, 5/64 saylı evin 31 saylı mənzili Sumqayıt şəhəri 4 saylı notariat ofisində iddiaçıya satmışdır. 09.04.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, 4-cü mikrorayon, 5/64 saylı evin 31 saylı mənzili iddiaçının tam mülkiyyətindədir. İddiaçının mülkiyyətində olan mənzildə əvvəllər qeydiyyatda olan cavabdehlər mənzili iddiaçıya satdıqdan sonra qeydiyyatdan çıxacaqlarını bildirsələr də, onlar əsassız olaraq pasport qeydiyyatından bu günə kimi çıxmamışlar. Bu da iddiaçının mülkiyyətçi kimi bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Hazırda cavabdehlərin harada yaşamaları iddiaçıya məlum deyildir. İddiaçı hesab edir ki, cavabdehlərin həmin mənzilə yaşayış-istifadə hüququ itirilmiş hesab edilməlidir. Cavabdehlərin qeydiyyatda qalması onun mülkiyyət hüququna əsassız müdaxilə təşkil edir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə göndərilmiş məhkəmə bildirişləri rabitə orqanı tərəfindən geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1965-ci ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdehlər Cavabdeh1 xx.xx.1992-ci ildə, Cavabdeh2 xx.xx.1999-cu ildə, Cavabdeh3 xx.xx.2001-ci ildə anadan olmuşlar. Cavabdehlər Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 5/64, mənzil 31 (bundan sonra – mübahisəli mənzil) qeydiyyatdadırlar. AN İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən iddiaçı mübahisəli mənzili Cavabdeh1 almışdır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mübahisəli mənzil iddiaçının adına xüsusi mülkiyyət kimi 09.04.2021-ci ildə qeydə alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1.). Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (157.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (157.4.). Göründüyü kimi mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdehlər isə həmin mənzildə yaşamır və formal olaraq qeydiyyatda qalmışlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarından da biri onun barəsində yaşayış sahəsindən çıxarılma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamənin olmasıdır. Məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda qalmaları iddiaçının mənafeyinə zidd olmaqla bir mülkiyyətçi kimi onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bu səbəbdən iddia təmin edilməli və cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Sumqayıt şəhəri, 4-cü mikrorayon, 5/64 saylı evin 31 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilsin. Hazırkı qətnamə göstərilən şəxslərin həmin mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-4406/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4406/2021
16.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver