Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4471/2023 14.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı2, Cavabdeh1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə məcburi köçürülmə tələbinə dair iddiası üzrə mülki işə 14 avqust 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə məcburi köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1, İddiaçı3, İddiaçı2 və onun ailə üzvləri X7 və azyaşlı övladları 24 may 2013-cü il təvəllüdlü X33 oğlu və 2018-ci il təvəllüdlü X26 ilə birlikdə Sumqayıt şəhəri, 47-ci məhəllə ünvanında yerləşən, 14 saylı evin, 3-cü mənzilinə məcburi köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 47-ci məhəllə ünvanında yerləşən, 14 saylı evin, 3-cü mənzili mülkiyyət hüququ ilə ona yəni, İddiaçı1 məxsusdur. Bunu onun adına (İddiaçı1) verilmiş xx.xx.2009cu il tarixli, MA Seriyalı ******* N-li Çıxarış təsdiq edir. İddiaçı2 onun oğlu, İddiaçı3 isə qızıdır. Mülkiyyətçisi olduğu mənzildə Qubadlı rayonundan məcburi köçkün olan X17 və onun ailə üzvləri məskunlaşmışdır. Sumqayıt şəhər Məhkəməsinın 02 iyul 2010-cu il tarixli, 2(060)-1820/2010 saylı qətnaməsi ilə Qubadlı rayonundan məcburi köçkün olan X10 və onun ailə üzvlərinin onun yəni, İddiaçı1 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 14, mənzil 3-dən çıxarılması qət edilmişdir. Cavabdehlərdən Cavabdeh1 X10 nəvəsi, Cavabdeh2 nəvəsinin həyat yoldaşı və 2006-cı il təvəllüdlü X23 isə nəticəsidir. X17 vəfat etmişdir. Cavabdehlər mülkiyyətində olan mənzildə sonradan məskunlaşmışlar. X10 oğlu X24 mülkiyyətində ayrıca mənzil olduğundan mülkiyyətçisi olduğu mənzili tərk etmişdir. Əvəzində isə cavabdehləri qeyri-qanuni olaraq xüsusi mülkiyyətində olan mənzilə köçürmüşdür. Cavabdehlər onların sözügedən ünvanda yaşamaqlarına imkan vermir. Onlar sözügedən mənzildə pasport qeydiyyatındadırlar. Onların digər bir yerdə yaşayış yerləri yoxdur. İllərdir ki, kirayədə yaşayırlar. Artıq cana doymuşdurlar. Maddi imkanları yoxdur ki, kirayədə yaşasınlar. Özü də birinci dərəcəli müddətsiz əlildir. Mülkiyyətçisi olduğu mənzildə onlara cavabdehlər yaşamağa imkan vermir. Qeyd edir ki, oğlu İddiaçı2 ailəlidir. Himayəsində 2 azyaşlı övladı var. Hesab edir ki, onların, yəni İddiaçı1, İddiaçı3, İddiaçı2 və onun ailə üzvləri X15 və azyaşlı övladları 24 may 2013-cü il təvəllüdlü X33 oğlu və 2018-ci il təvəllüdlü X26 ilə birlikdə Sumqayıt şəhəri, 47-ci məhəllə ünvanında yerləşən, 14 saylı evin, 3-cü mənzilinə məcburi köçürülmələri barədə qətnamə qəbul edilməlidir. Qeyd edilənlərə əsasən iddiaçılar iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsi ilə eyni məzmunlu verərək, iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, 1994-cü ildə hazırkı sözügedən mənzil valideynlərinə zavod tərəfindən verilmişdir. Sonra həmin evdə məcburi köçkünlər məskunlaşmışdırlar. İlk vaxtlar mübahisəli evdə Fatma Əliyeva və Rüstəm adlı şəxs qalırdı. Onların mənzildən çıxarılması üçün məhkəməyə müraciət edilmiş və məhkəmə qətnaməsi ilə onların mənzildən çıxarılması qət edilmiş, yəni onların iddia tələbi təmin edilmişdir. Lakin buna baxmayaraq həmin qətnamə bu günə kimi icra olunmamışdır. Onu da qeyd edir ki, 1993-cü ildən Rüstəm anası ilə mənzil 3-də, yəni onlara məxsus evdə məskunlaşıblar. Daha sonra Rüstəmin özünə ev almış, orada köçmüş, həmin mənzillə üzbəüz yerləşən 4 saylı mənzildən qohumu Rəşadı hazrıkı mənzilin boş qalmaması üçün ora köçürmüşdür. Onu da bildirir ki, 2022-ci ilin dekabr ayında X16 adına ev və torpaq sahəsi olduğunu da öyrənmişdilər. Belə olduğu üçün Rüstəm məcbur olub oradan çıxmışdır. Amma Rəşadı ora köçürtmüşdür. Nəticədə onlar yenə evlərinə köçə bilməmişdir. Hazırda evi olduğu halda o, kirayədə qalır, kirayə haqqını ödəməyə isə onun maddi imkanı çatmır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə dair izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, onlar sözügedən mənzildə yaşamağa başlayarkən həmin evlər natamam tikili idi, yeddinci mərtəbə yeni tikilirdi. Bildirir ki, Fatma onun ana nənəsi, Rüstəm isə dayısıdır. O, hər zaman nənə və dayısının himayəsində qalmışdır. Bildirir ki, 1993-cü ildən həmin mənzildə yaşayır. Hazırda 6 nəfərlik ailədirlər. Onu da qeyd edir ki, hazırkı mənzillə üzbəüz yerləşən evdə anası, qardaşı, qardaşının yoldaşı və onların övladları yaşayır. Bu məsələlərlə bağlı Prezidentin məlum Fərmanı mövcuddur. Belə ki, onlar evlə təmin edilmədiyi halda məskunlaşdıqları evdən çıxarıla bilməz. Qeyd edilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı3, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 14, mənzil 3 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı1 adına xx.xx.2009-cu il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1820/2010-cu il tarixli,xx.xx.2010-cu il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə Qubadlı rayonundan məcburi köçkün olan X10 və onun ailə üzvlərinin İddiaçı1 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 14, mənzil 3-dən çıxarılması qət edilmişdir. İşdə olan 358 nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı2 Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 14, mənzil 3 ünvanında qeydiyyatdadır, lakin yaşamır, həmin mənzildə məcburi köçkünlər məskunlaşmışdır. İşdə olan 359 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2 və X5 rayonundan məcburi köçkün kimi Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 14, mənzil 3 ünvanında məskunlaşıblar. İş materiallarında olan AZ-İ 809125 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 ilə X8 06 noyabr 2012-ci il tarixdə Sumqayıt Şəhər Qeydiyyat Şöbəsində nikaha girərək ailə qurmuşlar və bu nikah 1926 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Yaqubova soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin İddiaçı1 ünvanladığı xx.xx.2022-ci il tarixli 01/6964 saylı məktubdan görünür ki, Qubadlı rayonundan məcburi köçkünlər - X17 və övladı X24 ailə üzvləri ilə birgə Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən 14 saylı binanın 3 nömrəli mənzilində müvəqqəti məskunlaşmışdır. X17 20 sentyabr 2021-ci ildə vəfat etmişdir. X11 mülkiyyətində Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən 6 saylı binanın 9 nömrəli sahəsi 69.6 kv.metr olan mənzilinin, həmçinin Sumqayıt şəhəri, 20-ci mikrarayon 74 ünvanında olan sahəsi 0.06 ha çıxarışlı torpaq sahəsinin olduğu aşkarlanmışdır. İşdə olan XVİ-JQ 288463 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı3 xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. X6, anası X4r. İşdə olan Xİİ JQ 291579 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. X6, anası X4r. İş materiallarında olan AZ-İ 001394 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə Cavabdeh2 24 avqust 2006-cı il tarixdə Qubadlı Qeydiyyat Şöbəsində nikaha girərək ailə qurmuşlar və bu nikah 150 saylı akt qeydilə rəsmiləşdirilmişdir. İşdə olan AZ-İV 807800 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə Cavabdeh2 birgə nikahından xx.xx.2022-ci il təvəllüdlü X18 anadan olmuşdur. İşdə olan 631 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Qubadlı rayonundan məcburi köçkün Cavabdeh1 və onun ailə üzvləri Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 14, mənzil 3 ünvanında məskunlaşıblar. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Mənzil Məcəlləsinin 8-ci maddəsində mənzil hüquq və vəzifələrinin əmələ gəlməsinin əsasları müəyyən edilərək göstərilir ki, mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; mənzil-tikinti kooperativində üzvlük; mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi. Mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43-cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur. Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmasının, yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür. Mənzil Məcəlləsinin 3-cü maddəsinə görə mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Bu cür müdafiə üsulları kimi Mənzil Məcəlləsinin 9.2.1-ci maddəsində mənzil hüququnun tanınması, 9.2.2-ci maddəsində mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması müəyyən edilmişdir. Yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış evinə köçürülməsi barədə iddialara baxılarkən, istifadə hüququnun tanınması və ya köçürülməsi tələb olunan yaşayış sahəsinin hüquqi statusu, yəni kimə məxsus olması mütləq müəyyən olunmalıdır. Çünki, mənzil fondu Məcəllədə özəl mənzil fondu, dövlət mənzil fondu və bələdiyyə mənzil fondu kimi təsnifatlaşdırılmışdır və onların hüquqi rejiminin tənzimlənməsində fərqli cəhətlər vardır. Mənzilin hüquqi statusunun müəyyən olunması bir tərəfdən mübahisə tərəflərinin düzgün müəyyənləşdirilməsi, bununla da prosessual hüquq normalarına əməl olunması baxımından əhəmiyyətlidirsə, digər tərəfdən mübahisənin həlli üçün maddi hüquq normasının düzgün seçilməsi nöqteyi-nəzərindən zəruridir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli yaşayış sahəsi Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 14, mənzil 3 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı1 xüsusi mülkiyyətindədir. İddiaçı1 adına Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 14, mənzil 3-ə hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilməklə, o həmin evə mülkiyyət hüququ əldə etmişdir. İddiaçı1 məxsus Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən 14 binanın 3 nömrəli mənzildə Qubadlı rayonundan məcburi köçkünlər - X17 və övladı X24 ailə üzvləri ilə birgə müvəqqəti məskunlaşmışdırlar. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1820/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsi ilə Qubadlı rayonundan məcburi köçkün olan X10 və onun ailə üzvlərinin İddiaçı1 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 14, mənzil 3-dən çıxarılması qət edilmişdir. Həmin mənzildə hazırda iş üzə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məskunlaşmışdırlar. Hazırda iddiaçılar ailə üzvləri ilə birlikdə həmin mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “İnsan hüquqlarının və ya əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X12rşı” məhkəmə işi üzrə qərarında qeyd etdi ki, mülkiyyət hüququna istənilən müdaxilənin əsaslı olması üçün həmin müdaxilə cəmiyyətin ümumi maraqlarına xidmət etməli, yəni qanuni məqsəd daşımalıdır. Lakin mülkiyyət hüququna müdaxiləyə haqq qazandırmaq üçün həmin müdaxilənin qanuni məqsəd daşıdığı bəyan etməsi kifayət deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə hesab edir ki, Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 14, 3 saylı mənzil İddiaçı1 mülkiyyətində olmaqla həm onun, həm də onun ailə üzvləri İddiaçı3 və İddiaçı2, eyni zamanda İddiaçı2 ailə üzvlərinin həmin mənzildən istifadə hüququ mövcuddur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı1, İddiaçı3, İddiaçı2 və onun ailə üzvləri X15, azyaşlı övladları 24 may 2013-cü il təvəllüdlü X33 oğlu və 2018-ci il təvəllüdlü X26 ilə birlikdə Sumqayıt şəhəri, 47-ci məhəllə ünvanında yerləşən, 14 saylı evin, 3 saylı mənzilinə köçürülməlidirlər. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və onun ailə üzvləri X15, azyaşlı övladları 24 may 2013-cü il təvəllüdlü X33 oğlu və 22 may 2018-ci il təvəllüdlü X26 ilə birlikdə Sumqayıt şəhəri, 47-ci məhəllə ünvanında yerləşən, 14 saylı evin, 3 saylı mənzilinə köçürülsünlər. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayətiverilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-4471/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4471/2023
14.08.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver