Məhkəmə qərarları › İş №2(060)-466/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-466/2023

07.02.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-466/2023 07.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, Cavabdeh, Cavabdeh vəkili Vəkil1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mənzilə istifadə qaydasının müəyyən edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə ünvan 1 ünvanda yerləşən 37 saylı mənzildən istifadə qaydasının müəyyən olunması, mənzilin iki otağının cavabdehin istifadəsinə verilməsi və yerdə qalan iki otağının isə, iddiaçıların hər birinə bir otaq olaraq istifadələrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı və digər iddiaçı X2 nümayəndəsi İddiaçı1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 30 ünvanda yerləşən 37 saylı mənzildən istifadə qaydasının müəyyən edilməsi, yəni mənzilin məhkəmənin sorğusu əsasında əldə olunmuş planına əsasən 12,58 kv.m olan otağının cavabdehin istifadəsinə, sahəsi 9,00 kv.m olan otağının İddiaçı2 istifadəsinə, sahəsi 14,06 kv.m olan otağının İddiaçı1 istifadəsinə verilməsi, sahəsi 17,89 kv.m olan qonaq otağının və mənzilin sanitar qovşağının ümumi istifadədə saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 30 ünvanda yerləşən 37 saylı mənzil dövlət mənzil fonduna aid olmaqla xx.xx.1984-cü il tarixli 00352 nömrəli order əsasında X1 özü daxil 8 nəfərdən ibarət ailə üzvünə verilmişdir. X3 hazırki iş üzrə tərəflərin, yəni həm iddiaçıların, həm də cavabdehin atasıdır. O, xx.xx.1985ci ildə ölmüşdür. Tərəflərin anası xx.xx.1998-ci il tarixdə ölmüşdür. Hazırda həmin mənzildə mənzilin orderində adları göstərilən şəxslərdən iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh, arvadı və iki övladı ilə birlikdə yaşayır. Mənzil 4 otaqdan ibarətdir. Buna baxmayaraq cavabdeh və onun ailə üzvləri mənzilin 3 otağından istifadə edir və mənzilin orderində adı olan mənzilin özəlləşdirilməsində iştirak etmək hüququna malik iddiaçılar isə, ikisi birlikdə mənzilin bir otağından istifadə edirlər. Qeyd edir ki, iddiaçılardan İddiaçı2 birinci qrup əlildir. Bu barədə sənəd əlavə olunur. İddiaçılar dəfələrlə cavabdehə müraciət edərək, mənzildən istifadə qaydasının müəyyən edilməsi, yəni mənzilin iki otağının cavabdehin və ailəsinin istifadəsinə verilməsi və yerdə qalan iki otağın isə iddiaçıların hər birinə bir otaq olaraq istifadələrinə verilməsi barədə razılığa gəlmək təklif olunsa da, cavabdeh buna heç bir məhəl qoymamışdır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət olunur. İddiaçı1 vəkili Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı və digər İddiaçı2 nümayəndəsi İddiaçı1 iddia tələbini müdafiə edərək bildirmişdir ki, mənzildən istifadə qaydasının müəyyən olunması zəruridir. Belə ki, artıq 40 yaşı olmasına baxmayaraq, ailə qura bilməmişdir. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh vəkili iddia tələbini qəbul etmədi, izahat verərək bildirdi ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 30 ünvanında yerləşən 37 saylı mənzilin texniki cəhətdən bölgüsünün mümkün olmasına dair iddiaçılar tərəfindən hər hansı sənəd təqdim edilməmişdir. Tərəflərin hər birinin istifadəsinə 1 otaq verilməklə qonaq otağının və sanitar qovşağın ümumi istifadədə saxlanılması barədə iddiaçıların tələbi cavabdehin və onun ailə üzvlərinin mənzildən istifadə hüquqlarını pozur. İddiaçılar öz iddia ərizəsində onların istifadəsinə verilməsini tələb etdikləri otaqlarda özlərinin faktiki yaşadıqlarını əsaslandırmalı idilər, lakin bu hal əsaslandırılmamış, istifadələrinə verilməsini tələb etdikləri otaqlar cavabdehin istifadəsindədir, otaqdakı əşyalar cavabdehə məxsusdur. Belə ki, iddiaçılar mənzildəki otaqların yalnız birindən – qonaq otağına bitişik yataq otağından istifadə edirlər. İddiaçıların tələb etdikləri qaydada mənzil bölgüsünün aparılması mümkün olmadığından iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - xx.xx.1984-cü il tarixli, 00352 saylı orderdən görünür ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 30 ünvanında yerləşən 37 saylı mənzil dövlət mənzil fonduna aid olmaqla X1 özü daxil olmaqla 8 nəfərdən ibarət ailə üzvünə verilmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 30 ünvanında yerləşən 37 saylı mənzildə İddiaçı1, Cavabdeh, X8, X5 və İddiaçı2 qeydiyyatdadır. - ölüm haqqında şəhadtnamənin surətindən görünür ki, X4 xx.xx.1985-ci il tarixində ürək-damar çatışmazlığı səbəbindən ölmüşdür. - Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmiş 15 dekabr 2022-ci il tarixli sorğunun cavabı olaraq Azərbaycan Respublikası Sumqayıt Şəhəri İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı İstehalat Birliyi tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 05 saylı məlumatdan görünür ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 30 ünvanında yerləşən 37 saylı mənzil ümumi sahəsi 80,84 kv.m, yaşayış sahəsi 53,13 kv.m, köməkçi sahəsi 27,71 kv.m olmaqla 1 dəhliz, 1 mətbəx, 4 yaşayış otağı və 1 hamam otağından ibarətdir. Məlumata Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 30 ünvanda yerləşən 37 saylı mənzilinin 13 saylı MİS rəisinin xx.xx.1988-ci il tarixdə təsdiq etdiyi plan sxemi əlavə edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 30 ünvanda yerləşən 37 saylı mənzil dövlət mənzil fonduna aid olmaqla xx.xx.1984-cü il tarixli 00352 nömrəli order əsasında X1 özü daxil 8 nəfərdən ibarət ailə üzvünə verilmişdir. X3 hazırki iş üzrə tərəflərin, yəni həm iddiaçıların, həm də cavabdehin atasıdır. O, xx.xx.1985-ci ildə ölmüşdür. Tərəflərin anası xx.xx.1998-ci il tarixdə ölmüşdür. Hazırda həmin mənzildə mənzilin orderində adları göstərilən şəxslərdən iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh yaşayır. Cavabdeh arvadı və iki uşağıda həmin mənzildə yaşamaqlarına baxmayaraq onların mənzilə istifadə hüquqları hazırki araşdırma zamanı müəyyən edilmir. Mənzil 4 otaqdan ibarətdir. Buna baxmayaraq cavabdeh və onun ailə üzvləri (arvadı və iki uşağı) mənzilin 3 otağından istifadə edir və mənzilin orderində adı olan mənzilin özəlləşdirilməsində iştirak etmək hüququna malik iddiaçılar isə, ikisi birlikdə mənzilin bir otağından istifadə edirlər. İddiaçılar cavabdehə müraciət edərək, mənzildən istifadə qaydasının müəyyən edilməsi, yəni mənzilin bir otağının cavabdehin və ailəsinin istifadəsinə verilməsi və yerdə qalan iki otağın isə iddiaçıların hər birinə bir otaq olaraq istifadələrinə verilməsi barədə razılığa gəlmək təklif olunsa da, cavabdeh buna heç bir məhəl qoymamışdır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət olunur. İddiaçılar iddia tələbini müdafiə edir, cavabdeh iddia tələbini qəbul etmir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin 1-ci hissəsinə görə -Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflərin mübahisəli mənzilə hüquq münasibətləri 1984-cü ildə yaranmışdır. 1982-ci ildən 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsi; Maddə 51. Yaşayış sahəsini icarə müqaviləsi. Yaşayış sahəsini icarə müqaviləsinin bağlanması Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Maddə 52. Yaşayış sahəsini icarə müqaviləsinin predmeti Dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Otağın bir hissəsi və ya digər otaqla qapısı bir olan otaq (təcrid olunmayan iç-içə otaqlar), habelə yardımçı sahələr (mətbəx, dəhliz və i. a.) icarə müqaviləsinin müstəqil predmeti ola bilməz. Maddə 53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının qanununun 5-ci bəndinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Biri digərindən təcrid olunmamış məhdud kommunal şəraitli mənzillər (evlər) özəlləşdirilərkən, həmin mənzillərdəki (evlərdəki) ümumi istifadə yerləri mülkiyyətçilərin ümumi mülkiyyətinə verilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh mübahisəli mənzildən istifadə hüququna malikdir. İddiaçıların ehtiyacı olmasına baxmayaraq cavabdeh ilə birlikdə sözügedən yaşayış sahəsindən istifadə edə bilməməsi ilə bağlı məhkəmə hesab edir ki, bu hal onların iradəsinə uyğun baş verməmiş, cavabdeh iddiaçıların mübahisəli mənzildən olan hüquqları qədərində istifadəsini mümkünsüz etmişdir. Bunu tərəflərin izahatı və işin faktiki halları təsdiq edir. Mənzil üç ayrı yataq otağından, bir qonaq otağından, bir mətbəx otağından, bir hamam otağından və bir dəhlizdən ibarətdir. Məhkəmə hesab edir ki, mübahisəli mənzilə istifadə hüququ olan üç nəfərə, yəni iddiaçılar və cababdehə hər birinə bir yataq otağından istifadə qaydası müəyyən edilməklə, mənzilin digər hissələrindən onların birgə istifadə qaydası müəyyən edilməlidir. Cavabdeh hazırda mənzilin 13,22 kv.m və 9,5 kv.m olan (13 saylı MİS rəisinin xx.xx.1988-ci il tarixdə təsdiq etdiyi plan sxemə əsasən) iki yataq otağından istifadə edir, iddiaçılar isə 12,81 kv.m sahəsi olan üçüncü yataq otağından, digər hissələr isə hazırda ümumi istifadələrindədir. Göründüyü kimi, iddiaçılar va cavabdeh mənzilə münasibətdə eyni hüquqlu olmalarına baxmayaraq, iddiaçıların istifadəsində yalnız bir yataq otağıdır. Ona görədə, Məhkəmə hesab edir ki, iddia təmin edilməli, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 30 ünvanda yerləşən 37 saylı mənzilinə istifadə qaydaları müəyyən edilərək, 13 saylı MİS rəisinin xx.xx.1988-ci il tarixdə təsdiq etdiyi plan sxemidə göstərilən, mənzilin 12,81 kv.m sahəsi olan yataq otağı İddiaçı1, 9,50 kv.m sahəsi olan yataq otağı İddiaçı2, 13,22 kv.m sahəsi olan yataq otağı Cavabdeh istifadəsinə verilməklə, mənzilin sahəsi 17,60 kv.m olan qonaq otağı və mənzilin sanitar qovşağı iddiaçılar və cavabdehin ümumi istifadələrində saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 30 ünvanda yerləşən 37 saylı mənzilinə istifadə qaydaları müəyyən edilərək, 13 saylı MİS rəisinin xx.xx.1988-ci il tarixdə təsdiq etdiyi plan sxemində göstərilən, mənzilin 12,81 kv.m sahəsi olan yataq otağı İddiaçı1, 9,50 kv.m sahəsi olan yataq otağı İddiaçı2, 13,22 kv.m sahəsi olan yataq otağı Cavabdeh istifadəsinə verilsin, mənzilin sahəsi 17,60 kv.m olan qonaq otağı və mənzilin sanitar qovşağı iddiaçılar və cavabdehin ümumi istifadələrində saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar