Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4475/2021 22.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Həsənova Həvva Seymur qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil X6 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Qoçat oğlu və qeyrilərinə qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh1 Qoçat oğluna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərin və yetkinlik yaşına çatmayan 11.04.2009-cu il təvəllüdlü X1 və 31.07.2014-cü il təvəllüdlü X2 Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 29/4, mənzil 43-ə olan istifadə hüquqlarının itirilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 29/4, mənzil 43 xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Mənzili 10.04.2021-ci il tarixli, AN-İ ******* saylı müqavilə əsasında X5 almışdır. Sözügedən mənzilə görə iddiaçıya daşınmaz əmlakın dövlət reyestrindən 30.04.2021-ci ildə çıxarış verilmişdir. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə görə satıcılar 10.05.2021-cı il tarixə qədər qeydiyyatdan çıxmalı idilər. Cavabdehlər iddiaçının mülkiyyətində olan evdə yaşamırlar. Cavabdehlərin iddiaçıya məxsus evdə qeydiyyatda qalmaları iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Cavabdehlərin qeydiyyatı formal xarakter daşıyır. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə göndərilmiş məhkəmə bildirişi rabitə orqanı tərəfindən geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayənəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1965-ci ildə, Abşeron rayonu,Baxşılı kəndində anadan olmuşdur. O, hazırda Xızı rayonu Baxşılı kəndində qeydiyyatdadır. Cavabdehlər Cavabdeh1 Qoçat oğlu xx.xx.1950-ci ildə, Cavabdeh2 xx.xx.1979-cu ildə, Cavabdeh3 xx.xx.1949-cu ildə, Cavabdeh4 xx.xx.1960-cı ildə, Cavabdeh5 xx.xx.1982-ci ildə, Cavabdeh6 xx.xx.1984-cü ildə anadan olmuşlar. Onlar ünvan 1 ünvanında qeydiyyatdadırlar. Mənzildə onlarla yanaşı 11.04.2009-cu il təvəllüdlü X3 və 31.07.2014-cü il təvəllüdlü X4 da qeydiyyatdadırlar. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mübahisəli mənzil 30.04.2021-ci il tarixdə iddiaçının adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. AN-İ ******* saylı, 10.04.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən iddiaçı mübahisəli mənzili X5 almışdır. 12 saylı Mənzil-Kommunal sahəsinin 663 saylı, 31.05.2021-ci il tarixli arayışında göstərilmişdir ki, cavabdehlər və yetkinlik yaşına çatmayan şəxslər 11.04.2009-cu il təvəllüdlü X3 və 31.07.2014-cü il təvəllüdlü X4 mübahisəli mənzildə qeydiyyatda olsalar da, həmin ünvanda yaşamırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1.). Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (157.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (157.4.). İşdən göründüyü kimi mübahisəli mənzil çıxarışa əsasən mülkiiyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdehlər həmin mənzildə formal olaraq qeydiyyatda qalmışlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarından da biri onun barəsində yaşayış sahəsindən çıxarılma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamənin olmasıdır. Məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda qalmaları iddiaçının mənafeyinə zidd olmaqla bir mülkiyyətçi kimi onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bu səbəbdən iddia təmin edilməli və cavabdehlərin mübahisəli mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları itirildiyi üçün onlarla birlikdə yaşayan ailə üzvləri olan yetkinlik yaşına çatmayan şəxslər 11.04.2009-cu il təvəllüdlü X3 və 31.07.2014-cü il təvəllüdlü X2 da mübahisəli mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 Qoçat oğlunun, Cavabdeh2, Cavabdeh3,Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 , həmçinin yetkinlik yaşına çatmayan şəxslər 11.04.2009-cu il təvəllüdlü X1 və 31.07.2014-cü il təvəllüdlü X2 Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 29/4, mənzil 43 ünvanına istifadə hüquqları itirilmiş hesab olunsun. Hazırkı qətnamə göstərilən şəxslərin həmin mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-4475/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4475/2021
22.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver