Məhkəmə qərarları › İş №2(060)-4696/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4696/2021

13.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4696/2021 13.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi ilə, Cavabdehin vəkili və nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanına istifadə hüququnun tanınaraq, həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun qızıdır. 2017-ci ildə mərhum əri X3 istəyi ilə onların birgə mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 4 otaqlı mənzililərini cavabdehə bağışlamışlar. Həmin vaxt onların məqsədi və niyyəti bu idi ki, ərinin başına bir iş gəlsə ev cavabdehə qalsın və onunla yaşasın. 11.08.2018-ci il tarixdə əri Ə.Qarayev rəhmətə getmişdir. O, həmin evdə yaşamağa davam etmiş və cavabdeh də onunla birlikdə yaşamışdır. 2020-ci ildə cavabdeh ona təklif etmişdir ki, yaşadıqları mənzili satıb Bakı şəhərində başqa ev alaq birlikdə orda yaşasınlar. O da qızı olduğu üçün ona inanmış və mənzilin satılmasına icazə vermişdir. Lakin qızı mənzili satandan sonra əldə etdiyi pula Bakı şəhərində deyil, ünvan 3 ünvanda yerləşən mənzili almış və onu həmin mənzilə buraxmamışdır. Bundan sonra başa düşmüşdür ki, qızı onu aldadaraq yaşayış hüququ olan mənzildən onu məhrum etmiş və hazırda onu faktiki olaraq çöldə qoymuşdur. Onun əri ilə birlikdə 4 otaqlı mənzillərinin olmasına, bu mənzili könüllü olaraq qızlarına bağışlamaqlarına, qızının istəyi ilə həmin mənzilin satılmasına razılıq verməyinə baxmayaraq, indi cavabdeh onu çölə atmışdır. Cavabdeh hazırkı mənzili onun və ərinin şəxsi mülkiyyətində olan, onun ömürlük yaşamaq hüququ olan mənzili onun da razılığı ilə satdığı mənzilin satışından əldə etdiyi vəsaitlə almışdır və ailə üzvü kimi o da onunla birlikdə həmin mənzilə köçüb yaşamalı idi. Amma cavabdeh onu aldadaraq mənzili satandan sonra həmin mənzilin pulu ilə aldığı evə indi onu buraxmır. Hansı ki, ailə üzvü kimi onun da həmin mənzildən istifadə etmək hüququ vardır. Ona görə də onun həmin mənzilə hüququ tanınmaqla məhkəmə qaydasında həmin mənzilə köçürülməlidir. Belə ki, AR MM-nin 228.5. maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri yaşayış sahəsindən onunla bərabər istifadə temək hüququna malikdirlər. Hazırkı mübahisəli mənzil də onun və ərinin mülkiyyətində olmuş mənzilin satılmasından əldə edilmiş pula alınıb və bu mənzildə qızı ilə birlikdə onun da yaşamaq hüququ var. Ona görə də o, həmin mənzilə köçürülməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının təxirə salınması ilə bağlı vəsatətlə məhkəməyə müraciət etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək işə mahiyyəti üzrə baxılmasını tələb etdi. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. 14 iyun 2021-ci il tarixli məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin şərh olunan məzmununda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirdi ki, iddianı qəbul etmir. Belə ki, iddia əsassızdır. Cavabdehin iddia olunan mənzillə heç bir bağlılığı yoxdur. Eləcə də həmin mənzil artıq özgəninkiləşdirilmişdir və cavabdehin mülkiyyətində deyildir. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki iş materiallarında olan: “TERM” kompaniyası tərəfindən verilmiş 19.03.2021-ci il tarixli 13 nömrəli arayışdan görünür ki, İddiaçı “TERM” Kompaniyasının ünvan 4 ünvanında yaşayır. AZEMİS Elektron İnformasiya sorğu sistemindən əldə olunan məlumata görə, Cavabdeh məxsus ev ünvan 5 ünvanında yerləşir, 3 otaqdan ibarətdir və sahəsi 84.40 kv.m-dir. AN-İ seriyalı ******* nöməli 19.05.2021-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, ünvan 5 ünvanında yerləşən Cavabdeh məxsus ev X1 mülkiyyətinə verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, iddiaçının mübahisləndirdiyi mənzil özgəninkiləşdirilməklə digər şəxsin mülkiyyətinə verilmişdir. Mənzilin özgəninkiləşdirilməsinə əsasən olan alqı-satqı müqaviləsi iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ, onun əmələ gəlməsi, mülkiyyət hüququna xitam verilməsi yalnız qanunvericilikdə göstərilən qaydada tənzimlənir. Mülki Məcəllənin: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə qeyd edir ki, nə qədər ki, iddiaçı tərəfindən mübahisə predmeti olan mənzilin özgəninkləşdirilməsinə əsas olan hüquq mübahisələndirilməmişdir, məhkəmə hazırki vəziyyətdə iddia tələbi həcmində məsələyə baxmağa səlahiyyətlidir. Mövcud vəziyyətdə mübahisə predmeti olan mənzil özgəninkiləşdirilməklə cavabdehin mülkiyyətində deyildir. Bu baxımdan məhkəmə hesab edir ki, hazırki halda tərəflər arasında həmin mənzillə bağlı yaranmış münasibətə, iddiaçının istifadə hüququnun yaranması və köçürülmə barədə cavabdehə qarşı yönəlmiş tələbi əsaslı deyildir. Odur ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia əsassız olduğundan rədd edilməlidir. MPM-in 119-cu maddəsinə əsasən iş üzrə 10 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar