Məhkəmə qərarları › İş №2(060)-4670/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4670/2021

06.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4670/2021 06.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Novruzova Nailə Xəlfəqulu qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsinə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2-ya köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası X3 1995-ci il tarixdə anası X1 ilə faktiki nikaha saxil olmaqla ailə qurmuşlar. Ailə qurduqdan sonra valideynləri Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 16/21-də yerləşən babası Əzizov Baxışa məxsus olan mənzildə yaşamışlar. İddiaçı və onun bacısı X2 həmin mənzildə yaşayarkən anadan olmuşlar. 2005-ci il tarixdə valideynləri ayrılmış, o bacısı ilə daimi ünsiyyətdə olmaqla atalarının himayəsində yaşamışlar. 2006-cı ildə Sumqayıt şəhəri, 2-ci mik, ev 16/21-də yerləşən babası Baxış Əzizova məxsus olan mənzil satılmış, alqı-satqıdan əldə olunmuş vəsaitlə Sumqayıt şəhəri, 6-cı mik, ev 20, mənzil 86 ünvanındakı 2 otaqlı ev alınmışdır. Həmin mənzil iddiaçının atasının razılığı ilə əmisi oğlu Cavabdeh adına rəsmiləşdirilmişdir. Həmin vaxt razılıq verilərkən iddiaçının atasına və onun övladları kimi iddiaçıya və bacısına məxsus olması mübahisəsiz qaydada hamı tərəfindən qəbul edilmişdir. Həmin mənzil alındıqdan sonra orada nənəsi Ceyran Əzizova, X7, bacısı Aytac və iddiaçı yaşamışlar. X7 19.11.2018-ci ildə, nənəsi Ceyran Əzizov isə 2020-ci ildə vəfat etmişlər. Bacısı Aytac 2020-ci il tarixdə ailə quraraq mənzili tərk etmişdir. Bundan sonra mənzildə iddiaçı, analığı Səfiyyə və onun övladı yaşamışlar. Əmisi oğlu Elman bir gün də, olsa həmin mənzildə yaşamamışdır. Mənzilin onunadına rəsmiləşdirilməsi formal xarakter daşıyır. Son vaxtlara kimi mənzildə iddiaçının da, payının olması, mənzildən istədiyi kimi istifadə etməyi ilə bağlı heç kim tərəfindən hər hansı bir etiraz daxil olmamışdır. Bütün qohumlar, qonşular mənzilin iddiaçının mərhum atasına məxsus olmasını və onun ölümündən sonra iddiaçının da, hüququnun olmasını təsdiq edə bilərlər. Lakin son vaxtlar əmisi oğlu Cavabdeh, onun anası İradə və böyük əmisinin arvadı Mədinə iddiaçını 15 ildir ki, yaşadığı mənzildən çıxartmaq və mənzili satmaq üçün müxtəlif yollara əl atırlar. Öz niyyətlərinə çatmadıqlarını görərək iddiaçını 2021-ci ilin mart ayında yaşadığı mənzildən çıxartmışlar və mənzilin qapısının açarını dəyişmişlər. İddiaçının bütün əşyaları mənzildə qalmışdır. Dəfələrlə 15 ildən çox yaşadığı mənzilə buraxılması barədə müraciətlər etsə də, iddiaçını mənzilə buraxmamışlar. İddiaçının həmin mənzildən başqa yaşayış yeri yoxdur. Artıq 40 gündən artıqdır ki, qohumlarının və tanışlarının evində məcburi müvəqqəti yaşamaq məcburiyyətində qalmışdır. Qeyd edilən mənzil iddiaçının atasına və onun övladlarına məxsus olması son vaxtlara qədər heç kəs tərəfindən mübahisələndirilməmişdir. Lakin hazırda əmisi oğlu və əmisi arvadlarının onu evindən çıxartdığına göə yeganə yaşayış yerindən məhrum olmuşdur. Ona görə də hazırki iddia ərizəsi iə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq qeyd etmişdir ki, mübahisəli mənzili cavabdeh qəsdən ipoteka ilə yüklü edərək, sonradan kredit borcunu ödəməmiş və nəticədə, mənzil satılaraq özgəninkiləşdirlimişdir. Hazırda həmin mənzidə tanımadığı yeni mülkiyyətçi yaşayır. Buna baxmayaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Cavabdehə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş Arayışa əsasən, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. -22.04.2021-ci il tarixli 13 saylı Mənzil Kommunal Sahəsinin təsdiq etdiyi aktdan görünür ki, İddiaçı həqiqətən də 2006-cı il tarixindən ünvan 2 ünvanında yaşayır. -13 saylı Mənzil Kommunal Sahəsinin iddiaçının vəkili Zaur Abbasov adına ünvanladığı arayışdan görünür ki, ünvan 3 Cavabdehdur. Göstərilən mənzildə qeydiyyatda olan şəxslər haqqında məlumat yoxdur. Hal-hazırda mənzildə qeydiyyatda olan şəxs yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında mübahisəyə baxılarkən 2000-ci ilin sentyabr ayında qəbul edilmiş Mülki Məcəllənin normalarına istinad edilməlidir. Belə ki, iddiaçı mübahisəli mənzilə 2006-ci ildə köçmüş və 2021-ci ilin mart ayınadək orada yaşamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı mənzilin, yaşamağa başladığı vaxt və hazırdakı mülkiyyətçisinin Azərbaycan Respublikası MM-nin 228.5-ci maddəsində göstərilən ailə üzvləri dairəsinə daxil deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının mənzilin mülkiyyətçisi ilə notariat qaydasında təsdiqlənən yazılı razılaşması mövcud olmadığından, istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, eləcə də o, sonuncunun qanunvericilikdə nəzərdə tutulmuş ailə üzvləri dairəsinə mənsub olmadığından mübahisəli evdən istifadə hüququ əmələ gəlməmiş, İddiaçı belə bir hüquqa malik olmamışdır. Odur ki, məhkəmə iddiaçının iddia tələbini əsassız sayır. Belə ki, iddiaçının sözügedən evdə istifadə hüququ olmadığı təqdirdə oraya köçürülməsini, habelə istifadə qaydalarının müəyyən edilməsini qanunvericilik istisna edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi : İddiaçı Cavabdeh qarşı ünvan 2-ya köçürülmə tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar