Məhkəmə qərarları › İş №2(060)-4641/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4641/2021

08.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4641/2021 08.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, Ərizəçi və nümayəndəsi, vəkil X2 iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi (maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat şöbəsi) barədə ərizəsinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (bundan sonra - ərizəçi) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək (Sumqayıt şəhər Qeydiyyat şöbəsini maraqlı şəxs kimi göstərməklə), 09.03.2020-ci ildə anadan olmuş X1 doğum faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi 2019-cu ildə Məhəmməd Nazirov adlı şəxslə faktiki nikah münasibətlərinə girərək ailə qurub. Evliliklərinin ilk vaxtlarında münasibətləri normal olsa da, sonradan aralarında yaranmış mübahisələr nəticəsində Məhəmməd Nazirov onu tərk edərək getmişdir. O, evdən gedərkən ərizəçi hamilə idi. 09.03.2020-ci il tarixində ərizəçinin qızı dünyaya gəlmişdir. Uşaq dünyaya gələrkən anası və qonşuları İlhamə və yaxın rəfiqəsi Aynurə yanında olmuşdur. Uşaq ev şəraitində doğulduğu üçün doğum şəhadətnaməsi ala bilməyib. Bu səbəbdən məhkəməyə müraciət edib. Ərizəçi və onun nümayəndəsi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdilər və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs məhkəmə iclasında təmsil edilməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, ərizəçi 29.08.1984-cü ildə anadan olmuşdur. 18 saylı Mənzil Kommunal Sahəsinin 28.04.2021-ci il tarixli, 265 saylı arayışına əsasən ərizəçi hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Sumqayıt şəhər 5 nömrəli Uşaq poliklinikasının 258.04.2021-ci il tarixli arayışında göstərilmişdir ki, ünvan 1 ünvanında yaşayan uşaq Sofiya İsmayılova 19.04.2021-ci il tarixindən poliklinikada qeydiyyata götürülüb və sağdır. Sumqayıt şəhər Qeydiyyat şöbəsinin 22.04.2021-ci il tarixli məktubunda ərizəçiyə bildirilmişdir ki, doğumun qeydə alınması üçün, tibbi arayış, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma köməklik göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim edilməlidir. Həmin sənədləri təqdim edə bilmədiyinə görə ərizəçiyə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə iclasında ifadə vermiş şahid X3 ifadəsində bildirdi ki, ərizəçi onun qızıdır. Qızı 09.03.2020-ci il tarixində ev şəraitində uşaq dünyaya gətirmişdir. Uşaq doğularkən o, qonşuları və qızının rəfiqəsi ərizəçinin yanında olublar. Uşaq gecə saat təxminən 01 radələrində dünyaya gəlib. Uşaq evdə doğulduğundan ona tibbi şəhadətnamə verilməyib. Uşağı Sofiya deyə çağırırlar. Məhkəmə iclasında ifadə vermiş şahid X4 ifadəsində bildirdi ki, o ərizəçinin qonşusudur. 09.03.2020-ci il tarixində gecə saatlarında ərizəçinin ağrıları tutduğundan onu da çağırıblar. Uşaq doğularkən o, ərizəçinin yanında olub. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (307.1.). Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır (307.2.3.). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (308). Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir (310.1.). Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır (310.1.). İşdən göründüyü kimi ərizəçi övladı X1 doğum faktının müəyyən edilməsini xahiş edirlər. Onların doğumun qeydə alınması üçün maraqlı şəxsə müraciət etmiş, lakin maraqlı şəxs tibbi arayışın, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma köməklik göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənədin olmaması səbəbindən müraciəti təmin etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 4.3-cü bəndində göstərilmişdir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Məhkəmə hesab edir ki, iddia ərizəsinə əlavə edilmiş sənədlər, həmçinin şahid ifadələri əsasında X1 09.03.2020-ci ildə, Sumqayıt şəhərində doğulması, anasının Ərizəçi olması sübuta yetirilir. Həmin faktları təkzib edən hər hansı sübut iş materialları ilə müəyyən edilmir. Bu səbəbdən ərizə təmin edilməli və X1 doğum faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçinin övladı X1 09 mart 2020-ci ildə, Sumqayıt şəhərində doğulması, anasının Ərizəçi olması faktı müəyyən edilsin. Hazırkı qətnamə həmin fakt üzrə müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar