Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4411/2021 01.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinə qarşı əmrin ləğvi, işə bərpa, məcburi işburaxma dövrünə görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 01.09.2020-ci il tarixli, 148 nömrəli əmrin ləğv edilməsi, onun Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinin “Gözətçi mühafizəsi bölməsi”nin mühafizəçi vəzifəsinə bərpa olunması və 01.09.2020-ci il tarixindən etibarən 05.01.2021-ci il tarixinədək məcburi iş buraxma müddəti üçün həmin vəzifəyə müvafiq olaraq əmək haqqının cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi ilə bağlanılmış 12.05.2020-ci il tarixli, 508 nömrəli əmək müqaviləsinə əsasən "Gözətçi mühafizəsi bölməsi"nə "Mühafizəçi" vəzifəsinə qəbul olunmuşdur. Əmək müqaviləsi 05.01.2021-ci il tarixinədək, 7 (yeddi) ay müddətinə bağlanılmışdır. Aylıq əmək haqqı 271 manat təşkil edirdi. Həmin vəzifə dövlət qulluqçusu və ya hərbi qulluqçu təsnifatına aid deyildir. Müvafiq müəssisədə öz işini qüsursuz və layiqincə yerinə yetirmişdir. İşlədiyi müddət ona qarşı heç bir intizam tənbehi tətbiq olunmamışdır. Əmək Müqaviləsinin 05.01.2021-ci il tarixinədək bağlanılmasına baxmayaraq, Hərbi Hissənin rəhbərliyi tərəfindən 01.09.2020-ci il tarixli, 148 nömrəli əmri əsasında əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə istinad edərək, yəni tərəflərdən birinin təşəbbüsü ilə xitam vermişdir. Onun tərəfindən əmək müqaviləsinin ləğvinə dair yazılı ərizə işəgötürənə təqdim edilməyibdir. Əmək kitabçasında görünür ki, işəgötürən yalnız Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə istinad vermişdir. Odur ki iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi X11 etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı 12 may 2020-ci il tarixli əmək müqaviləsinə əsasən N nömrəli hərbi hissəyə "Gözətçi mühafizəsi bölməsi"nə "Mühafizəçi" vəzifəsinə qabul edilmişdir.Əmək müqaviləsinin müddəti 7 ay müəyyən edilmişdir. İddiaçı hərbi hissədə işlədiyi dövrdə kollektivlə yola getməyib, əmək vəzifələrini lazımi qaydada yerinə yetirməyib, dəfələrlə əmək intizamını pozmuşdur. 2020-ci ilin fevral ayından başlayaraq dünyada və ölkədə COVİD19 pandemiyasının yayılmasına görə bir çox iş yerleri, o cümlədənN saylı hərbi hissədə işçilərin işə çıxmasının sayı azaldılmışdır və həmin vaxtlarda hərbi hissə komandiri tərəfindən Sumqayıt şəhəri və H.Z.Tağıyev qəsəbəsi istiqamətində işçilərin işə gedib-gəlməsi üçün 2 xidməti nəqliyyat vasitəsi ayrılmışdır. Bundan əlavə hərbi hissə komandirinin malumatına əsasən şəxsi avtomobili olan mülki işçilərin avtomobillərinin dövlət qeydiyyat nömrə nişanları portala yerləşdirilmişdir ki, onlar sərbəst şəkildə işə gedib gələ bilsin. İddiaçı gözətçi vəzifəsində növbəlilik qaydasında işlədiyindən işə çıxmalı olduğu halda 2020-ci ilin 6, 7 iyun tarixlərində heç bir üzrlü səbəb göstərmədən işə çıxmamışdır. Həmin günlər gözətçi mühafizə bölməsinin rəisi Asəf Məmmədov tərəfindən verilən raporta əsasən hərbi hissə komandirinin əmri ilə gözətçi mühafizəçilər X2 və X9 ilə birlikdə iddiaçı ödənişsiz məzuniyyətə buraxılmışdır. Bu səbəbdən iddiaçının aylıq məvacibinin iki günü ödənilməmişdir. 27.08.2020-ci ildə Nəzarət buraxılış bürosunda bir şəxsin "Smartfon" tipli mobil telefonla hərbi hissəyə keçməyə cəhd göstərməsi ilə əlaqədar işçilər arasında mübahisə baş vermişdir. Mübahisəli məsələnin düzgün araşdırılması məqsədi ilə hərbi hissənin komandiri tərəfindən komissiya yaradılmışdır. Aparılan araşdırmanın nəticəsi barədə 31.08.2020-ci il tarixdə 2913 saylı akt tərtib edilmişdir. Aktda qeyd edilib ki, gözətçi mühafizə bölməsinin rəisi mülki işçi X17 ilə mühafizəçilər arasında mühafizə işinin təşkili və idarəçilik məsələlərinin təşkilinə dair bir sıra mübahisə və anlaşılmazlıqlar baş vermişdir. mülki işçi İddiaçı 28.08.2020-ci il tarixində növbədə olduğu müddətdə növbə rəisi ilə mübahisə etmiş və hərbi hissə komandanlığına məlumat vermədən DİN-nin "102 zəng çağrı mərkəzinə"zəng vuraraq "Gəlin A.Məmmədovu aparın, yoxsa vurub öldürəcəm" deyə şikayət etmişdir. Sonradan aydın olmuşdur ki, İddiaçı DİN-nin "102 çağrı mərkəzinə" A.Məmmədovun tibbi maskadan istifadə etmədiyi, həmçinin onunla iş vaxtı qeyri-qanuni davranışlarına görə müraciət etmişdir. Buradan qanaətə gəlmək olar ki, İddiaçı öz xeyri istiqamətində iş vaxtı müxtəlif bəhanələrlə işdən yayınmağa, həmçinin A.Məmmədovun tələbkarlığından şikayət etmək üçün bütün zəruri vasitələrə əl atır. Aparılan araşdırmanın nəticəsi olaraq Komissiya təklif etmişdir ki, gözətçi mühafizə bölməsinin rəisi mülki işçi X17 tutduğu vəzifəyə uyğun deyil, bölmədə mübahisələrin aradan qaldırılması və sağlam iş prosesinin formalaşması üçün digər mühafizəçilər və mülki işçilər X7, İddiaçı, X19, X13 tutduqları vəzifələrdən azad olunsunlar, digər vəzifələrə təyin olunması barədə təkliflər edilərək razılaşdıqları təqdirdə vəzifələrə təyin olunsunlar. Aktda göstərilən məsələlər Həmkarlar ittifaqı komitəsində müzakirəyə çıxarılıb və 01.09.2020-ci il tarixli Həmkarlar ittifaqı komitəsinin iclas protokolundan çıxarışda göstərilmişdir ki, gözətçi mühafizəsi bölməsində iş münasibətlərini tənzimləmək üçün bölmə rəisi X14, növbə rəisi X3 və mühafizəçi İddiaçı müəssisə daxilində başqa bölmələrdə ixtisaslarına uyğun iş təklif olunsun və bu təkliflərlə razılaşmayan işçilərlə Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən əmək müqavilələrinə xitam verilməsi və tədbir görülməsi üçün hərbi hissə komandirinə məktubla müraciət olunsun. Həmkarlar ittifaqı komitəsində iclas keçirilərkən iddiaçı və X1 ittifaqı Komitəsinin sədri Kazım Cəfərovu təhqir edərək onun ünvanına nalayiq ifadələr işlətmişdirlər. Bu barədə 01.09.2020-ciildəakttərtib edilmişdir. Aparılan araşdırmanın nəticəsi haqqında N nömrəli hərbi hissənin komandiri N saylı əmr imzalamışdır. Əmrdə göstərilmişdir ki, gözətçi mühafizəsi bölməsində bölmə rəisinin yanaşmasından irəli gələn qeyri-sağlam bir kollektiv formalaşmışdır. Bölmə rəisi mülki işçi A.Məmmədov vəzifəsinin icrasını layiqincə yerinə yetirməmiş, şəxsi heyətlə düzgün münasibət qurmamış və bu səbəbdən də bölmədə bu cür çatışmazlıqlar ortaya çıxmışdır. Əmrdə qeyd edilib ki, təyin edilmiş komissiyanın təklifinə və həmkarlar ittifaqı komitəsinin protokoluna istinadən müxtəlif vaxtlarda əsəblərini cilovlamağı bacarmadığına görə, bölmə tərkibində qeyri-adekvat davranışlarına görə, vaxtaşırı olaraq verilmiş tapşırıqların icrası zamanı müxtəlif maneələr törətdiklərinə görə, həmçinin psixoloji vəziyyətlərinin mühafizə işində maneələr törətməsini əsas götürərək mülki işçi X3 və mülki işçi İddiaçı digər bölmələrdə eyni əmək haqqı ilə digər vəzifələrdə iş təklif edilsin. Adları çəkilən şəxslər təklif edilmiş yerlərdə işləmələrinə razılaşmadıqları təqdirdə onlarla bağlanmış əmək müqaviləsinə xitam verilsin. İddiaçıya 4 nömrəli istehsalat sexində 3-cü dərəcəli yuyucu maşınların maşinisti vəzifəsi və 8 nömrəli istehsalat sexində 3-cü dərəcəli qalvanikvəzifəsindəişləmək təklif olunmuş, iddiaçı əvvəlcə razılaşsa da, sonradan imtina etmişvəbubarədə akt tərtib edilmişdir. Digər işçi X7 ona təklif olunan başqa işdə işləməyə razılaşdığına görə həmin vəzifəyə keçirilmişdir. İddiaçı isə ona təklif olunan 2 işdən imtina etdiyinə görə 01.09.2020-ci il tarixli 148 nömrəli əmrlə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 01 sentyabr 2020-ci il tarixdən xitam verilmiş və o, işdən azad edilmişdir. Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci bəndinə əsasən 26.09.2019-cu ildən 01.09.2020-ci ilə kimi olan dövr üçün istifadə olunmamış məzuniyyətə görə 21 təqvim günü hesabı ilə kompensasiya ödənilmişdir. İddiaçı gözətçi mühafizə bölməsinin rəisi Asəf Məmmədov tərəfindən təhqir edilməsi ilə bağlı şikayət vermiş,həminşikayət412nömrəli hərbi hissənin tabe olduğu N nömrəli hərbi hissə tərəfindən araşdırılmış və verilən şikayətdə göstərilənlərin öz təsdiqini tapmadığı müəyyən edilmişdir. Cavabdehin nümayəndəsi eyni zamanda vəsatət verərək, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmə müddətini ötürdüyünü bildirərək, məhkəmədən hazırki iş üzrə iddia müddətini tətbiq edərək tələbin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddiasını müdafiə etdiyini, günahı olmadan işdən uzaqlaşdırıldığını bildirdi. Həmçinin bildirdi ki, o, işdən çıxma barədə ərizə yazmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. O, eyni zamanda bildirdi ki, iddiaçı cavabdeh işdən çıxma barədə ərizə yazmamışdır. Məhkəmə iclasında şahid X12 ifadə verərək bildirdi ki, İddiaçı işdə olan zaman iş yoldaşları ilə mübahisə etmiş və onları təhqir etmişdir. Məhkəmə iclasında şahid X8 ifadə verərək bildirdi ki, mübahisə zamanı orda olmamış, lakin eşitmişdir ki, İddiaçı iş zamanı bir neçə şəxs ilə mübahisə etmiş və onları təhqir etmişdir. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5889/2020 saylı, 29.09.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinə qarşı işə bərpa və sair tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin qəbul edilməsindən imtina edilmişdir. - Həmin mülki işdən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə 25.09.2020-ci il tarixdə müraciət etmişdir. - 12.05.2020-ci il tarixli, 508 №-li əmək müqaviləsindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinə 7 ay müddətinə, aylıq əmək haqqı 271 manat olmaqla, "Gözətçi mühafizəsi bölməsi"nə "Mühafizəçi" vəzifəsinə qəbul olunmuşdur. - N saylı Hərbi Hissəsinin 01 sentyabr 2020-ci il tarixli, 148 №-li əmrindən çıxarışdan görünür ki, gözətçi mühafizəsi bölməsinin mühafizəçisi, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən 01 sentyabr 2020-ci il tarixdən əmək müqaviləsinə xitam verilmiş və işdən azad olunmuşdur. Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci bəndinə əsasən 26 sentyabr 2019-cu ildən 01 sentyabr 2020-ci ilə kimi olan dövr üçün istifadə olunmamış məzuniyyətə görə 21 təqvim günü hesabı ilə kompensasiya ödənilmişdir. Əsas olaraq 01.09.2020-ci il tarixli 2932, 2933 nömrəli işçiyə əlavə iş təklif edilməsi ilə tanış olma aktı göstərilir. - N saylı Hərbi Hissənin 19 №-li X4 kitabından görünür ki, İddiaçı 01.10.2018-ci il tarixdə 193 №-li əmrlə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinə növbətçi (nəzarət buraxılış bürosu) vəzifəsinə işə qəbul olunmuşdur. - İddiaçı məxsus 138363 №-li əmək kitabşasının surətindən görünür ki, İddiaçı 26.09.2018-ci il tarixdə, N №-li əmrlə N saylı hərbi hissəyə dövlət sirrinin mühafizəsi üzrə bölməsində 3-cü tarif dərəcəsinə müvafiq növbətçi (nəzarət buraxılış bürosu üzrə) vəzifəsinə işə qəbul edilmişdir; İddiaçı 09.10.2018-ci il tarixdə, 299 №-li əmrlə Əmək Məcəlləsinin 50-ci maddəsinə müvafiq olaraq dövlət sirrinin mühafizəsi üzrə bölməsinə 3cü tarif dərəcəsinə müvafiq olaraq mühafizəçi vəzifəsinə keçirilmişdir; İddiaçı 12.05.2020ci il tarixdə, 73 №-li əmrlə ştat dəyişikliyi ilə əlaqədar olaraq gözətçi mühafizəçi bölməsinin 3-cü dərəcəli mühafizəçisi vəzifəsinə keçirilmişdir; İddiaçı 01.09.2020-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən əmək müqaviləsinə xitam verilmişdir. - Azərbaycan Beynəlxalq Bankı Sabunçu Filialının 10.06.2021-ci il tarixdə verdiyi İddiaçı məxsus hesabdan çıxarışdan görünür ki, İddiaçı hesabına 01.10.2020-ci il tarixdə 494 manat ödənilmişdir. - N saylı hərbi hissənin verdiyi 10.06.2021-ci il tarixli arayışdan görünür ki, 494,60 manat məbləğində əmək haqqı 30 sentyabr 2020-ci il tarixində bank vasitəsilə İddiaçı plastik kart hesabına köçürülmüşdür. - N nömrəli hərbi hissənin gözətçi mühafizəçi bölməsində yaranmış çatışmazlıqların araşdırılması barədə 31.08.2020-ci il tarixli, 2913 №-li aktdan görünür ki, gözətçi mühafizə bölməsinin rəisi mülki işçi X17 tutduğu vəzifəyə uyğun deyil, bölmədə mübahisələrin aradan qaldırılması və sağlam iş prosesinin formalaşması üçün digər mühafizəçilər və mülki işçilər X7, İddiaçı,X19, X13 tutduqları vəzifələrdən azad olunmaları, digər vəzifələrə təyin olunması barədə təkliflər edilərək razılaşdıqlarıtəqdirdə vəzifələrə təyin olunmaları barədə komissiya tərəfindən təklif edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi ilə bağlanılmış 12.05.2020-ci il tarixli, 508 nömrəli əmək müqaviləsinə əsasən "Gözətçi mühafizəsi bölməsi"nə "Mühafizəçi" vəzifəsinə qəbul olunmuşdur. Əmək müqaviləsi 05.01.2021-ci il tarixinədək, 7 (yeddi) ay müddətinə bağlanılmışdır. Aylıq əmək haqqı 271 manat təşkil etmişdir. Hərbi Hissənin rəhbərliyi tərəfindən 01.09.2020-ci il tarixli, 148 nömrəli əmr əsasında əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə istinad edilərək, yəni tərəflərdən birinin təşəbbüsü ilə xitam verilmişdir. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə 25.09.2020-ci il tarixdə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5889/2020 saylı, 29.09.2020-ci il tarixli qərardadı ilə iddiaçının cavabdehə qarşı iddia tələbinə dair 25.09.2020-ci il tarixdə məhkəməyə daxil olmuş iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin qəbul edilməsindən imtina edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsində göstərilən əmək müqavilələrinə xitam verilməsinin əsaslarından biri də əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsidir. Əmək Məcəlləsinin 70-ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən hansı hallarda ləğv edilə bilməsi göstərilmişdir. Bu Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. Bu Məcəllənin 84-cü maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin Məcəllənin 296-cı maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə iddia tələbinin məcburi işburaxma müddətində əmək haqqını hesablanması hissəsi ilə bağlı qeyd edir ki, AR Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Əmək qanunvericiliyinə görə bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, işəgötürən, yəni cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsi Əmək Məcəlləsinin 68 və 70-ci maddələrində nəzərdə tutulmuş əmək müqaviləsinin ləğv edilməsi əsaslarını diqqətə almadan, həmin Məcəllənin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, İddiaçı ilə əmək münasibətlərinə xitam verdiyindən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsindən işdən azad edilməsi ilə bağlı cavabdeh N saylı Hərbi Hissəsinin komandirinin 01.09.2020-ci il tarixli, 148 saylı əmri ləğv edilməli, İddiaçı məcburi iş buraxma müddəti üçün, yəni, 01.09.2020-ci ildən 05.01.2021-ci il tarixədək əmək haqqı ödənilməklə əvvəlki iş yeri olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsində əvvəlki gözətçi işinə bərpa edilməlidir. Məhkəmə, eyni zamanda hesab edir ki, cavabdehin iddiaçı tərəfindən hazırki tələbi irəli sürmək üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməsinə dair vəsatəti əsassızdır, çünki iş materialları ilə iddiaçının 01.09.2020-ci il tarixli sözügedən əmrin ləğvi və sair iddia ilə 25.09.2020-ci ildə məhkəməyə müraciət etməsi təsdiq olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 333 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinin 01.09.2020-ci il tarixli, 148 saylı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmri ləğv edilsin. İddiaçı N saylı Hərbi Hissəsinin "Gözətçi mühafizəsi bölməsi"nə "Mühafizəçi" vəzifəsinə işə bərpa edilsin. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsi tərəfindən 01.09.2020-ci ildən 05.01.2021-ci il tarixinədək məcburi iş buraxma müddəti üçün əmək haqqı İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-4411/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4411/2021
01.07.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver