Məhkəmə qərarları › İş №2(060)-4485/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4485/2021

17.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4485/2021 17.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X13 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı özbaşına tikilmiş yaşayış sahəsinə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı özbaşına tikilmiş yaşayış sahəsinə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh1 ilə 29 may 2015-ci ildə rəsmi nikaha girərək ailə qurmuş, birgə nikahlarından 23.02.2016-cı il təvəllüdlü X7 və 18.11.2017-ci il təvəllüdlü X5 anadan olmuşdur. 2014-cü ildə ailə qurduqdan sonra cavabdehin yaşadığı ünvan 1 ünvanına gəlin köçmüş, onunla birgə təsərrüfat idarə etmişdir. Cavabdehlər 2015ci ildə həmin mənzili satmış, qaynanası, qaynatası və onların digər 2 övladları ünvan 2 ünvanına köçüb yaşamışlar. Cavabdehlər mənzili 2015-ci ildə satdıqdan və Cavabdeh1 hərbi xidmətini başa vurduqdan sonra 29.05.2015-ci il tarixində nikahlarını qeydə alaraq Abşeron rayonu, Saray qəsəbəsi, N.Zeynalova küçəsində yerləşən mülkiyyət hüququ əsasında cavabdeh qaynanası Cavabdeh2 məxsus 0,021 ha torpaq sahəsi üzərində yerləşən özbaşına tikilmiş 3 otaqlı evə köçmüş və həmin mənzildə Cavabdeh1 ilə birgə təsərrüfat idarə edərək, övladları ilə yaşamışlar. Ona məxsus olan cehiz əşyaları və şəxsi geyim əşyaları hal-hazıradək həmin ünvandadır və Cavabdeh1 da həmin ünvanda yaşayır. Onu isə uşaqları ilə 2019-cu ilin dekabr ayından həmin mənzildən qovmuş, o, məcburiyyət qarşısında qalaraq övladları ilə gah rayonda, atasının evində, gah da Bakıda, dayısıgilin evində yaşamış və digər yaşayış yeri yoxdur. O, 2 övladı ilə müxtəlif ünvanlarda yaşamaqda əziyyət çəkdiyi üçün hesab edir ki, mübahisəli yaşayış sahəsində 4 ildən artıq müddətdə ailə üzvü kimi yaşadığına, birgə təsərrüfat apardığına və ona məxsus cehiz əşyalarının orada olmasına görə 2 övladı ilə həmin mənzilə köçürülməlidir. Qeyd olunanlara əsasən məhkəmədən 2 azyaşlı övladları ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi, N.Zeynalova küçəsində yerləşən, mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsus olan 0,021 ha torpaq sahəsi üzərində yerləşən özbaşına tikilmiş 3 otaqlı evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 iddia tələbinə qarşı məhkməyə etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh1 ilə 29 may 2015-ci ildə nikaha daxil olduqlarını, birgə nikahdan iki azyaşlı uşaqlarının olduğunu, ünvan 4 ünvanına gəlin köçdüyünü, 2015ci ildə həmin mənzil satıldıqdan sonra cavabdehlərin ünvan 2 ünvanında yerləşən mənzilə köçüb yaşadıqlarını, cavabdehlər 2015-ci ildə həmin mənzili satdıqdan sonra Abşeron rayonu, Saray qəsəbəsi, N.Zeynalova küçəsində yerləşən mülkiyyət hüququ əsasında cavabdeh qaynanası Cavabdeh2 məxsus 0,021 ha torpaq sahəsi üzərində yerləşən özbaşına tikilmiş 3 otaqlı evə köçdüklərini və həmin mənzildə Cavabdeh1 ilə birgə təsərrüfat idarə edərək yaşadıqlarını, cehiz əşyalarının və geyim əşyalarının həmin ünvanda olduğunu, 2019-cu ilin dekabr ayında həmin evdən qovulduğunu və gah rayonda atasına mənxsus evdə, ya da Bakıda dayısıgildə yaşadığını, 4 ildən artıq müddətdə ailə üzvü kimi yaşadığına görə oraya köçürülməsini bildirmişdir. İddia tələbində götərilənlərlə bağlı bidirir ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi mülkiyyət hüququ əsasında onun valideynlərinə məxsus olmuşdur. Valideynləri vəfat etdikdən sonra həmin ev vərəsəlik əsasında onun və qardaşı X6 mülkiyyətinə keçmiş, bu mənzil satılaraq qardaşının və onun payına düşmüş, 22000 ABŞ dolları pul vəsaitinə isə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,021 ha torpaq sahəsi üzərində yarımçıq tikili alınmışdır. Torpaq və yarımçıq tikili onun adına alınsa da hər ikisinin orada payı vardır. Həmin torpaq sahəsi və yarımçıq tikili 10.06.2014-cü il tarixində alınmışdır. İddiaçı ilə Cavabdeh1 arasında nikah isə 29 may 2015-ci ildə bağlanılmışdır, yəni nikah bağlanılmazdan çox əvvəl bu torpaq və yarımçıq tikili alınmışdır. İddiaçı ünvan 5 ünvanında yerləşən mənzilə qoşulub qaçıb gəldiyindən, onun ancaq gündəlik işlənən əşyaları və geyim əşyaları olmuşdur. İddiaçı orada yaşamışdır, bunu qonşular və 23 saylı MKİS-in rəisi 10.12.2020-ci il tarixində akt imzlayaraq təsdiq etmişlər. İddiaçı yaxın qonşuları səhvən təlimatlandıraraq guya arayış lazmdır ki, yay aylarında orada yaşayıb və qonşularda akta imza çəkiblər ki, guya İddiaçı orada yaşamışdır. Arayışdan da görünür ki, bu şəxs Saray qəsəbə Nümayəndəliyini də aldadaraq arayışı guya Saray qəsəbə Xəstəxanasına lazım olduğunu yazdırmışdır. İş üzrə digər Cavabdeh1 isə adı çəkilən tikiliyə və ya torpaq sahəsinə heç bir aidiyyatı yoxdur. O, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı iddia ərizəsində 2019-cu ilin dekabr ayında həmin evdən qovulduğunu yazmışdır. Bununla bağlı bildirir ki, o, keçmiş əri X2 ilə mübahisə etmiş və anasına zəng etmiş, anası və dayısının yoldaşı gələrək aldıqları televizoru da götürməklə çıxıb Ağcabədi rayonuna, qeydiyyatda olduqları ünvana getmişlər. O, Cavabdeh1 ilə Sumqayıt Şəhər Məhkəməsində nikahlarını pozulmuş, uşaqları üçün aliment də alır. Saray qəsəbəsində yerləşən 0,021 ha torpaq sahəsində yerləşən özbaşına tikilmiş yarımtikili yaşayış üçün yararlı deyil, otaqlarda pəncərə, döşəmə və sanitar qovşağı yoxdur. Bu yarımçıq tikili yararsız olduğundan o, ailəsi və 2 övladı ilə müvəqqəti olaraq ünvan 2 ünvanına köçmüşdür. Qeyd olunanlara əsasən məhkəmədən İddiaçı 2 azyaşlı uşaqları ilə Abşeron rayonu, Saray qəsəbəsi, N.Zeynalova küçəsində yerləşən, mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsus 0,021 ha torpaq sahəsi üzərində yerləşən özbaşına tikilmiş 3 otaqlı evə köçürülməsi barədə iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə təqdim olunmuş iddia ərizəsinə etiraza uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh1 yaşayış yerinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmişdir. Lakin cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Bu barədə poçt tərəfindən müvafiq qeyd yazılmış və möhürlə təsdiq edilmiş məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 147-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 ilə X16 qızı arasında nikah 29 may 2015-ci il tarixdə Sumqayıt “ASAN Xidmət” X9 bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1230 №-ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Abbaszadə, arvada Abbaszadə soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 23 fevral 2016-cı ildə anadan olmuşdur. Atası Cavabdeh1, anası İddiaçıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 18 noyabr 2017-ci ildə anadan olmuşdur. Atası Cavabdeh1, anası İddiaçıdır. İş materiallarında olan sorğuya əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsindən göndərilmiş 21.01.2020-ci il tarixli, **********41 saylı cavab məktubundan görünür ki, Cavabdeh2 mülkiyyətində Abşeron rayonu, Saray qəsəbəsi, Nəsibə Zeynalova küçəsində torpaq sahəsi aşkar olunmamış, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,021 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh2 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 10.06.2014-cü il tarixində **********20 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 27.10.2020-ci il tarixli, 2(060)-1139/2020 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış nikahın pozulması, boşanmadan sonra birgə nikahdan olan 23.02.2016-cı il təvəllüdlü X3 və 18.11.2017-ci il təvəllüdlü X1 anaları İddiaçı yanında qalmaları və hər iki uşaq üçün hər ay 130, ümumilikdə 260 manat məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,021 ha ərazidə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2 xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 605 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində 10.06.2014cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan 10.12.2020-ci il tarixli aktdan görünür ki, 23 saylı MKS-in rəisi Ə.M.Musayev, qonşular X4, X8 və Qurbanova Rəsmiyyə Ramiz qızı ünvan 2 ünvanına İddiaçı 2015-ci ildə Cavabdeh1 ilə ailə həyatı quraraq gəlin gəlməsini, həmin ildən 2018-ci ilə qədər həmin evdə yaşamasını, gündəlik işlədilən əmlakların da həmin ünvanda olmasını imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 03.03.2021-ci il tarixli, 2(060)-92/2021 saylı qərardadından görünür ki, təqdimat təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1139/2020 saylı, 27.10.2020-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh1 ölkədən getmək hüququ müvəqqəti, hüququn məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxanadək məhdudlaşdırılmışdır. İş materiallarına Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Lamiyə Hüseynquliyevanın 02.11.2020-ci il tarixli icraata başlamaq haqqında qərarı, 25.01.2021-ci il tarixli borclunun axtarılması barədə qərarı və Sumqayıt ŞPİ-nin borclu Cavabdeh1 barəsində axtarış işinin açılması ilə bağlı məlumat xarakterli məktubu əlavə edilmişdir. Məhkəmə tərəfindən mübahisə olunan sahəyə iddiaçının vəkili tərəfindən verilmiş şifahi vəsatət əsasında tərəflərin iştirakı ilə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin yarımçıq tikili hazırki halda yaşayış üçün yararlı vəziyyətdə deyil, iddia tələbində qeyd olunduğu kimi həmin mənzildə iddiaçıya məxsus əşyalar aşkar olunmadı. Məhkəmə iş materiallarını iddiaçının məhkəmə iclasında verdiyi izahata uyğun araşdıraraq hesab edir ki, İddiaçı iddianın əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim edə bilməmiş, həmçinin məhkəmə iclasında izahat verərək iddia ərizəsində qeyd etdiyi iddia tələbinin əsasını təşkil edən halları təkzib etmişdir. Belə ki, İddiaçı məhkəmə iclasında verdiyi ifadəsində, onun cehiz əmlakları mübahisəli mənzildə olmasını, həmçinin həmin özbaşına tikilinin yaşayış üçün yararlı vəziyyətdə olması bildirilsə də, yarımçıq tikiliyə tərəflərin iştirakı ilə baxış keçilərkən, onun bildiridikləri öz təsdiqini tapmamışdır. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbinin hüquqi əsasını təşkil edən faktorlarla bağlı subyektiv hüququn olub-olmaması məsələsi aydınlaşdırılmalıdır. Yəni Cavabdeh2 iddia tələbinə etirazda valideynləri vəfat etdikdən sonra həmin ev vərəsəlik əsasında onun və qardaşı X6 mülkiyyətinə keçmiş, mənzil satılaraq qardaşının və onun payına düşmüş, 22000 ABŞ dolları pul vəsaitinə isə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,021 ha torpaq sahəsi üzərində yarımçıq tikili alınmışdır. Torpaq və yarımçıq tikili onun adına alınsa da hər ikisinin orada payı olduğunu, həmin torpaq sahəsi və yarımçıq tikili 10.06.2014-cü il tarixində alındığını, İddiaçı ilə onun oğlu Cavabdeh1 arasında nikah isə 29 may 2015-ci ildə bağlanıldığını, yəni nikah bağlanılmazdan çox əvvəl torpaq və yarımçıq tikili alınmışdır. Həmçinin iddia tələbinin mahiyyətinə təsir göstərən digər mühüm hal İddiaçı ünvan 2 ünvanında yerləşən mənzilə qaçıb gəldiyini, onun ancaq gündəlik işlənən əşyaları və geyim əşyaları olmasını, iddiaçı orada yaşamasını, bunu qonşular və 23 saylı MKİS-in rəisi 10.12.2020-ci il tarixində akt imzlayaraq təsdiq etmələri, İddiaçı yaxın qonşuları səhvən təlimatlandıraraq guya arayış yay aylarında orada yaşaması, öz-özlüyündə Saray qəsəbə Nümayəndəliyini də aldadaraq arayışı guya Saray qəsəbə Xəstəxanasına lazım olduğu yazılmaqla təkzib etmişdir. Cavabdeh tərəfindən qeyd olunan halların mövcüdlüğünü təkzib edən mötəbər sübutlar iddiaçı tərəfindən təqdim olunmamış, iddia tələbinin əsasını təşkil edən hallar öz təsdiqini tapmamışdır. Bütün qeyd olunanlar məhkəmənin iddia tələbinin hüquqi əsası olmamaqla, yalnız mülhazələrdən ibarət, əssasız iddia olmaqla, iddia tələbinin rədd olunması nəticəsinə gəlməsinə səbəb olur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü bəndinə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1ci maddəsinin ikinci cümləsində “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəllarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. (MM-183.3) Məhkəmə iddia tələbini işdə olan sübutlara uyğun, məhkəmə iclasında İddiaçı verdiyi izahata uyğun əsaslandırıb və qanunun qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı özbaşına tikilmiş yaşayış sahəsinə köçürülmə tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı özbaşına tikilmiş yaşayış sahəsinə köçürülmə tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar