Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4453/2020 13.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, “Asfaltzavod və Körpü” ərazisi üzrə məhəllə komitəsinin ərazisində yerləşən fərdi yaşayış evində yaşayan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 Sumqayıt şəhəri, “Asfaltzavod” və “Körpü” ərazisində yerləşən fərdi evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Sumqayıt şəhəri, “Asfaltzavod” və “Körpü” ərazisində yerləşən fərdi yaşayış evini 2003-cü ildə tikmişdir. Əmlak üzərində hüquqları daşınmaz əmlakın dövlər reyestrində qeydiyyata alınmasa da, həmin ev faktiki mülkiyyət hüququ əsasında ona məxsusdur. Cavabdehlərdən Cavabdeh1 iddiaçının qardaşıdır, digərləri isə onun ailə üzvləridir. Onlar Füzuli rayonundan məcburi köçkündürlər. Evi tikdikdən sonra qardaşına öz ailə üzvləri ilə birlikdə həmin evdə müvəqqəti məskunlaşmağa icazə vermişdir. Hazırda cavabdehlərlə qohumluq münasibətləri tamamilə pozulmuş, cavabdehlər tərəfindən ona və ailəsinə qarşı böyük sayqısızlıq edilmişdir. Dəfələrlə cavabdehlərə ona məxsus evi könüllü şəkildə boşaltmaları barədə xəbərdarlıq etsə də,onlar məcburi küçkün statuslarının olduğunu, məcburi köçkünü heç kimin məskunlaşdığı yerdən çıxara bilməyəcəyini qeyd edərək, evi boşaltmaqdan imtina etmişlər. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddiasının təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırki mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul edərək bildirdi ki, Füzuli rayonundan məcburi köçkündür və ailəsi ilə birlikdə qardaşının evinə məskunlaşmışdır. Həmin evdən çıxmağa razıdır, lakin qalmağa yeri yoxdur. Bu ev həqiqətən də iddiaçı tərəfindən tikilmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsi “Asfaltzavod” və “Körpü” üzrə Məhəllə Komitəsinin 418 saylı xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Rüstəmli X2 şəhəri, “Asfaltzavod” və “Körpü” ərazisində yerləşən fərdi yaşayış evində Füzuli rayonundan məcburi köçkün olaraq məskunlaşmışlar. - xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsi “Asfaltzavod” və “Körpü” üzrə Məhəllə Komitəsinin iddiaçının nümayəndəsinə göndərdiyi məktubdan görünür ki, Sumqayıt şəhəri, “Asfaltzavod” və “Körpü” ərazisi üzrə məhəllə komitəsinin ərazisində yerləşən, 2 mərtəbəli 2-ci mərtəbədə 4 otaq, 1-ci mərtəbədə 3 otaqlı ev, 2005-ci ildə İddiaçı tərəfindən (qonşuların dediyinə əsasən) tikilmişdir. İddiaçının qardaşı məcburi köçkün Cavabdeh1 Məmmədəli oğlu isə 2008-ci ildən həmin evdə ailəsi ilə birlikdə yaşayır. - xx.xx.2020-ci il tarixdə cavabdehlərin hər birinin imzaladığı ərizədən görünür ki, cavabdehlər Sumqayıt şəhəri, “Asfaltzavod” və “Körpü” ərazisində yerləşən fərdi yaşayış evindən çıxmağa razıdırlar. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Sumqayıt şəhəri, “Asfaltzavod” və “Körpü” ərazisində yerləşən fərdi yaşayış evini 2003-cü ildə tikmişdir. Əmlak üzərində hüquqları daşınmaz əmlakın dövlər reyestrində qeydiyyata alınmasa da, həmin ev faktiki mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Cavabdehlərdən Cavabdeh1 iddiaçının qardaşıdır, digərləri isə onun ailə üzvləridir. Onlar Füzuli rayonundan məcburi köçkündürlər. Evi tikdikdən sonra qardaşına öz ailə üzvləri ilə birlikdə həmin evdə müvəqqəti məskunlaşmağa icazə vermişdir. Hazırda cavabdehlərlə qohumluq münasibətləri tamamilə pozulmuşdur. Cavabdehlər də evdən çıxmağa razıdırlar. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.Həmin maddənin İV hissəsinə görə də heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən “Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir”. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır..Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı işi üzrə qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər.1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla nəzərə alır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. Hazırki, mübahisəyə münasibətdə isə məhkəmə qeyd edir ki, məcburi köçkün statusuna malik olan şəxslərin iddiaçıya məxsus mənzili 25 ildən artıq müddət ərzində zəbt etməsi və zəbt etmə faktının qeyri-müəyyən müddətədək davam edə bilməsi ehtimalı ictimai maraq tələbləri ilə ayrı-ayrı şəxslərin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığın pozulmasına dəlalət edir. Cavabdehlərin qanunsuz müdaxiləsi nəticəsində iddiaçı onun mülkiyyətində olan mənzilin üzərində olan sərəncam, sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur. İş materiallarından görünür ki, mübahisəli mənzil cavabdehlər tərəfindən zəbt edilmişdir. xx xxxx 1999-cu il tarixli “Qaçqınların və Məcburi Köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən qaçqın və məcburi köçkünün müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən “Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir (Nazirlər Kabineti, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətləri orqanları öz səlahiyyətləri daxilində). Məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər”. Cavabdehlərin mübahisəli mənzildə Füzuli rayonundan məcburi köçkün kimi məskunlaşması iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 200 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Məcburi Köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydası”na əsasən məcburi köçkünlərin köçürülməsi, onların məskunlaşdığı şəhər və rayon İH orqanlarının təşkil etdiyi komissiya tərəfindən həyata keçirilir. Müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüquqlarını pozduqda onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar. Məhkəmə hesab edir ki, iş üzrə cavabdehlər mübahisəli mənzildə heç bir əsas olmadan yaşadığından, eyni zamanda məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq, cavabdehlərin iddianı etiraf etmələri məhkəmə tərəfindən qəbul olunmalı və iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Rüstəmli X2 şəhəri, “Asfaltzavod” və “Körpü” ərazisində yerləşən fərdi yaşayış evindən çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-4453/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4453/2020
13.11.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver