Məhkəmə qərarları › İş №2(060)-4662/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4662/2021

14.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4662/2021 14.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış-istifadə hüququnun itirilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ünvan 1 ünvanında yerləşən mənzilinə olan yaşayış-istifadə hüquqlarının itirilmiş hesab olunması barədə qətnamə qəbul etməyi xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək göstərdi ki, ünvan 1 ünvanında yerləşən mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 27.10.2020-ci il tarixli çıxarışa əsasən onun şəxsi mülkiyyətindədir. Həmin mənzili 20.10.2020-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsi əsasında X3 almışdır. Alqı-satqı müqaviləsinin 13-cü bəndinə əsasən satıcı müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 20.11.2020-ci il tarixədək qeydiyyatdan çıxmağı öhdəsinə götürür. Lakin cavabdehlər bu günə qədər müxtəlif bəhanələrlə qeydiyyatdan çıxmırlar. Ona görə də məcbur olub məhkəməyə müraciət edir. Cavabdehllərin mənzildə qeydiyyatda qalmaları səbəbindən mənzillə bağlı hüquqlarını həyata keçirməyə çətinlik çəkir, əlavə kommunal xidmətlər ödəməyə məcbur olur. Göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ünvan 1 ünvanında yerləşən mənzilinə olan yaşayış-istifadə hüquqlarının itirilmiş hesab olunması barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh2 iddia tələbini qəbul edərək göstərdi ki, o, sözügedən mənzilin keçmiş sahibi olmuşdur. Cavabdeh kimi göstərilənlər onun ailə üzvləridir. Hazırda onlara qarşı verilmiş iddia tələbini qəbul edirlər və göstərilən ünvandan qeydiyyatdan çıxarılmasına etiraz etmədiklərini bildirərək bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmədə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Cavabdeh2 izahatına uyğun izahat verərək, iddia tələbini qəbul etdiklərini məhkəmənin diqqətinə çatdırdılar. Məhkəmə İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edib, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan 21.10.2020-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən müəyyən edilir ki, Cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 579A-nı 30000 (otuz min) manata İddiaçı satmışdır. Müqavilənin 13-cü bəndinə əsasən satıcı Cavabdeh2 20.11.2020-ci il tarixə kimi qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “çıxarış”ın surətindən görünür ki, ünvan 1 olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli reyestrində 27.10.2020-ci il tarixində qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ərizəsindən görünür ki, İddiaçı onlara qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair iddianı qəbul edirlər və qeydiyyatdan çıxmağa razıdırlar. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, 26.01.2021-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1-da qeydiyyatdadırlar. İş materiallarında olan AZE seriyalı, № 15678319, 13821060 və 16767139 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4, X2 və X1 Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Sahil küçəsi, ev 5, mənzil 1-də qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Cavabdehlərin qeyd olunan mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını, həmçinin mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnu məhdudlaşdırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyanın alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarından göründüyü kimi, Sumqayıt şəhəri Corat qəsəbəsi, ev 579A-nın keçmiş sahibi alqı-satqı müqaviləsinə əsasən həmin mənzili alıcı İddiaçı hüquqlarından azad verməyi və müqavilə notarial qaydada təsdiq olunduğu tarixdən razılaşdırılmış müddətdə satdığı mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Lakin mənzilin keçmiş sahibi üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməmiş, özləri və ailə üzvləri mənzili boşaldaraq alıcıya təhvil verib, başqa yaşayış yerinə getsələr də, mənzildən qeydiyyatdan çıxmamış və mənzil cavabdehlərin hüquqlarından azad olunmamışdır. Hazırda iddiaçının qanunla qorunan mülkiyyət hüquqları pozulduğundan, o, məhkəmədə haqlı olaraq iddia qaldırmaq məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbayçan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Şərh edilənləri və cavabdehlərin iddia tələbini qəbul etməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə olan yaşayış-istifadə hüquqları itirilmiş hesab edilməli və iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə olan yaşayış-istifadə hüquqları itirilmiş hesab edilsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar