Məhkəmə qərarları › İş №2(060)-442/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-442/2024

14.03.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-442/2024 14.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı Sumqayıt Bələdiyyəsinin nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Sumqayıt Bələdiyyəsinin Cavabdeh qarşı "torpaq icarə haqqı borcunun ödənilməsi, torpaq sahəsinin boşaldılaraq geri qaytarılması tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Sumqayıt Bələdiyyəsi Cavabdeh qarşı "torpaq icarə haqqı borcunun ödənilməsi, torpaq sahəsinin boşaldılaraq geri qaytarılması tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 27 fevral 2008-ci il tarixli seriya MH № ******* saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən Sumqayıt şəhəri, Bakı-Quba yolunun kənarında yerləşən sahəsi 6000 kvadrat metr olan torpaq sahəsi istifadə hüququnda, həmin torpaq sahəsində yerləşən 397.18 kvadrat metr sahəsi olan əmlak kompleksi (məişət və iaşə xidməti) Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirilmişdir. Həmin torpaq sahəsinə dair Sumqayıt Bələdiyyəsi ilə Cavabdeh arasında 09 fevral 2015-ci il tarixli, 34 saylı torpaq icarə müqaviləsi bağlanılmış və müqavilənin qüvvədə olma müddəti 31 dekabr 2019-cu il tarixədək müəyyən edilmişdir. Adı çəkilən torpaq icarə müqaviləsinin şərtlərinə əsasən icarəyə verilmiş torpaq sahəsinin 1 kvadrat metrinin illik icarə haqqı 0,272 qəpik olmaqla, torpağın illik icarəsinin ümumi haqqı 1636 manat, 2017-ci ildən isə 2760 manat təşkil etmişdir. Lakin Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi şəkildə icra etməmişdir ki, bunun da nəticəsində onun torpaqdan istifadəyə görə torpaq icarə müqaviləsi üzrə Sumqayıt Bələdiyyəsinə 22.592 manat əsas, 7139,52 dəbbə (faiz) borcu olmaqla,ümumilikdə 29.731,52 manat məbləğində icarə haqqı borcu yaranmışdır. Tərəflərindən borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə xəbərdarlıqlar edilsə də, cavabdeh bələdiyyənin tələblərinə məhəl qoymayaraq özünün müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Eyni zamanda, qeyd edilən torpaq icarə müqaviləsinin müddəti 31 dekabr 2019-cu il tarixdə başa çatdıqdan sonra cavabdeh tərəfindən icarə münasibətlərinin davam etdirilməsindən imtina olunmuşdur. Belə ki, cavabdeh ona ünvanlanmış yeni torpaq icarə müqaviləsini imzalamaqdan imtina etmişdir ki, cavabdehin bu hərəkəti torpağın mülkiyyətçisi olaraq Sumqayıt Bələdiyyəsinin maraqlarını və qanuni mənafeyini pozmuşdur. Sumqayıt Bələdiyyəsi tərəfindən yeni icarə müqaviləsinin bağlanılması ilə əlaqədar cavabdehə dəfələrlə təklif göndərilərək borcun ödənilməsi və yeni icarə müqaviləsinin bağlanılması ilə bağlı xəbərdarlıqlar edilsə də, Cavabdeh tərəfindən bu günədək icarə münasibətlərinin davam etdirilməsi istiqamətində hər hansı addım atılmamışdır. Belə olan halda icarə müqaviləsinin müddəti başa çatdığından və cavabdeh icarə münasibətlərinin davam etdirilməsində maraqlı olmadığından, Sumqayıt Bələdiyyəsi mübahisələndirilən torpaq sahəsinin geri qaytarılması üçün qanunamüvafiq tədbirlər görmək məcburiyyətində qalmışdır. Belə ki, Cavabdeh icarəsinə verilmiş torpaq sahəsindən 2019-cu ilin 31 dekabrından sonra qeyri-qanuni istifadə etməkdədir. Buna baxmayaraq, cavabdeh icarə müddəti başa çatmış torpaq sahəsini boşaldaraq bələdiyyəyə geri qaytarmamışdır. Tərəflərindən cavabdehə xx.xx.2023-cü il tarixli, 2960 saylı yazılı xəbərdarlıqla müraciət olunaraq yaranmış mübahisənin məhkəməyəqədər həlli qaydasında nizama salınması və icarə haqqı borcunun ödənilməsi, torpağın boşaldılaraq bələdiyyəyə qaytarılması təklif olunsa da, cavabdeh mübahisənin həlli ilə bağlı hər hansı addım atmamışdır. Bütün bu sadalananlar Sumqayıt Bələdiyyəsini torpaq üzərində mülkiyyət hüququnun qorunması, pozulmuş hüquqlarının bərpası və cavabdeh tərəfindən yol verilmiş yuxarıda göstərilən qanunsuzluqların aradan qaldırılması üçün məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qoymuşdur. Göstərilənlərə əsasən Sumqayıt şəhəri, Bakı-Quba yolunun kənarında yerləşən Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olan və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə Cavabdeh icarəsinə verilmiş sahəsi 6000 kvadrat metr olan torpaq sahəsindən istifadəyə görə Sumqayıt Bələdiyyəsinə yaranmış 22.592 manat əsas, 7139,52 manat dəbbə (faiz) borcu olmaqla, ümumilikdə 29.731,52 manat məbləğində icarə haqqı borcunun Cavabdeh Sumqayıt Bələdiyyəsinin xeyrinə tutulması, sözügedən torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılması və həmin torpaq sahəsində inşa olunmuş tikililərin cavabdehin hesabına sökülməsi, torpağın cavabdehin hesabına əvvəlki vəziyyətinə qaytarılaraq Sumqayıt Bələdiyyəsinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iddiaçı Sumqayıt Bələdiyyəsinin nümayəndəsi Nümayəndə izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək bildirmişdir ki, tərəflər arasında xx.xx.2015-ci il tarixdə torpaq icarə müqaviləsi imzalanmış və müqavilənin bitmə müddəti xx.xx.2019-cu il göstərilmişdir. Göründüyü kimi iddiaçı torpaq icarə haqqının ödənilməsi ilə bağlı tələbində qanunvericilikdə nəzərdə tutulan 3 illik iddia müddətini ötürmüşdür. Belə ki, 31 dekabr 2019-cu il tarixdə iddiaçı ilə aralarında bağlanmış müqavilənin müddəti başa çatmış, bununla bağlı tərəflər arasında hər hansı yeni müqavilə imzalanmamış və ya cavabdeh tərəfindən hər hansı məbləğdə ödəniş edilməmişdir. Bundan əlavə qeyd olunan torpaq sahəsinə dair yeni icarə müqaviləsi bağlanması, əvvəlki icarə müqaviləsi üzrə icarə haqqının ödənilməsi və həmin torpaq sahəsindən çıxmağı ilə bağlı ona rəsmi qaydada heç bir bildiriş göndərilməmişdir. Həmin torpaq sahəsi üzərində olan əmlak artıq cavabdehin mülkiyyətində deyildir və təxminən iki il qabaq satılmışdır. İş materiallarına əlavə edilmiş icarə müqaviləsindən də görünür ki, sözügedən torpağa dair illik icarə müqaviləsi 1636 manat təşkil edir. Lakin, nədənsə iddia tələbində 2017-ci ildən torpağın illik icarəsi 2760 manat olması qeyd olunur. Sonuncu rəqəmin haradan götürülməsi və hansı müqavilə əsasında müəyyən edilməsi ilə bağlı iş materiallarında hər hansı sənəd yoxdur. Eyni zamanda 7139,52 manat dəbbə pulunun və nəticə olaraq 29731,52 manat ümumi icarə haqqı borcunun haradan və hansı hesablamalarla yaranması kifayət qədər əsaslandırılmamışdır. Qeyd edir ki, xx.xx.2015-ci il tarixli icarə müqaviləsinin özündə də müqavilənin müddəti bitdikdən sonra onun müddətinin artırılması və öhdəliklərin icrası ilə bağlı hər hansı qeyd yoxdur. Belə olan halda müqavilənin qüvvədə olmadığı müddət ərzində cavabdehdən hər hansı pul məbləğinin tələb olunması qanunsuzdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Bakı-Quba yolunun kənarında istifadədə olan 0,60 ha torpaq sahəsində yerləşən 397,18 kv.m ümumi, 201,01 kv.m əsas sahədən ibarət əmlak kompleksi (məişət və iaşə xidməti) tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2008-ci il tarixdə 1 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmışdır.

7. İş materiallarında olan Sumqayıt Bələdiyyəsi ilə Cavabdeh arasında xx.xx.2015ci ildə bağlanmış torpaq icarə müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt Bələdiyyəsi (icarəyə verən) Sumqayıt şəhəri, Bakı-Quba yolunun kənarındakı ümumi sahəsi 6000 kv.m olan torpaq sahəsini xx.xx.2019-cu il tarixədək 1 kv.m.(ha) sahə üçün illik icarə haqqı 0,272 manat olmaqla, müqavilə üzrə illik 1636 manat ödəməklə Cavabdeh (icarəçi) icarəyə verməyi, icarəçi də eyni zamanda göstərilən müddət ərzində həmin torpaq sahəsindən istifadə etməklə icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür.

8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin məhkəmə sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi idarəsində mövcud arxiv materiallarına əsasən Sumqayıt şəhəri, Bakı-Quba yolunun kənarında 0,60 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 397,18 kv.m olan əmlak kompleksi kimi müəssisə xx.xx.2006-cı il tarixində X2 adına qeydiyyata alınmış, lakin xx.xx.2008-ci il tarixli 4Ə-78 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında sözügedən daşınmaz əmlak xx.xx.2008-ci il tarixində Cavabdeh adına özgəninkiləşdirilmişdir. Sonradan xx.xx.2022-ci il tarixli, 4Ə-548 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən həmin daşınmaz əmlak xx.xx.2022-ci il tarixində X1 adına qeydiyyata alınmışdır. Sumqayıt şəhəri, Bakı-Quba yolunun kənarındakı ümumi sahəsi 397,18 kv.m olan əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0,60 ha torpaq sahəsi isə dövlət mülkiyyətindədir.

b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili iddia ərizəsinə qarşı etiraz ərizəsi təqdim etmiş və verilmiş iddianın iddia müddətinin ötürülməsi ilə əlaqədar rədd edilməsini xahiş etmişdir.

10. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, «iddia müddəti pozulmuş hüququn müdafıəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafıq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir».

11. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarını nəzərə alaraq hesab edir ki, iddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin nümayəndəsinin və vəkilinin dəlillərinə hüquqi qiymət verməmişdən əvvəl irəli sürülmüş iddia tələbinə hüquqi qiymət verilməlidir.

12. Məhkəmə işin hallarını araşdıraraq hesab edir ki, məsələnin qanuni həlli üçün ilk öncə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələsi müəyyən edilməlidir.

13. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz.

15. Göründüyü kimi iddiaçının subyektiv hüquqa malik olmadığı halda hazırki iddia tələblərini irəli sürməsi tələblərinin əsassız olduğuna dəlalət edir.

16. Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi mübahisə predmeti olan Bakı-Quba yolunun kənarındakı ümumi sahəsi 397,18 kv.m olan əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0,60 ha torpaq sahəsi dövlət mülkiyyətindədir. Bu baxımdan məhkəmə araşdırılan mübahisə ilə bağlı iddiaçının hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək hüququ yoxdur.

17. Məhkəmə cavabdehin nümayəndəsinin və vəkilinin iddia müddətinin ötürülməsi ilə əlaqədar iddianın rədd edilməsinə dair dəlillərinə qiymət verərək aşağıdakıları qeyd edir.

18. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 (üç) il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti 6 (altı) il müəyyən edilmişdir.

19. Mülki Məcəllənin öhdəliklərin xitamı üçün müddətlər adlanan 551-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: - kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər; - ərzaq məhsulları, qida və içki satışı və ya gələnlərə yaşayış yeri verilməsi üzrə tələblər; - zavod tikintisi, mallar satışı, daşımalar üzrə tələblər, sərbəst peşə adamlarının (məsələn, həkimlərin, vəkillərin və ya məsləhətçilərin) tələbləri, habelə işçilərin əmək münasibətləri üzrə tələbləri; - məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir.

20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilsin.

21. Məhkəmə qeyd edir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

22. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir.Belə ki,potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

23. Konstitusiya Məhkəməsinin qərarlarında formalaşan hüquqi mövqeyə görə şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.

24. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı qanunda nəzərdə tutulmuş müddət ərzində məhkəməyə müraciət etmişdir. Bununla da məhkəmə iddia müddətinin ötürülməsi əsası ilə iddianın rədd edilməsinə dair cavabdehin nümayəndəsi və vəkilinin dəlillərini tam əsassız hesab edir.

25. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Sumqayıt Bələdiyyəsinin Cavabdeh qarşı "torpaq icarə haqqı borcunun ödənilməsi, torpaq sahəsinin boşaldılaraq geri qaytarılması tələbi"nə dair iddia tələbi rədd edilməlidir.

26. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

28. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

29. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

32. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Sumqayıt Bələdiyyəsinin Cavabdeh qarşı "torpaq icarə haqqı borcunun ödənilməsi, torpaq sahəsinin boşaldılaraq geri qaytarılması tələbi"nə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar