Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-47/2021 16.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı İmanverdi oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı İmanverdi oğlunun Cavabdeh qarşı torpaq sahəsinin geri qaytarılması və digər tələblərinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İmanverdi oğlu (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt şəhəri, Corat bağları, 2175B nömrəli bağ sahəsində yerləşən cavabdeh tərəfindən zəbt olunmuş 25 kv.metr torpaq sahəsinin geri qaytarılması, özbaşına tikilmiş hasarın cavabdehin hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2175B nömrəli bağa aid olan 1030 kv.metr torpaq sahəsi iddiaçının mərhum həyat yoldaşı X1 mülkiyyətində olmuşdur. Xanımnaz Fətullayeva xx.xx.2019-cu il tarixində vəfat etmişdir. Həmin torpaq sahəsinin 25 kv.metr hissəsi iddiaçının qonşusu olan cavabdeh tərəfindən zəbt edilmiş və qanunsuz hasar çəkilmişdir. Bağ sahəsi sənəd üzrə 1030 kv.metr olsa da, faktiki olaraq 1005 kv.metr qalmışdır. İddiaçı Xanımnaz Fətullayevanın vərəsəsi kimi torpağı öz adına sənədləşdirmək istəyərkən ona bildirilmişdir ki, torpaq sahəsinin faktiki ölçüsü sənəddə olan ölçüsü ilə üst-üstə düşmədiyindən bağ sahəsinin iddiaçının adına qeydə alınması mümkün deyildir. Hasarın sökülərək zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması barədə cavabdehə dəfələrlə xəbərdarlıq etsə də cavabdeh bu xəbərdarlıqlara məhəl qoymamışdır. Bağ sahəsinin 25 kv.metr sahəsi isə cavabdehin qanunsuz sahibliyindədir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9132/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və iş üzrə icraat dayandırılmışdır. xx xxxx 2020-ci il tarixində ekspertin rəy verməkdən imtina barədə məlumatı məhkəməyə daxil olmuş və iş üzrə icraat təzələnmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə oxşar məzmunlu izahat verdi. İddiaçı həmçinin bildirdi ki, cavabdehə məxsus torpaq sahəsi ilə onun sahibliyində olan torpaq sahəsi arasında hasar düz xətt üzrə təxminən 25 metrdir. Hasar cavabdeh tərəfindən yenidən bərpa edilərkən təxminən 1 metr iddiaçının torpaq sahəsinə tərəf çəkilmişdir ki, bu da təxminən 25 kv.metr edir. Cavabdehlə dəfələrlə məsələni öz aralarında razılıq əsasında həll etmək istəmişdir ki, buna müvəffəq olmamışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o iddiaçı ilə bağ qonşusudur. Lakin, uzun illər iddiaçıya məxsus bağ evində yaşayış olmayıb. Bağ sahələrinin arasında olan hasar uçub dağılmışdı. Həmin vaxt o, işləmək üçün Rusiya Federasiyasına gedmişdi. Oradan pul göndərmişdi ki, hasarı bərpa etsinlər. Hasarı təmir edən usta ola bilsin ki, bir qədər iddiaçının bağ sahəsinə keçib. Hasar çəkilərkən iddiaçı xərcin yarısını verməli idi. Lakin, o heç bir pul ödəməyib. Onun torpaq sahəsi 26 sot olub. Sonradan torpaq sahəsinin hissə-hissə satılıb. Hazırda onun istifadəsində 8 sot torpaq sahəsi qalıb. Usta təxminən 1-1,2 metr iddiaçının sahəsinə keçə bilər. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1955-ci ildə Masallı rayonunun Sirəbil kəndində anadan olmuşdur. O, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 22, mənzil 43 ünvanında qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1971-ci ildə anadan olmuşdur. O, Sumqayıt şəhəri, corat bağları, 2175 saylı evdə yaşayır. Ölüm haqqında şəhadətnaməyə əsasən Xanımnaz Fətullayeva xx xxxxxx 2019-cu il tarixində vəfat etmişdir. Nikah haqqında şəhadətnaməyə əsasən iddiaçı ilə Xanımnaz Fətullayeva arasında nikah xx.xx.1981-ci ildə bağlanmışdır. Torpağın mülkiyyətə verilməsi haqqında JN 2973B nömrəli şəhadətnaməyə əsasən Corat bağlar zonasında yerləşən 0,10 hektar sahəsi olan 2175 nömrəli bağ sahəsi Xanımnaz Fətullayevanın mülkiyyətinə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli mıktubunda iddiaçıya bildirilmişdir ki, torpaq sahəsinə adi hüquq müəyyən edici sənəddə torpaq sahəsinin ölçüsü 1030 kv.metr göstərilsə də, faktiki vəziyyətdə hasarın daxilində 1005 kv.metrdir. Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli məktubu ilə məhkəməyə göndərilmiş arayışda göstərilmişdir ki, cavabdehin adına olan daşınmaz əmlaka dair hüquq müəyyən edici sənədin olmaması səbəbindən mütəxəssis rəyinin verilməsi qeyri-mümkündür. Məhkəmə hesab edir ki, öncə iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək hüququnun, yəni iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşdən göründüyü kimi Sumqayıt şəhəri, Corat bağları, 2175B nömrəli bağ sahəsi Xanımnaz Fətullayevaya məxsus olmuşdur. Xanımnaz Fətullayeva isə xx xxxxxx 2019-cu il tarixində vəfat etmişdir. İddiaçı mərhum Xanımnaz Fətullayevanın həyat yoldaşı, yəni birinci dərəcəli vərəsəsidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar (1159.1.1.). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə xx.xx.2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da əmlak və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı mövcud mülkiyyətlə məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və qanuni gözləntiyə malik olduğuna dair tələblərini də əhatə edir. Məhkəmə hesab edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən Qərarında göstərilən “hüquqi gözlənti” anlayışı konkret əmlak üzərində şəxsin hazırda mülkiyyət hüququ olmasa da, onun həmin hüququ gələcəkdə əldə edəcəyinə dair real gözləntisini nəzərdə tutur. İddiaçı özü mübahisəli əmlakın mülkiyyətçisi olmasa da, həmin əmlak onun mərhum həyat yoldaşına məxsus olduğundan və həmin əmlak üzərində onun hüquqi gözləntisinin olduğu üçün məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malikdir. Mülki Məcəlləyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2.). İddiaçı onun sahibliyində olan torpaq sahəsinin 25 kv.metrinin cavabdeh tərəfindən zəbt edildiyini bildirərək həmin torpaq sahəsinin geri qaytarılmasını tələb edir. MPM-də həmçinin nəzərdə tutulmuşdur ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (76.1.). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (106.1.). Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir (106.3). Cavabdeh məhkəmə iclasında verdiyi izahatında ona məxsus olan torpaq sahəsi ilə iddiaçının torpaq sahəsinin arasındakı hasarın uçub dağıldığını, onun həmin hasarı bərpa etdirdiyini, hasarı bərpa edən ustaların təxminən 1-1,2 metr iddiaçının torpaq sahəsinə daxil olduqlarını bildirmişdir. Məhkəmə hesab edir ki, iddiaçının sahibliyində olan torpaq sahəsinin 25 kv.metrinin cavabdeh tərəfindən zəbt edilməsi cavabdehin etirafedici izahatı ilə təsdiq edilir. Bu səbəbdən iddia təmin edilməli və həmin torpaq sahəsi iddiaçıya qaytarılmalıdır. İddia təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 10 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Sumqayıt şəhəri, Corat bağları, 2175B nömrəli bağ sahəsinə aid olan cavabdeh İddiaçı İmanverdi oğlu tərəfindən zəbt olunmuş 25 kvadrat metr torpaq sahəsi İddiaçı İmanverdi oğluna qaytarılsın. Həmin torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş hasar Cavabdeh hesabına sökülərək torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılsın. İddia ərizəsi verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı İmanverdi oğluna ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-47/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-47/2021
16.03.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver