Məhkəmə qərarları › İş №2(060)-4472/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4472/2022

28.07.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4472/2022 28.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Market MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi və digər tələblərinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) "xxxx" Market MMC-yə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onun işdən azad edilməyinə dair cavabdehin xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçının öz əvvəlki iş yerinə bərpa edilməyi, məcburi buraxılmış iş günlərinə görə pulun hesablanaraq iddiaçıya ödənilməsi, ona ödənilməmiş 1200 manat əmək haqqının ödənilməsi, bölgə müdiri vəzifəsinin icrası ilə əlaqədar xərclədiyi 1010 manat pulun iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh MMC-nin Ağcabədi şəhəri, H.Hacıyev küçəsində yerləşən “Oba Ağcabədi 03” filialında işə başlamışdır. xx.xx.2019-cu il tarixdən Cavabdeh MMC-nin Satış 10 şöbəsində adminstrator vəzifəsinə təyin edilmişdir. Cavabdeh onunla aralarında olan əmək müqaviləsinin şərtlərini pozaraq, iddiaçını müqavilə müddəti qurtarmadan, yəni xx.xx.2021-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndini əsas göstərməklə işdən azad etmiş və əmək müqaviləsinə xitam vermişdir. Əmrin surəti iddiaçıya verilməmiş, xx.xx.2022-ci ildə vəkil sorğusuna əsasən əmrin surəti tarix göstərilmədən xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə təqdim edilmişdir. Yəni əmrin surəti iddiaçıya rəsmi qaydada verilməsə də, iddiaçı işdən azad edildiyini bildiyi üçün həmin mübahisənin məhkəmədən kənar həll edilməsi üçün xx.xx.2022-ci il tarixdə mediasiya sessiyası keçirilməsi üçün mediatora müracət etmişdir. Müraciət bir müddət ləngidilmiş, sonra xx.xx.2022-ci ildə yenidən mediasiya şurasına müraciət nəhayət xx.xx.2022-ci ildə müraciətinə baxılmışdır. Lakin iddiaçının nümayəndəsi mediasiya sessiyasına gəlmədiyindən ilkin sessiyanın keçirilməsi mümkün olmamışdır. Cavabdeh ilə aralarında olan əmək müqaviləsi xx.xx.2021-ci ildə yenilənmiş və iddiaçı xx.xx.2021-ci il tarixə əmək fəaliyyətini davam etdirərək əmək haqqı almışdır. Yəni cavabdehlə aralarında əmək münasibətləri davam etmişdir. Həmin müqavilənin bitmə vaxtı xx.xx.2022-ci il tarix olmasına baxmayaraq cavabdeh onu vaxtından 3 ay əvvəl xx.xx.2021-ci ildə guya əmək müqaviləsinin müddətinin bitməsini əsas göstərməklə qanunsuz olaraq işdən azad etmişdir. Bundan başqa iddiaçı xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilə kimi iki vəzifədə işləmişdir. Yəni öz işilə bərabər sınaq müddətində 2 ay ərzində Zərdab-Ağcabədi Bölgə 47 üzrə 14 mağazanın bölgə müdüri vəzifəsini icra etmişdir. Buna görə iddiaçıya əməkhaqqı ödənilməmiş, ondan həmin vəzifəni davam etdirmək üçün nəqliyyat vasitəsi almağı tələb edilmiş, iddiaçı əlil olduğundan avtomobil əldə edə bilmədiyi üçün bölgə müdiri işləməkdən imtina etmişdir. Həmin 2 ay ərzində isə iddiaçı pulundan cavabdehin 14 mağazasının müxtəlif xərclərini ödəmişdir. Həmin xərclərin verilməsini tələb etmiş, lakin ödəniləcəyi bildirilsə də, hazıra kimi həmin xərcin əvəzini də ala bilməmişdir. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddiaçının iddiasının rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixli əmək müqaviləsi, həmçnin xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli əmək müqaviləsi bildirişlərindən aydın şəkildə görünür ki, iddiaçı ilə "xxxx" MMC arasında olan əmək müqaviləsi hər 6 aydan bir yenilənməklə 6 ay müddətinə imzalanmışdır. xx.xx.2021-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında hər ay yenilənməklə 1 ay müddətinə yeni əmək müqaviləsi imzalanmışdır ki, həmin müqavilənin müddəti də xx.xx.2021-ci ildə bitdiyi üçün müqaviləyə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İddiaçı öz iddia ərizəsində əmək müqaviləsinə xitam verilməsinə dair əmrin surəti ona xx.xx.2022-ci il tarixli vəkil sorğusundan sonra xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə təqdim edilsə də, işdən azad edilməsinə dair əmri aldıqdan daha əvvəl məlumatlı olub və mübahisənin məhkəmədən kənar həlli üçün xx.xx.2022-ci il tarixdə Mediasiya Şurasına müraciət etmişdir. İddiaçı iddia ərizəsinə əlavə etdiyi xx.xx.2021-ci il tarixli bildirişdən və etiraza əlavə edilən sənədlərdən aydın şəkildə görünür ki, iddiaçının Cavabdeh MMC-dən işdən azad edilməsinə dair onun yaşadığı ünvana bildiriş göndərilmiş və iddiaçı xx.xx.2021-ci il tarixdə poçt qaiməsini imzalamaqla bildirişi qəbul etmişdir. Bu fakt etiraza əlavə edilən poçt qaiməsi ilə təsdiq olunur. İddiaçı əmək qanunvericiliyi ilə müəyyən edilmiş iddia müddətini də pozmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, aylıq əmək haqqı təxminən 600 manata yaxın olub. Onunla şirkətin rəhbərliyi arasında yazışmalar var. Həmin yazışmalar iddianın əsaslı olduğunu sübut edir. Ona 2021-ci ilin sentyabr-dekabr aylarının əmək haqqı ödənilməyib və ya əskik ödənilib. Bölgə müdiri işləyərkən çəkdiyi xərclərlə bağlı hər hansı sübutu yoxdur. İddianı gec qaldırmasına səbəb işdən azad edilməsilə bağlı sənədlərin ona verilməməsi və mediasiya prosesinin ləngiməsi olub. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçı qeyd etmişdir ki, işdən çıxarılmasından xəbəri yalnız vəkil sorğusundan sonra ona məlum olub. Halbuki iddiaçıya bu barədə bildiriş göndərilmişdir. İşdən çıxarılması barədə iddiaçının məlumatı olub. O, məzuniyyətdə olduğu dönəmdə belə bütün ödənişlər iddiaçıya ödənilib. Qeyd edilənlərə əsasən nümayəndə iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1991-ci ildə anadan olmuşdur. İşdən göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən iddiaçı Cavabdeh MMC-nin Ağcabədi filialına satıcı-kassir kimi işə qəbul edilmişdir. Əmək müqaviləsi 6 ay müddətinə xx.xx.2020-ci il tarixinə kimi bağlanmışdır. Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixli əmrinə əsasən iddiaçı 3 ay sınq müddəti müəyyən edilməklə satıcı-kassir vəzifəsinə işə qəbul edilib. Onun əmək haqqı 195 manat müəyyən edilib. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2019cu il tarixli əmək müqaviləsi bildirişinə əsasən əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2019-cu ildir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli əmək müqaviləsi billdirişinə əsasən əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2020-ci ildir. İş materiallarına əlavə edilmiş əmək müqaviəsinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 1 ay müddətinə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı satış şöbəsinə administrator vəzifəsinə işə qəbul edilmişdir. İddiaçının əmək haqqı 345 manat müəyyən edilmişdir. Əmək müqaviləssində dəyişiklik ediməsi ilə bağlı xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bildirişinə əsasən əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2021-ci ildir. Əmək müqaviləssində dəyişiklik ediməsi ilə xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bildirişinə əsasən əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2021-ci ildir. Əmək müqaviləssində dəyişiklik ediməsi ilə xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bildirişinə əsasən əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2021-ci ildir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (bundan sonra - Əmək Məcəlləsi) əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz (42.1). Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir (42.2). Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi müddətli müqavilə olmuşdur. Əmək Məcəlləsində göstərilir ki, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır (45.1). Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir (45.2.). Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz (45.3.).Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır (45.4.). Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir (45.5.). İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında əmək müqaviləsi əvvəlcə 6 ay müddətinə bağlanmışdır. Sonradan müqavilənin müddəti 6 ay uzadılmış və xx.xx.2020-ci ilə kimi müəyyən edilmişdir. xx.xx.2021-ci ildə iddiaçı satış şöbəsinə adminitrator vəzifəsinə keçirilmiş və müqavilənin ümddəti 1 ay müəyyən edilmişdir. Bu müqavilə hər dəfə 1 ay uzadılmış və xx.xx.2021-ci ildə ona müddətin bitməsi ilə əlaqədar xitam verilmişdir. Əmək Məcəlləsində həmçinin göstərilmişdir ki, əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır (68.2.b). Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur (73.1). İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər (73.2). Göründüyü kimi iddiaçının əmək müqaviləsinə xitam verilərkən hər hansı qanun pozuntusuna yol verilməmişdir. İddiaçı ona sentyabr-dekabr ayları ərzində 1200 manat əmək haqqı ödənilmədiyini bildirmiş və cavabdehdən həmin məbləği tələb etmişdir.Lakin, cavabdeh tərəfindən təqdim edilmiş elektron əmək haqqı cədvəllərinə əsasən iddiaçıya həmin aylarda əmək haqqı ödənildiyi müəyyən edilir. İddiaçı əslində əmək haqqısının 600 manat yaxın olduğunu bildirsə də, əmək müqaviləsinə əsasən 345 manat əmək maldığı müəyyən edilir. İddiaçı satış üzrə bölgə müdiri vəzifəsində işləyərkən 1010 manat vəsait xərclədiyini qeyd etsə də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə iddiaçının həmin dəlillərini əsassız hesab edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Market MMC-yə qarşı onun işdən azad edilməyinə dair cavabdehin xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçının öz əvvəlki iş yerinə bərpa edilməyi, məcburi buraxılmış iş günlərinə görə pulun hesablanaraq iddiaçıya ödənilməsi, ona ödənilməmiş 1200 manat əmək haqqının ödənilməsi, bölgə müdiri vəzifəsinin icrası ilə əlaqədar xərclədiyi 1010 manat pulun iddiaçıya ödənilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar