Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4665/2021 13.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Həsənova Həvva Seymur qızının katibliyi, İddiaçı , Onun nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh Sumqayıt şəhəri, 9-cu mikrorayon, 58 saylı evin, 38 nömrəli mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 58 saylı evin, 38 nömrəli mənzili 27.09.1977-ci il tarixdə, 13/2149 saylı order əsasında həyat yoldaşı Həsənov Alxas Əliş oğluna verilmişdir. Həyat yoldaşı Həsənov Alxas Əliş oğlu 06 may 2000-ci ildə vəfat etmişdir. Hal-hazırda o həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdeh onun oğludur. O, 21 ildən çoxdur ki, həmin mənzildə yaşamır. Belə ki, o, 24 dekabr 1999-cu ildə Rusiya Federasiyasına getmiş və orada ailə həyatı qurmuşdur. Həmin vaxtdan da bu günə kimi cavabdeh bir gün də olsun həmin mənzildə yaşamamışdır. Bu qonşuların iştirakı ilə tərtib olunmuş aktda da öz təsdiqini tapır. O, Rusiya Federasiyasında yaşayır. Hesab edir ki, cavabdeh 21 ildən çoxdur ki, həmin mənzili tərk edərək daimi yaşamaq üçün başqa yerə getdiyindən, onun həmin mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir.Hətta cavabdeh 2021-ci ilin yazında rəhmətə getmiş bacısının belə yasına gəlməmişdir. Cavabdehin həmin mənzilə qeydiyyatı formal xarakter daşıyır. Həmçinin mənzilin özəlləşdirilməsində cavabdehin də razılığı olmalıdır. Lakin cavabdehlə əlaqələri yoxdur. Bütün sadalananlar isə ona çətinliklər yaradır. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin diqqətinə onu da çatdırır ki, cavabdeh onun yeganə oğludur. Ona görə də, cavabdeh Sumqayıt şəhərinə qayıdacağı halda böyük sevinclə onu yenidən mənzilə qeydiyyata salacaqdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili X7 məhkəmə iclasında iddia tələbini əsaslı hesab edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin qeydiyyatda olduğu ünvanı üzrə məhkəmə bildirişi göndərilmiş, lakin onların faktiki olduğu yer məlum olmadığından məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X4 bildirdi ki, onlar iddiaçı ilə qonşudurlar, 2000-ci ildən bir blokda yaşayırlar. O, Solmazı tanıyır amma, onun oğlunu heç vaxt görməmişdir. Oğlunun Rusiyada yaşadığını eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 bildirdi ki, onlar 2000-ci ildən bir blokda yaşayırlar. Solmaz xanımı tanıyır, oğlunu isə heç vaxt görməmişdir. Amma onun Rusiyada yaşadığını eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 bildirdi ki, o iddiaçının qızıdır. X2 şəhərində yaşayır. 20-22 ildir ki oradadır və onlarla heç bir əlaqə saxlamır. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 27.09.1977-ci il tarixli, 13/2149 saylı orderin surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 58 saylı evin, 38 nömrəli mənzili Həsənov Alxas Əliş oğluna verilmişdir. İş materiallarında olan AZ-064237 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Həsənov Alxas Əliş oğlu 06 may 2000-ci ildə vəfat etmişdir. İş materiallarında olan forma-2 arayışından görünür ki, İddiaçı və Cavabdeh Sumqayıt şəhəri, 9-cu mikrorayon, 58 saylı evin, 38 nömrəli mənzilində rəsmi olaraq qeydiyyatdadırlar. İş materiallarında olan aktdan görünür ki, Cavabdeh 21 ildir ki, Sumqayıt şəhəri, 9cu mikrorayon, 58 saylı evin, 38 nömrəli mənzilində yaşamır. Məhkəmə, iş üzrə toplanılmış sübutlara qiymət verərək hesab edir ki, hazırki mübahisə üzrə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan Respublikasının 1982-ci il 8 iyul tarixli qanunu ilə təsdiq edilmişdir) normaları tətbiq olunmalı və qətnamə həmin hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinin mənasına əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli «Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. İşin məhkəmə iclasında müəyyən edilmiş halları və iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, cavabdeh hələ 1999-cu ildə mənzildən köçmüş, digər yaşayış məntəqəsinə gedərək daimi yaşayış yerini dəyişmişdir. Məhkəmə, ona görə də, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən Cavabdeh Sumqayıt şəhəri, 9-cu mikrorayon, 58 saylı evin, 38 nömrəli mənzilindən istifadə hüququ itirilmiş hesab edilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Sumqayıt şəhəri, 9-cu mikrorayon, 58 saylı evin, 38 nömrəli mənzilinə istifadə hüququ itirilmiş hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri, 9-cu mikrorayon, 58 saylı evin, 38 nömrəli mənzilinə istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(060)-4665/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4665/2021
13.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver