Məhkəmə qərarları › İş №2(060)-4684/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4684/2020

03.11.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4684/2020 03.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «bağ sahəsinin və bağ evinin boşaldılması tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «bağ sahəsinin və bağ evinin boşaldılması tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və digərlərinin Sumqayıt şəhəri, Sarı-qaya bağlar massivi 387, (indiki M.İbrahimov küçəsi) və Sumqayıt şəhəri, Novxanı bağ massivi, 386 nömrəli bağ sahəsindən çıxarılmaları və 150.000 manat maddi zərərin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, iddiaçı xx.xx.2013-cü il tarixdə Sumqayıt şəhər notariusunda 110 nömrəli şəhadətnamə əsasında T.M.Mustafazadədən Sumqayıt şəhəri Sarı-qaya bağ massivi, 387-dən (indiki M.İbrahimov küçəsi) 0,22 ha bağ sahəsini alqı-satqı müqaviləsi əsasında almışdır. xx.xx.2013-cü il tarixdə 22 ha sahəyə dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Hüquqlann Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli, RX seriyalı çıxarışı 2 saylı ərazi idarəsindən almışdır. İddiaçı xx.xx.2014-cü ildə yəni 2 ay sonra həmin bağ sahəsinə bitişik 110 nömrəli şəhadətnamə ilə T.Mustafazadəyə məxsus Sumqayıt şəhəri Novxanı bağ massivi (indiki M.İbrahimov küçəsi) 386-dan 18 ha bağ sahəsini və həmin sahələrdəki tikintiyə dair də Sumqayıt şəhər notariusunda 4/Ə122 nömrəli alqı-satqı müqaviləsi bağlamışdır. xx.xx.2014-cü il tarixdə isə 0,18 ha bağ sahəsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 2 saylı ərazi idarəsindən ******* nömrəli ikinci çıxarışı almışdır. Bağ sahəsi bir müddət istifadəsiz qalmışdır. Bundan sonra həmin sahələrdən və oradakı tikililərdən bağ kimi mövsüm vaxtı müvəqqəti istifadə etməyi tanışı Cavabdeh1 həvalə etmişlər. Təxminən 2015-2016-cı illərdə məlum olmuşdur ki, iddiaçıya məxsus 40 ha bağ sahəsindən, oradakı iki mərtəbəli evdən və digər tikililərdən Cavabdeh1 onun anası, həyat yoldaşı Cavabdeh2, X3 onun ailə üzvləri və digərləri ilə birlikdə daimi istifadə edirlər. Buna görə də iddiaçı qərara gəlmişdir ki, bağ sahəsindən ya özü istifadə etsin, ya da başqasına kirayə versin. Bu məqsədlə iddiaçının atası, Cavabdeh1 055 ***-**-** nömrəli mobil telefonuna zəng edərək, bağ sahəsini boşaltmasını tələb etmidir. Cavabdeh isə bildirmişdir ki, o Sumqayıt şəhərində hündürmərtəbəli binadakı mənzildə yaşaya bilmir və həmin bağa uzun müddət baxıb bu səbəbə görə də bağ sahəsini boşaltmayacaqdır. Hətta bildirmişdir ki, guya bağ sahəsi ona bağışlanmışdır. İddiaçı cavabdehə bildirmişdir ki, əgər bağışlamışlarsa notarial qaydada təsdiq olunmuş bağışlama müqaviləsini göstərsin. Cavabdeh buna etiraz edib bağın şifahi bağışlandığını bildirmişdir. Məcbur olub xx.xx.2020-ci ildə Sumqayıt şəhər Polis idarəsinə bağ sahəsinin boşaldılması ilə əlaqədar müraciət etmişdir. Orada isə iddiaçının məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərdi ki, iddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Sumqayıt şəhəri, Sarı-qaya bağlar massivi 387, (indiki M.İbrahimov küçəsi) və Sumqayıt şəhəri, Novxanı bağ massivi, 386 nömrəli bağ sahəsindən çıxarılmalarını məhkəmədən xahiş etsə də, məhz onların hal-hazırda həmin bağ sahələrində yaşamasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Belə ki, iddiaçıya məxsus bağ sahəsində deyil, qonşuluqdakı bağ sahəsində yaşayır. Ona görə də, hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, Sarı-qaya bağlar massivi, 387 nömrəli bağ sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçının adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, Sarı-qaya bağlar massivi, 386 nömrəli bağ sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçının adına qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarına və tədqiq edilən sənədlərə əsasən iddiaçı Axundov X1 şəhəri, Sarı-qaya bağlar massivi, 386 nömrəli və Sumqayıt şəhəri, Sarı-qaya bağlar massivi, 387 nömrəli bağ sahələrinin mülkiyyətçisidir. Buna baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mübahisəli bağ sahələrində qanunsuz yaşamaqla iddiaçının mülkiyyət hüquqlarını lazımi şəkildə həyata keçirməsinə maneçilik törədərək iddiaçının bu hüququndan tam istifadə etmək imkanını məhdudlaşdırmışlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinin mənasından görünür ki, əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. Məhkəmə iddia tələbinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 150.000 manat maddi ziyanın İddiaçı xeyrinə tutulması hissəsinə gəldikdə isə hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin həmin hissəsi ilə bağlı iddiasının əsası kimi istinad etdiyi hallara dair Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq mötəbər sübutları məhkəməyə təqdim etmədiyi üçün iddia tələbi həmin hissədə rədd edilməlidir. Beləliklə məhəmə yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Sumqayıt şəhəri, Sarı-qaya bağlar massivi 387 nömrəli və Sumqayıt şəhəri, Novxanı bağ massivi, 386 nömrəli bağ sahələrindən çıxarılmalı və iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Sumqayıt şəhəri, Sarıqaya bağlar massivi 387 nömrəli və Sumqayıt şəhəri, Novxanı bağ massivi, 386 nömrəli bağ sahələrindən çıxarılsınlar. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar