Məhkəmə qərarları › İş №2(060)-4514/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4514/2022

17.08.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4514/2022 17.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər xx.xx.1968-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh2, xx.xx.1974-cü il təvəllüdlü Cavabdeh3, xx.xx.2018-ci il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü Hüseynova Sevinc Hüseyn qızının xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanına olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və pasport qeydiyyatından çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini onunla əsaslandırmışdır ki, 19 aprel 2022-ci il tarixil AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X2 mülkiyyətində olan ünvan 1-də yerləşən yaşayış evini ona satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 1 tam mülkiyyətindədir. Kommunal xərclərin ödənilməsi ilə bağlı ona təqdim olunmuş bildirişlərdə xidmət haqlarının çox olması ilə bağlı borcun yaranma səbəbini araşdırarkən məlum olmuşdur ki, mülkiyyətində olan mənzildə xx.xx.1968-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh2, xx.xx.1974-cü il təvəllüdlü Cavabdeh3, xx.xx.2018-ci il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü Hüseynova Sevinc Hüseyn qızı qeydiyyatdadırlar, lakin həmin mənzildə yaşamırlar. Cavabdehlərin həmin mənzilə qeydiyyatı formal xarakter daşıyır, bu isə, öz növbəsində onun mülkiyyət hüququna əsassız müdaxilə təşkil edir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Mülkiyyətində olan mənzildə qeydiyyatda olan şəxslərin yetkinlik yaşına çatmamaları onlara qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən qeydiyyatdan çıxarılma” tələbinə dair iddia qaldırılmasına qanunvericiliklə yol verilmədiyi üçün hazırkı iddia tələbi üzrə cavabdeh qismində onların valideyni Cavabdeh2 cəlb edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki iş materiallarında olan: AN-İ seriyalı ******* saylı 19 aprel 2022-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin surətindən görünür ki, X2 ona məxsus Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 3/40, 1 saylı mənzili alıcı İddiaçı mülkiyyətinə vermişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 3/40, 1 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 213 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-cu il tarixli və 2 saylı MKS-nin xx.xx.2022-ci il tarixli arayışlardan görünür ki, keçmiş sakinlər xx.xx.1968-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh2, xx.xx.1974-cü il təvəllüdlü Cavabdeh3, xx.xx.2018-ci il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü Hüseynova Sevinc Hüseyn qızı Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 3/40, 1 saylı mənzildə qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 146.1-ci maddəsin əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsindəşikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrli qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, keçmiş mülkiyyətçinin adına qeyd olunan mənzilin dövlət reyestrində qeydiyyat yazısı ləğv edilmiş və həmin mənzil dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. Keçmiş mülkiyyətçi ailə üzvləri ilə birlikdə köçüb başqa yaşayış yerinə getmiş, lakin mənzildən qeydiyyatdan çıxmamışdır. Mənzildə cavabdehlərə məxsus hər-hansı əmlak yoxdur. Cavabdehlər qeyd olunan mənzildən qeydiyyatdan çıxmamaqla iddiaçının öz mülkiyyəti üzərində sərəncam vermək hüquqlarını, öz mülkiyyətindən maneəsiz istifadə hüququnu məhdudlaşdırırlar. Cavabdehlərin həmin ünvanda qeydiyyatı formal xarakter daşıyır. Cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılması üçün onların mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Odur ki, cavabdehlərin mənzildən istifadə hüququ alqı-satqı müqaviləsinin bağlandığı vaxtdan itirilmiş sayılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, 2018-ci il təvəllüdlü X1 və 2015-ci il təvəllüdlü Hüseynova Sevinc Hüseyn qızının Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 3/40, 1 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə qeyd edir ki, yaşayış yeri üzrə qeydiyyatın ləğv edilməsi məhkəmənin səlahiyyətinə aid olmamaqla “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq icra hakiməti orqanı tərəfindən həyata keçirilir. AR MPM-in 119-cu maddəsinə əsasən iş üzrə 100 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, 2018-ci il təvəllüdlü X1 və 2015ci il təvəllüdlü Hüseynova Sevinc Hüseyn qızının Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 3/40, 1 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar