Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4481/2024 27.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətini cəlb etməklə "əmək müqaviləsinə xitam verilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdehnə qarşı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətini cəlb etməklə "əmək müqaviləsinə xitam verilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, işə qəbul olunmaq məqsədi ilə 08 yanvar 2019-cu il tarixində “X2”də fəaliyyət göstərən turizm şirkətinə tanışı vasitəsilə müraciət etmişdir. Orada içəri daxil olanda iddiaçının şəxsiyyət vəsiqəsini istədilər ki, içəri daxil olmağı ilə bağlı qeydiyyat edəcəklər. İş görüşməsində əmək haqqı iddiaçını qane etmədiyi üçün razılaşmayıb geri qayıtmışdır. Sonradan yəni, 2020-ci il mart ayında “Covid-19” pandemiyası dövrü başlayanda, dövlət tərəfindən işi rəsmi iş yeri olmayanlara 190 manat pul vəsaiti verilirdi və iddiaçı da işsiz olduğu üçün müraciət etdi. Lakin iddiaçıya cavab verildi ki, iddiaçının adına əmək müqaviləsi vardır. Araşdırma nəticəsində iddiaçı bildi ki, onun adına Cavabdeh Məhdud Məsulliyətli Cəmiyyəti ilə (VÖEN ********** hüquqi ünvan: AZ5000 ünvan 1albuki, iddiaçının bu müqavilədən heç xəbəri də olmayıb, müqavilə ilə bağlı da heç bir sənədə imza çəkməmişdir. Həmin şirkətlə əlaqə saxladı və iddiaçıya dedilər ki, guya səhvən olmuşdur. Xahiş etmişdir ki, həmin müqavilə iddiaçının razılığı və xəbəri olmadığından bağlanıldığı üçün müqaviləyə xitam versinlər. Ancaq heç bir nəticə vermədi. Bundan sonra polisə müraciət etdi, polislə həmin şirkətə anası ilə birlikdə getdilər, lakin ofisdə heç kim olmadığından bağlı idi. Polis qeyd etdiyi nömrə ilə (**********) əlaqə saxladı və soruşdu ki, nə vaxt ofisdə olacaqlar, iddiaçı necə əmək haqqı alır kimi suallar ünvanladı. Şirkətin rəhbəri rəhmətə gedən var deyib, başından rədd elədi. Sonra orda olan mühafizə ilə xadimədən maraqlandı ki, iddiaçını tanıyırlar, onlar dedilər ki, ilk dəfə görürlər. Bundan sonra, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə rəsmi qaydada müraciət etdi. Müraciətinə cavab olaraq 16 noyabr 2023-cü il tarixli 3-17-5/2-Q-4501/2023 nömrəli məktubla bildirmişlər ki, həmin şirkətin rəhbərliyini tapmaq mümkün olmadığından müqaviləyə xitam vermək mümkün olmamışdır, buna görə də məhkəməyə müraciət etməklə məsələni həll etmək qərarına gəlmişdir. Hal-hazırda iddiaçının adı həmin şirkətdə qeydiyyatdadır və nə həmin şirkətin rəhbərliyini tapa bilir, nə də ki şirkət həmin ünvanda fəaliyyət göstərmir. Belə olan halda iddiaçı heç bir yerdə rəsmi işləyə bilmir. Həmçinin məhkəməyə müraciət etməzdən əvvəl şirkətin rəsmi qeydiyyat ünvanına pretenziya məktubu da ünvanlamışdır. Eyni zamanda məhkəməyə müraciət etməzdən əvvəl qarşı tərəfə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, lakin qarşı tərəf heç bir üzrlü səbəb göstərmədən mediasiya prosesində iştirak etmədiyindən barışıq əldə olunmamışdır. Mediasiya xərcləri olan 60 manat iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. Göstərilənlərə əsasən, iddia təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməklə, əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi, xx.xx.2020-ci il tarixli əmək müqaviləsi xitam verilməsi barədə məlumatın “Əmək müqaviləsi bildirişinin” elektron informasiya sisteminə daxil edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X1 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh və müstəqil tələb irəli sürməyən şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
6. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və müstəqil tələb ieəli sürməyən şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə iddiaçının izahatını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. İş materiallarında olan “myGov” sistemindən olan çıxarışa əsasən İddiaçı Cavabdeh MMC-də katibə vəzifəsində çalışır, aylıq əmək haqqı isə 300 manatdır.
9. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Abşeron-Xızı regional şöbəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli müraciətə cavab məktubundan görünür ki, xx.xx.2023-cü il tarixində 3 saylı “Dost Mərkəzi”-nə təqdim etdiyi izahatda xx.xx.2023-ci il tarixində Cavabdeh MMC-də işəgötürənlə aranızda əmək müqaviləsinin bağlanıldığını, adı çəkilən müəssisədə əmək fəaliyyəti ilə məşğul olmadığınızı, sadəcə müsahibədə iştirak etdiyinizi və aktiv əmək müqavilənizə xitam verilməsi barədə köməklik göstərilməsini xahiş etmisiniz. Müraciətinizin Cavabdeh MMC-nin iştirakı ilə ətraflı və dəqiq araşdırılması, müvafiq sənədlərin təqdim olunması məqsədi ilə cəmiyyətin ünvanına (AZ5000, Sumqayıt şəhəri, 5 mkr., Ev 24/139, mənzil 28) xx.xx.2023-cü il tarixli 3-17-5/2-43060/2023 saylı məktubla (SS879845198AZ) müraciət olunmuş, lakin məktub poçt şöbəsi tərəfindən geri qayıtmışdır. Tələb olunan sənədlərin təqdim olunması müəssisə tərəfindən təmin edilmədiyindən müraciətinizin araşdırılmasını başa çatdırmaq mümkün olmamışdır. Nəzərinizə çatdırılır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam yerilfnəsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə, daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Eyni zamanda həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalarının 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət" portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi" xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Qeyd olunanlara əsasən bildirilir ki, əmək müqavilələrinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X1 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququ X1 Xidmətinə həvalə edilməlidir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırlması haqqında" 20 oktyabr 2015-ci il tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar xx.xx.2024cü il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün deyildir.
10. İş materiallarında olan İddiaçı Cavabdeh MMC-yə ünvanladığı xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, əmək müqaviləsinə xitam verməklə, əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi bildirilmiş, 5 iş günü müddətində məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
11. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2024-01176 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı 50 manat məbləğində mediasiya xərci və 10 manat məbləğində kargüzarlıq xərci ödəmişdir. Həmçinin İMS üçün ərizənin tarixi xx.xx.2024-cü ildir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
12. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə (deməsinə görə onun adından və xəbəri olmadan) xx.xx.2020--ci il tarixdə əmək müqaviləsi bağlanmış, sonradan iddiaçı əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı işəgötürənə müraciət etsə də, müraciəti cavabsız qalmışdır.
c)Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
14. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
15. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
16. Həmin maddənin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir.
17. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin «c» bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir.
18. Məhkəmə qeyd edir ki, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi ilə bağlı Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda Əmək Məcəlləsində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək müqaviləsinə xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş “Əmək müqaviləsi bildirişi”nin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
19. Göründüyü kimi iddiaçının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sistemində əmək müqaviləsi bildirişinin ləğv edilməməsi onun başqa bir işdə çalışmasına maneə törədir. Nəticədə bu hal iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarır.
20. Belə olan halda, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalı, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməli, xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə məlumatın “Əmək müqaviləsi bildirişinin” elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X1 Xidmətinə həvalə edilməlidir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
23. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
24. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilsin. xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə məlumatın “Əmək müqaviləsi bildirişinin” elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X1 Xidmətinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva