Məhkəmə qərarları › İş №2(060)-4518/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4518/2025

10.09.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4518/2025 10.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətini cəlb etməklə "əmək müqaviləsinə xitam verilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətini cəlb etməklə "əmək müqaviləsinə xitam verilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2014-cü ildə "xxxx" LTD MMC-də (VÖEN: **********) əmək müqaviləsi əsasında “Operator” işinə qəbul edilmişdir. X1 vəfat etdikdən sonra müəssisə öz fəaliyyətini dayandırsa da, iddiaçının adı həmin müəssisədə işçi kimi qalmışdır. İşəgötürənlə bağlanmış əmək müqaviləsi müddətli olub müqavilənin qurtardığı tarix xx.xx.2016-cı ildir. İşəgötürən vəfat etdiyindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verməmişdir. Bundan sonra Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X3 Xidmətinə xx.xx.2025-ci ildə ərizə ilə müraciət etmişdir. Elektron qaydada əmək müqaviləsi bildirişi əldə etmişdir. Həmin əmək müqaviləsi bildirişinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsi də hal-hazırda qüvvədədir. Cəmiyyətin rəhbəri vəfat etdikdən sonra “Coşqun LTD" MMC fəaliyyətini dayandırmışdır və iddiaçının cəmiyyətlə heç bir əlaqəsi yoxdur. İddiaçı ilə "xxxx" MMC arasında 01 yanvar 2014-cü ildə bağlanmış əmək müqaviləsinin qüvvədən salınmış hesab edilməsi və əmək müqaviləsinin qüvvədən salınması ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsinin AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən, iddiaçı ilə "xxxx" MMC arasında 01 yanvar 2014-cü ildə bağlanmış əmək müqaviləsinin qüvvədən salınmış hesab edilməsi və əmək müqaviləsinin qüvvədən salınması ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsinin AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh və müstəqil tələb irəli sürməyən şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

5. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və müstəqil tələb ieəli sürməyən şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iddiaçının izahatını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. İş materiallarında olan “myGov” sistemindən olan çıxarışa əsasən İddiaçı "xxxx" MMCdə operator, yardım xidməti vəzifəsində çalışır, aylıq əmək haqqı isə 200 manatdır.

8. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MŞS/MT030/2025/00953 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı 50 manat məbləğində mediasiya xərci və 10 manat məbləğində kargüzarlıq xərci ödəmişdir. Həmçinin İMS üçün ərizənin tarixi xx.xx.2025-ci ildir.

9. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-2-9/2-157445/2025 saylı məktubdan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə daxil olmuş müraciətə qanunvericiliyə uyğun olaraq baxılmışdır. Bildirilir ki, hüquqi şəxslərin dövlət reyestr məlumatlarında hüquqi ünvanı ünvan 1 Cəmiyyətinin (VÖEN **********) hal-hazırda fəaliyyəti aktivdir. Bundan əlavə bildirilir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin yenidən təşkil olunması barədə hüquqi şəxslərin dövlət reyestrində məlumat aşkar edilməmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

10. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə xx.xx.2014-cü il tarixdə əmək müqaviləsi bağlanmış, sonradan iddiaçı əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı işəgötürənə müraciət etsə də, müraciəti cavabsız qalmışdır.

c)Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

12. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

13. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

14. Həmin maddənin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir.

15. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin «c» bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir.

16. Məhkəmə qeyd edir ki, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi ilə bağlı Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda Əmək Məcəlləsində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək müqaviləsinə xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş “Əmək müqaviləsi bildirişi”nin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

17. Göründüyü kimi iddiaçının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sistemində əmək müqaviləsi bildirişinin ləğv edilməməsi onun başqa bir işdə çalışmasına maneə törədir. Nəticədə bu hal iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarır.

18. Belə olan halda, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalı, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə xitam verilməli, xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə məlumatın “Əmək müqaviləsi bildirişinin” elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X3 Xidmətinə həvalə edilməlidir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

21. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

22. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

23. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

24. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə xitam verilsin. xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə məlumatın “Əmək müqaviləsi bildirişinin” elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X3 Xidmətinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar