Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4694/2021 10.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı, nümayəndəsi və vəkili X3 və cavabdeh Tibbi Ərazi Bölmələri İdarəetmə birliyi Sumqayıt 3 saylı şəhər Polikilinikasının nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Tibbi Ərazi Bölmələri İdarəetmə birliyi Sumqayıt 3 saylı şəhər Polikilinikasına qarşı «işə bərpa tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən azad olunmağı ilə bağlı yazdığı ərizə etibarsız hesab olunması, 09 aprel 2021-ci il tarixli, 34-K nömrəli əmrin ləğv edilməsi və onun əvvəlki iş yerinə bərpa olunmağı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək göstərdi ki, o, 1990-cı ildən 2017-ci il tarixədək fasiləsiz olaraq Sumqayıt şəhəri 3 nömrəli şəhər polikilinikasında tibbb bacısı, 2017-ci ildən 2021-ci ilin aprel ayının 9-nadək isə həmin polikilinikada baş tibb bacısı vəzifəsinə işləmişdir. Cavabdeh təşkilatda işlədiyi bütün müddət ərzində həmişə işinə məsuliyyətlə yanaşmış, daim intizamlı olmuş əmək funksiyasınıı vaxtında və vicdanla yerinə yetirmişdir. Rəhbərlik tərəfindən cəzalandırılaraq intizam məsuliyyətinə cəlb olunmamış, əksinə bacarıq və qabiliyyətinə uyğun olaraq vəzifədə yüksəlmişdir. Daim kollektivin hörmət və etiramını qazanmışdır. 2021-ci ilin 8 aprel tarixində polikilinikanın baş həkimi onun otağına dəvət edərək bildirdi ki, Səhiyyə şöbəsindən bildiriblər ki, Səhiyyə Nazirliyi Tibbi Ərazi Bölmələri İdarəetmə birliyinə keçdiyindən təhvil-təslim zamanı işçilər arasında müəyyən balans yaratmaq zərurətindən (guya təbibə hansısa hesabat göndəriləcək və oda işçilərin sayının balanslaşdırıılması zərurəti vardır) işçilərdən bir nəfərin formal olaraq işdən çıxmağı vacibdir. O, belə bir niyyətinin olmadığını 30 ildən artıq müddətdə qüsursuz olaraq öz əmək funksiyasını yüksək səviyyədə yerinə yetirdiyini bildirərək işdən çıxmaq istəmədiyini bildirmişdir. Lakin onlar onu əmin etmişdirlər ki, bu tamamilə formal bir xarakter daşıyır, o, öz xahişi ilə işdən çıxmalı, bunun ona heç bir ziyanı olmadığını, onu ayın sonlarına yaxın yenidən işinə bərpa edəcəklərini və heç bir problemsiz öz işinə qayıdacağını bildirmişdilər. Bundan sonra o, rəhbrliyə inanmış və işdən azad olma barədə rəhbərliyin diktə etdiyi fonda ərizə yazmışdır. Lakin bir müddətdən sonra o, baş həkimə işinə bərpa olunmağı ilə bağlı müraciət etdikdə ona bildirildi ki, o, öz xahişi ilə 09 aprel 2021-ci il tarixli, 34-K nömrəli əmrə əsasən işdən azad olunduğu üçün, işə bərpa olunmağı qeyri mümkündür. Belə olan halda o, aldadıldığını bilmiş və ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq, onun işdən azad olunmağı ilə bağlı yazdığı ərizə etibarsız hesab olunması, 09 aprel 2021-ci il tarixli, 34-K nömrəli əmrin ləğv edilməsi və onun əvvəlki iş yerinə bərpa olunmağı barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə İddiaçı, nümayəndəsi və vəkili X3 iddiaçının izahatına uyğun izahat verərək, iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdeh Tibbi Ərazi Bölmələri İdarəetmə birliyi Sumqayıt 3 saylı şəhər Polikilinikasının nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək göstərdi ki, iddiaçı iddia tələbində qeyd etdikləri əsassızdır. Belə ki, iddiaçı özü könüllü olaraq işdən azad olunma barədə ərizə yazmışdır. Heç kim onun işdən azad olunmasını və ərizəsinin formal xarakter daşımasını deməmişdir. İddiaçı özü də, işlədiyi müddətdə işində heç bir nöqsan olmamış, bir işçi kimi rəhbərliyin onunla heç bir ədavəti olmamışdır. Hazırda iddiaçının yerinə heç kim işə götürülməyib. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı, nümayəndəsi və vəkili X3 və cavabdeh Tibbi Ərazi Bölmələri İdarəetmə birliyi Sumqayıt 3 saylı şəhər Polikilinikasının nümayəndəsi X4 dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı 07.04.2021-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, səhhəti ilə əlaqədar olaraq işdən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyi 3 nömrəli şəhər poliklinikası 09.04.2021-ci il tarixli, №-34-K saylı əmrin surətindən görünür ki, 3 nömrəli şəhər poliknikasının ümumi heyətin Baş tibb bacısı İddiaçı ilə bağlanmış 1990 nömrəli Əmək müqaviləsinə 09.04.2021-ci il tarixdən xitam verilmişdir. İş materiallarında olan Sadıqova Esmira Mənsur qızının 30.04.2021-ci il tarixli ərizəsindən görünür ki, 09.04.2021-ci il tarixində yazdığı ərizəni etibarsız hesab edib, onu işə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi Sumqayıt Şəhər Səhiyyə şöbəsi 3 nömrəli şəhər poliknikasının İddiaçı ünvanladığı 04.05.2021-ci il tarixli məktubun surətindən görünür ki, onunla bağlanmış əmək müqaviləsinə öz xahişi ilə səhhətilə əlaqədar 09.04.2021-ci il tarixindən Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə yazdıqları ərizə əsasında xitam verilmişdir. Onunla bağlanmış əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildiyindən yazdığı əvvəlki ərizəni geri götürmək və ya etibarsız hesab edilməsi barədə müraciətinin hüququ qüvvəsi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi Sumqayıt Şəhər Səhiyyə şöbəsi 3 nömrəli şəhər poliknikasının İddiaçı ünvanladığı 04.05.2021-ci il tarixli məktubun surətindən görünür ki, onun 30.04.2021-ci il tarixli məktuba cavab olaraq 3 nömrəli şəhər poliknikasının müdiriyyəti bildirir ki, halhazırda işə qəbul yoxdur. Vakasiya ilə əlaqədar olaraq işə qəbul olarsa o, məlumatlandırılacaqdır. İş materiallarında olan AZE seriyalı, № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 44, mənzil 24-də qeydiyyatdadır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci hissəsinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Həmin Məcəllənin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərti ilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək kimi intizam tənbehlərindən birini verə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. Həmin maddənin 2-ci hissəsində təsbit edilmişdir ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin Məcəllənin 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin «a» yarımbəndinə görə əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri də tərəflərdən birinin (işçinin və ya işəgötürənin) təşəbbüsüdür. Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə görə işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə görə işçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunveriçilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndinə əsasən Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Əmək Məcəlləsinin 292-ci maddəsinin 1-ci bəndinə görə işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci bəndinə görə bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. İşin araşdırılan hallarından və yuxarıda qeyd olunanlarla müəyyən edilmişdir ki, iddiaçı xəbərdarlıq müddəti bitənədək ərizəsinin etibarsız hesab edilməsi barədə cavabdehə yeni ərizə ilə müraciət etmiş və əvvəlki iş yerinə bərpa olunmasını xahiş etmişdir. Lakin cavabdeh ərizənin hüquqi qüvvəsi olmadığını iddiaçıya rəsmi məktubla bildirmişdir. Məhkəmə qeyd olunan normalardan çıxış edərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı işdən azad olunmağı ilə bağlı yazdığı 07.04.2021-ci il tarixli ərizəsi etibarsız hesab edilərək, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyi 3 nömrəli şəhər poliknikasının 09 aprel 2021-ci il tarixli, 34-K nömrəli əmri ləğv edilməli və iddiaçı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyi 3 nömrəli şəhər poliknikasında əvvəlki iş yerinə bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı işdən azad olunmağı ilə bağlı yazdığı 07.04.2021-ci il tarixli ərizəsi etibarsız hesab edilsin. İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyi 3 nömrəli şəhər poliknikasının 09 aprel 2021-ci il tarixli, 34-K nömrəli əmri ləğv edilsin. İddiaçı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyi 3 nömrəli şəhər poliknikasında əvvəlki iş yerinə bərpa edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-4694/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4694/2021
10.06.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver