Məhkəmə qərarları › İş №2(060)-4486/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4486/2021

27.05.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4486/2021 27.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Qənbərli Əsəd Eldar oğlunun katibliyi, İddiaçı, Cavabdeh “xxxx” MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh «xxxx» MMC-yə qarşı işə bərpa və ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dair mülki işə 27 may 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh «xxxx» MMC-yə qarşı işə bərpa və ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «xxxx» MMC-nin Mexaniki emal zavodunun Kran təsərrüfatı sahəsinə 6-cı dərəcəli Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elekrik mantyoru vəzifəsinə öz işinə bərpa edilməsi və 2500 manat əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdehin müəssisəsində yəni, «xxxx» MMC-in Mexaniki emal zavodunun Kran təsərrüfatı sahəsində 6-cı dərəcəli elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsində işləmişdir. Özü də 3-cü qrup əlildir. İşində heç vaxt nöqsan olmayıb. Üç dəfə işindən ayrılaraq «xxxx» MMC-nin insan resursları departamentinə çağrılmış, dəfələrlə hədə-qorxu gəlinərək ona işdən öz xahişi ilə çıxma haqqında ərizə yazmağı təzyiq altında tələb etmişlər. Ailə üzvü beş nəfərdən ibarətdir, əsas evə çörək pulu aparıb, evi dolandıran odur. Onun əmək haqqını da düzgün hesablayıb verməmişlər. Belə ki, gecə növbəsində işləməsi və məzuniyyət pullarının düzgün hesablanmaması səbəbindən hal-hazıradək 2500 (iki min beş yüz) manat əmək haqqı ona ödənilməmişdir. Cavabdehin 30.09.2020-ci il tarixli 154 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən onu işdən azad ediblər. Cavabdeh tərəfindən hədə-qorxu gəlinərək onun işdən azad etmələrini qanunsuz və əsassız hesab edir. Peşəkarlıq səviyyəsinə və sağlamlıq durumuna görə, ailənin maddi cəhətdən çox çətinliklə yaşamasına əsaslanaraq işinə qayıdıb əmək fəaliyyətini davam etdirmək istəyir. Ölkə prezidenti pandemiya dövründə işçilərin işdən çıxarılmamasını dəfələrlə tapşırmasına baxmayaraq, cavabdeh prezidentin bu tələbinə də əhəmiyyət verməmişdir. İddiaçı əlavə olaraq bildirdi ki, təxminən 4 ay onu sözügedən zavoda buraxmamışlar. Həmin dövr üçün ona əmək haqqı ödənilsə də, axırda məcbur olub işdən çıxması barədə ərizəyə qol çəkmişdir. İşdən çıxmaq barədə ərizədəki imza ona məxsusdur. Həmin vaxt onu təzə açılacaq başqa zavoda işə götürəcəklərini söz versələr də, sözlərinə əməl etməmişlər. İşdən çıxdıqdan 7 ay sonra məhkəməyə müraciət etməsinin səbəbi isə yeni açılacaq zavoda işə düzəlməsini gözləməklə əlaqədar olmuşdur. Bundan başqa cavabdehdən istədiyi 2500 manat əmək haqqı işlədiyi müddətdə onun gecə növbəsinə cəlb edilməsi, lakin buna görə əmək haqqına əlavənin ödənilməməsi ilə bağlıdır. İşdən çıxarkən dəqiq xatırlamasa da, ona 3000 manatdan çox kompensasiya ödənilmişdir. Qeyd etdiklərinə əsasən, iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh “xxxx” MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçının iddia tələbi tamamilə əsassızdır və həqiqəti əks etdirmir. Belə ki, İddiaçı «xxxx» MMC-də Mexaniki emal zavodunun Kran təsərrüfatı sahəsində 6-cı dərəcəli elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsinə qəbul olunmuş və onunla müddətli əmək müqaviləsi bağlanmışdır. Sonradan əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar iddiaçı işdən azad olunsa da, sonradan yenidən işə qəbul edilmişdir. Sonuncu dəfə İddiaçı 29.09.2020-ci il tarixdə öz arzusu ilə işdən azad olunması barədə ərizə ilə məhkəməyə müraciət etmiş, onun ərizəsi əsasında işçi işdən azad edilmişdir. İddiaçının iddia etdiyi kimi ona heç bir təzyiq və ya hədə qorxu olmamışdır. Onun işdən azad edilməsində hər hansı qanun pozuntusuna yol verilməmişdir. Ona görə də nümayəndə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxs 1 saylı regional ərazi filialının 28.94.2021-ci il tarixli, **********0 nömrəli arayışından görünür ki, İddiaçı adıçəkilən qurumdan 01.01.2006-cı il tarixdən müddətsiz 3-cü qrup əlilliyə görə əmək pensiyası alan kimi qeydiyyatdadır və pensiyasının məbləği 259,78 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında 13.01.2021-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan İT-İ ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 16.04.2018-ci il tarixdə «xxxx» MMC-nin Mexaniki emal zavodunun Kran təsərrüfatı sahəsində 6-cı dərəcəli elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsinə işə qəbul edilmişdir. İddiaçı 31.07.2018-ci il tarixdə Mexaniki emal zavodundan Metaləritmə zavodunun Elektro mexaniki təmir sexinin Kran təsərrüfatı sahəsində 6-cı dərəcəli elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsinə keçirilmişdir. İddiaçı 21.10.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin bitməsi ilə) işdən azad edilmişdir. Bundan sonra 25.11.2019-cu il tarixdə Mexaniki emal zavodunun Kran təsərrüfatı sahəsində 6-cı dərəcəli elektrik montyoru vəzifəsinə işə qəbul edilmiş, 30.09.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. İşdə olan «xxxx» MMC İnsan Resursları Departamenti tərəfindən təsdiq edilmiş ərizədən görünür ki, İddiaçı öz təşəbbüsü ilə 30 sentyabr 2020-ci il tarixindən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə ərizə ilə «xxxx» MMC-yə müraciət etmişdir. İş materiallarına əlavə olunmuş «xxxx» MMC-nin 27.05.2021-ci il tarixli əmək haqqı və digər gəlirlər haqqında arayışdan görünür ki, İddiaçı 2020-ci ilin sentyabr ayı üçün 700 manat əmək haqqı, 2148 manat mükafat, 2019-2020-ci illər üçün 841,92 manat kompensasiya olmaqla, 3689,92 manat əmək haqqı hesablanmış, 3256,68 manat ödənilmişdir. İşdə olan «xxxx» MMC-nin 30.09.2020-ci il tarixli 154-İRD/X saylı əmrinin təsdiq edilmiş surətindən görünür ki, Mexaniki emal zavodunun Kran təsərrüfatı sahəsində 6-cı dərəcəli elektrik montyoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən 30 sentyabr 2020-ci il tarixdən xitam verilmişdir. Eyni zamanda 2019/2020-ci illərin əmək məzuniyyətinin istifadə etmədiyi 36 təqvim günü əmək məzuniyyətinin əvəzinə İddiaçı kompensasiya ödənilməsi əmr edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və onun tələblərinə görə tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Qeyd edilməlidir ki, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür (ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsi). Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı öz istəyi ilə işdən azad olunması ilə bağlı işəgötürən - cavabdehə müraciət etmiş, onun ərizəsi əsasında cavabdeh “xxxx” MMC tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 30.09.2020-ci il tarixli əmr qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının işdən azad edilməsi ilə bağlı sənədləşdirmə qanunamüvafiq qaydada aparılmış, bu zaman Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş bütün prosedurlara riayət olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci hissəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. İddiaçı işdən çıxma barədə ərizəsini hədə-qorxu və təzyiq altında yazdığını, buna məcbur edildiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut (hədə-qorxuya məruz qalmasına dair müvafiq hüquq-mühafizə orqanlarına müraciət etməsi barədə, bu halları müşahisə edən şahidlərin ifadələri və s. sübutlar) təqdim etməmişdir. Beləliklə iddiaçı tərəfindən hədə-qorxu və təzyiqə məruz qalması barədə irəli sürülən həmin dəlillər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, yalnız iddiaçının öz şəxsi mülahizələrinə əsaslanmışdır. İddiaçının özünün izahatı isə iddianın əsaslı olması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Halbuki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. (Mülki Prosessual Məcəllənin 81-ci maddəsi). Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh «xxxx» MMC-yə qarşı iddiası işə bərpa hissəsində təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, İddiaçı işlədiyi dövrdə gecə növbəsində işə cəlb edildiyini və bununla bağlı cavabdeh tərəfindən ona 2500 manat əmək haqqının ödənilmədiyini bildirsə də, məhkəməyə həmin halları da təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə sübutetmə yükü üzərinə düşən tərəf kimi iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi sübut edə bilmədiyindən İddiaçı cavabdeh «xxxx» MMC-yə qarşı işə bərpa və ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh «xxxx» MMC-yə qarşı işə bərpa və ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar