Məhkəmə qərarları › İş №2(060)-442/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-442/2023

06.03.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-442/2023 06.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə 06 mart 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı övladları ilə yəni, 11 noyabr 2017-ci il təvəllüdlü X4 və 16 dekabr 2018-ci il təvəllüdlü X5 ilə birlikdə ünvan 1 ünvanına köçürülməkləri və mediasiya xərcinin əvəzi olaraq 25 (iyirmi beş) manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 14 may 2018-ci ildə rəsmi dövlət nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Rəsmi nikahlarından 11 noyabr 2017-ci il təvəllüdlü X4 və 16 dekabr 2018-ci il təvəllüdlü X5 anadan olmuşdur. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-5327/2020 saylı qətnaməsi ilə iddia tələb təmin edilmiş, 14 may 2018-ci ildə qeydə alınmış rəsmi nikahlarına xitam verilmiş, birgə nikahdan anadan olmuş hər 2 övladının onun yanında saxlanması qət edilmişdir. Cavabdeh onu gəlin gəldiyi Sumqayıt şəhəri, 47-ci məhəllə ünvanında yerləşən 12 saylı evin, 20-ci mənzilindən məcburi çıxarmışdır. Sözügedən ev cavabdeh və onun ailə üzvünə məcburi köçkün kimi verilmişdir. Mənzil 4 otaqdan ibarətdir. Mənzilin 1 otağında 2016-cı ilin dekabr ayından 2020-ci ilin iyun ayına qədər yaşamışdır. Münasibətləri korlanandan sonra cavabdeh onun həmin mənzildə yaşamağına imkan verməmişdir. Dəfələrlə azyaşlı övladları ilə birlikdə həmin ünvana qayıdıb orada yaşamaq istəsə də, cavabdeh buna mane olmuşdur. O, azyaşlı 2 övladı ilə gəlin köçdüyü Sumqayıt şəhəri, 47-ci məhəllə ünvanında yerləşən 12 saylı evin, 20 saylı mənzilinə köçürülərək orada yaşamaq istəyir. Onun digər bir yerdə yaşayış yeri yoxdur. Sumqayıt şəhəri, 24 nömrəli tam orta məktəbin ərazisində yerləşən kiçik bir daxmada şəraitsiz vəziyyətdə azyaşlı övladları ilə birlikdə yaşayır. Qeyd edir ki, mediasiya prosesi zamanı cavabdehlə barışıq əldə edilməmişdir. Hesab edir ki, onun, azyaşlı övladları ilə yəni, 11 noyabr 2017-ci il təvəllüdlü X4 və 16 dekabr 2018-ci il təvəllüdlü X6 ilə birlikdə ünvan 1 ünvanına köçürülməyi və mediasiya xərcinin əvəzi olaraq 25 (iyirmi beş) manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinə dair izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdehlə ailə qurmuş və 2016-cı ildə həmin mənzilə köçərək orada yaşamağa başlamışdır. Həmin ev cavabdehə məcburi köçkün olması ilə əlaqədar verilmişdir. İki uşağı var, hazırda uşaqlaır ilə birlikdə daxmada yaşayır. Həmin yerin də şəraiti çox pisdir, belə ki, işıq və su sistemi demək olar ki, yoxdur. Maddi imkansızlığı ilə əlaqədar yaşamaq üçün kirayə ev tuta bilmir. Hazırda uşaqları ilə yaşamaq üçün bir otaq istəyir. Ona görə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Mübahisəli mənzil məcburi köçkün olduğundan ona dövlət tərəfindən verilməmişdir, onlar özü həmin mənzildə məskunlaşmışdır. Qonşularından bəziləri evlərinə dair çıxarış ala bilmişdirlər. Hazırda həmin evdə tək özü yox, anası və qardaşı da yaşayır. Əslində elə qərar vermək lazımdır ki, uşaqları üçün yaxşı olsun. Lakin iddiaçı ilə onun bir evdə yaşaması mümkün deyil, bu müəyyən problemlər yaradacaqdır. Qeyd edilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: Tərəflərin birgə nikahından 16 dekabr 2018-ci il təvəllüdlü X5 və 11 noyabr 2017-ci il təvəllüdlü X4 anadan olmuşdur (AZ-İV 259356 və AZ İV 059394 nömrəli doğum haqqında şəhadətnamələrin surətinə əsasən). İş materiallarında olan Sumqayıt şəhər İH-nin MKTİB-nin 20 saylı MKS-in 935 nömrəli, xx.xx.2022 saylı arayışından görünür ki, İddiaçı övladları 16 dekabr 2018-ci il təvəllüdlü X5 və 11 noyabr 2017-ci il təvəllüdlü X4 ilə birlikdə ünvan 2 ünvanında 2016-cı ilin dekabırndan 2020-ci ilin iyun ayına kimi yaşamışdır. İşdə olan Sumqayıt şəhəri, Təhsil Şöbəsi 24 nömrəli tam orta məktəb tərəfindən verilmiş 173 saylı, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X2 övladları 16 dekabr 2018-ci il təvəllüdlü X5 və 11 noyabr 2017-ci il təvəllüdlü X4 ilə birlikdə Sumqayıt şəhəri, 24 nömrəli tam orta məktəbin ərazisində məskunlaşıblar. İşdə olan xx.xx.2022-ci il tarixli 01/892 nömrəli arayışdan görünür ki, İddiaçı məcburi köçkündür. İşdə olan mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ilkin məcburi mediasiya sessiyası üçün 50 (əlli) manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5327/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə X2 ilə Cavabdeh arasında 14 may 2018-ci il tarixdə Sumqayıt Asan Xidmət X1 bağlanmış 1164 nömrəli nikah pozulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-ci il tarixli, 23-21-3-31/2-165/2023 nömrəli məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən 20 saylı mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İddiaçı Cavabdeh ilə öncə faktiki, xx.xx.2018-ci tarixdə rəsmi nikaha daxil olmuşdur. İddiaçı 2016-cı ilin dekabr ayında ünvan 3 ünvanında yerləşən 20 saylı mənzilə köçmüş və 2020-ci ilin iyun ayına kimi həmin ünvanda yaşamış, sonradan iddiaçı məcburi şəkildə mübahisəli mənzildən çıxarılmışdır. Tərəflər arasında nikah isə xx.xx.2020-ci il tarixdə rəsmi qaydada pozulmuşdur. Qeyd edilən hallar tərəflərin izahatları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mənzil Məcəlləsinin 8-ci maddəsində mənzil hüquq və vəzifələrinin əmələ gəlməsinin əsasları müəyyən edilərək göstərilir ki, mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; mənzil-tikinti kooperativində üzvlük; mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi. Mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43-cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur. Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmasının, yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür. Mənzil Məcəlləsinin 3-cü maddəsinə görə mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Bu cür müdafiə üsulları kimi Mənzil Məcəlləsinin 9.2.1-ci maddəsində mənzil hüququnun tanınması, 9.2.2-ci maddəsində mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması müəyyən edilmişdir. Yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış evinə köçürülməsi barədə iddialara baxılarkən, istifadə hüququnun tanınması və ya köçürülməsi tələb olunan yaşayış sahəsinin hüquqi statusu, yəni kimə məxsus olması mütləq müəyyən olunmalıdır. Çünki, mənzil fondu Məcəllədə özəl mənzil fondu, dövlət mənzil fondu və bələdiyyə mənzil fondu kimi təsnifatlaşdırılmışdır və onların hüquqi rejiminin tənzimlənməsində fərqli cəhətlər vardır. Mənzilin hüquqi statusunun müəyyən olunması bir tərəfdən mübahisə tərəflərinin düzgün müəyyənləşdirilməsi, bununla da prosessual hüquq normalarına əməl olunması baxımından əhəmiyyətlidirsə, digər tərəfdən mübahisənin həlli üçün maddi hüquq normasının düzgün seçilməsi nöqteyi-nəzərindən zəruridir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli yaşayış sahəsi mülkiyyətdə deyil, yəni özəl mənzil fondu, dövlət mənzil fondu və ya bələdiyyə mənzil fonduna aid olmayan yaşayış sahəsidir və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ, eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə, başqa şəxslərin hüquq və azadlıqlarını pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Bu səbəbdən də, məhkəmə, ədalət mühakiməsinin səmərəliliyinin təmin etmək məqsədilə mülki mübahisənin həlli zamanı formal mülahizədən çıxış etməməli, öz səlahiyyətləri çərçivəsində Konstitusiyanın və sahəvi qanunların müvafiq maddələrinə, həmçinin həmin aktlarda əks olunmuş prinsiplərə istinad etməlidir. Nəzərə alınmalıdır ki, mülki hüquq münasibətlərini tənzimləyən konkret hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas kimi çıxış edə bilməz. Çünki, belə bir imtina ədalət mühakiməsindən imtina kimi hesab olunaraq, hüququn real tənzimləmə qabiliyyətini heçə endirə bilər. Bu baxımdan, qanunverici belə hallarda ədalət mühakiməsinin səmərəliliyinin təmini vasitəsi kimi mülki qanunvericiliyin analogiya üzrə tətbiqini müəyyən etmişdir. Analogiya hüquqda hüquqi cəhətdən nizamlanması mühüm olan ictimai münasibətlərə oxşar münasibətləri nizama salan hüquq normalarının (qanunun analogiyası), bu cür normalar olmadıqda isə müvafiq hüquq sahəsinin, yaxud hüquq institutunun ümumi prinsiplərinin tətbiqini (hüququn analogiyası) nəzərdə tutur. Bu səbəbdən məhkəmə hesab edir ki, qanunun analogiyasından istifadə edilməlidir. Analogiyadan istifadəni nəzərdə tutan «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsində deyilir ki, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Qanunun analogiyası dedikdə - konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsi başa düşülür (Qanunun 1.0.10-cu maddəsi). Bu baxımdan məhkəmə hesab edir ki, hazırki münasibətlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68-ci maddəsi tətbiq edilməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birlikdə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddirlər. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsində deyilir ki, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. İddiaçı hüquqi vəziyyətinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış ünvan 1 ünvanında yaşamış, sonradan yaranmış vəziyyətlə əlaqədar evdən çıxmaq məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, hazırda başqa yerdə mənzil tələbatını ödəməyə imkanı olmayan iddiaçının həmin evə köçürülməsi tələbinin təmin edilməməsi qanunvericiliyə və ədalət prinsipinə uyğun olmazdı. Belə ki, cavabdehin mübahisəli evə mülkiyyət hüququnu təsdiq edən sənədi olmadığı halda o, digər tərəfi evdən istifadə etməkdən məhrum etmişdir. Halbuki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində hansısa şəxsin adına qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər kimi mövcuddur və mənzil ehtiyacını qarşılayan tikilidir. Tərəflərin hər hansı birinin həmin evə münasibətdə əşya hüququ yoxdur. İddiaçının faktiki ailə münasibətləri çərçivəsində birgə təsərrüfat apararaq orada yaşamasına görə həmin evə iqtisadi marağı yaranmışdır. Belə olan halda, tərəflərin yaşadıqları evdən yararlanmaları, yəni həmin evə münasibətdə maraqları eyni olmuşdur. Həmin evdən çıxarılmış iddiaçının mənzil şəraitində yaşama ehtiyacını təmin edəcək başqa yaşayış sahəsi isə mövcud deyil. İddiaçı mübahisəli evdə yaşayaraq bir iqtisadi dəyər kimi ondan yararlandığına görə, bərabərlik prinsipinə uyğun olaraq cavabdehlə eyni imkana, yəni həmin evdə yaşamaq hüququna malik olmalıdır. Başqa sözlə, iddiaçının faktiki vəziyyətə uyğun olaraq, evdən cavabdehlə birlikdə yararlanmaq, yəni orada yaşamaq hüququ vardır. Əks yanaşma, bərabərlik prinisipinin pozulmasına, yəni evə münasibətdə eyni hüquqi vəziyyətdə olan şəxslərə fərqli münasibət göstərilməsi ilə nəticələnə bilər. Odur ki, iddiaçının yaşaması üçün mübahisəli fərdi yaşayış evinə köçürülməsi əsaslıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, İddiaçı azyaşlı övladları ilə yəni, 11 noyabr 2017-ci il təvəllüdlü X4 və 16 dekabr 2018-ci il təvəllüdlü X5 ilə birlikdə ünvan 1 ünvanına köçürülməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin yarısı - 25 manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı azyaşlı övladları ilə yəni, 11 noyabr 2017-ci il təvəllüdlü X4 və 16 dekabr 2018-ci il təvəllüdlü X5 ilə birlikdə ünvan 1 ünvanına köçürülsün. Cavabdeh 25 (iyirmi beş) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayətiverilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar