Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4602/2021 01.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Şəhər Bələdiyyəsinə qarşı torpağa icarə hüququnun tanınması və icarə müqaviləsinin bağlanması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Sumqayıt Bələdiyyəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 133 saylı yanacaqdoldurma məntəqəsinin ətrafında olan 3000 kv.metr torpağa daimi istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı sonradan iddia ərizəsinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 133 saylı yanacaqdoldurma məntəqəsinin ətrafında olan 3000 kv.metr torpaq sahəsi üzərində icarə hüququnun tanınması və həmin torpağa dair icarə müqaviləsinin bağlanmasının Sumqayıt Bələdiyyəsinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt şəhər Məhkəməsinin 12 fevral 2018-ci il tarixli, 2(060)-1091/2018 saylı qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Sumqayıt Bələdiyyəsi qiyabi qətnamənin ləğvi barədə ərizə təqdim etdiyindən Sumqayıt Şəhər Məhkəməsinin Sumqayıt şəhərinin 30 aprel 2021-ci il tarixli, 2(060)- 1091/2018 saylı qərardadı ilə qiyabi qətnamə ləğv edilmiş mülki işin icraatı təzələnmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır (25.1.). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı Sumqayıt Bələdiyyəsini cavabdeh kimi göstərərək onun icarə müqaviləsi bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda Azərbaycan Respublikasının Bələdiyyələri inzibati orqanlar siyahısına aid edilmişdir. Hazırkı iş üzrə tərəflər arasında yaranmış hüquq münasibətləri ümumi hüquq münasibətlərindən yaranan münasibətlərdir. Belə ki, bu münasibətlərdə bir tərəfdə vətəndaş (fiziki şəxs), digər tərəfdə isə hakimiyyət səlahiyyətlərinə malik olan inzibati orqan dayanır. İşin müəyyən edilmiş hallından görünür ki, iddiaçı onun sahibliyində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun təsdiq edilməsini istəyir. Belə olan halda o, bu barədə ərizə ilə müvafiq inzibati orqana müraciət etməli, inzibati orqan tərəfindən imtina cavabı aldığı təqdirdə isə həmin tələblə bağlı iddia ərizəsi ilə müvafiq inzibati məhkəməyə müraciət etməli idi. Hazırkı tələbə isə ümumi məhkəmədə baxıla bilməz. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən Qərarında həmçinin göstərilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə hesab edir ki, MPM-nin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh ünvan 2 ünvanında yerləşən 133 saylı yanacaqdoldurma məntəqəsinin ətrafında olan 3000 kv.metr torpağa daimi icarə hüququnun tanınması və icarə müqaviləsinin bağlanmasının cavabdehin üzərinə qoyulması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-4602/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4602/2021
01.07.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver