Məhkəmə qərarları › İş №2(060)-4702/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4702/2021

01.07.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4702/2021 01.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh2, onun nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbi barədə iddiasına dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanından çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2018-ci ilin may ayında ailə qurduqları zaman yaşamağa yerləri olmadığından müvəqqəti olaraq iddiaçıya məxsus ünvan 1 ünvandakı mənzilində yerləşmələrinə şərait yaratmışdır. Bir neçə müddətdir ki, onların aralarında ər-arvad kimi mübahisə olduğundan yola getmirlər. Bu səbəbdən onun əmlakı risk altında qalmaqdadır. Cavabdehlər mənzildən çıxmaq istəmirlər. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. O, əlavə olaraq bildirdi ki, cavabdehlər mübahisəli mənzilə 12.05.2018-ci ildə köçüb yaşamağa başlamış və Cavabdeh1 artıq oranı tərk etmişdir. Eyni zamanda iddiaçı ilə cavabdehlər arasında mübahisəli mənzildən onların istifadə hüququna dair razılaşma olmamış, onların belə bir hüququ dövlət reyestrində qeydə alınmamışdır. Məhkəmə iclasında Cavabdeh2 və onun nümayəndəsi və vəkili X4 iddia tələbinin təmin edilməməsini xahiş etdilər. Əlavə olaraq bildirdilər ki, Türkan və Cavabdeh1lar mübahisəli mənzilə 12.05.2018-ci ildə köçüb yaşamağa başlamışlar. Cavabdeh1 08.02.2021-ci ildən həmin mənzildən çıxmışdır. Eyni zamanda Cavabdeh1 və Cavabdeh2 ilə iddiaçı arasında mübahisəli mənzildən onların istifadə hüququna dair razılaşma olmadığını, onların belə bir hüququ dövlət reyestrində qeydə alıınmadığını bildirdilər. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırki mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 42 saylı evin, 31 saylı mənzilin mülkiyyətçisi İddiaçıdır və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə 10.05.2018-ci ildə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Azərbaycan Respublikası Vəkillər Kollegiyası Xırdalan Şəhər Vəkil Bürosuna ünvanlanmış 27 may 2021-ci il tarixli və Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış 14 iyun 2021-ci il tarixli məktublarından görünür ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 42 ünvanda yerləşən 31 nömrəli mənzil Sumqayıt şəhər X5 İcraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 30.01.1992-ci il tarixli, 10/941 nömrəli order, 16 saylı MİS tərəfindən verilmişdir. 17.12.2012-ci il tarixli, 5037 nömrəli mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 No-li forma) və mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələri əsasında X1 adına qeydiyyata alınmış və 22.12.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrinden çıxarış verilmişdir. Sumqayıt şəhər 4 saylı notariat kontorunun təsdiq etdiyi 22.01.2014-cü il tarixli, 4Ə-01/161 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında mənzil Cavabdeh1 adına qeydiyyata alınmış və 24.04.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt "ASAN Xidmət" mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 08.05.2018-ci il tarixli, 4Ə- 1576 reyestr nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsi əsasında sözügedən mənzil İddiaçı adına qeydiyyata alınmış və 10.05.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Mənzil hal-hazırda İddiaçı qızının mülkiyyətindədir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 42 saylı evin, 31 saylı mənzili İddiaçı məxsusdur. Cavabdehlər Cavabdeh1 onun oğlu, Cavabdeh2 isə gəlinidir. Cavabdehlər 2018-ci ilin aprel ayında nikahlarını rəsmiləşdirmişlər və 12 may 2018-ci ildə mübahisəli mənzilə yaşamağa köçmüşdürlər. Cavabdeh1 mübahisəli mənzili tərk etmişdir. Mülkiyyətçi ilə cavabdehlərin arasında mübahisəli mənzildən istifadə ilə bağlı notariat qaydada təsdiqlənən yazılı razılaşma olmamış, sonuncuların belə bir hüququ reyestrdə qeydə alınmamışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən qaynananın gəlin qarşısında aliment öhdəlikləri daşıması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Həmin Qərardan görünür ki, Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh2 mənzilin mülkiyyətçisinin qanunvericilikdə müəyyən edilmiş ailə üzvləri dairəsinə mənsub olmadığından, eləcə də onun mülkiyyətçi ilə notariat qaydasında təsdiqlənən yazılı razılaşması mövcud olmadığından, istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından mübahisəli yaşayış sahəsinə istifadə hüququ yaranmamışdır. Odur ki, iddia Cavabdeh2 mübahisəli mənzildən çıxarılması hissəsində əsaslıdır. Lakin digər cavabdehə - Cavabdeh1 münasibətdə məhkəmə iddianı əsaslı hesab etmir. Belə ki, o, mübahisəli mənzilin mülkiyyətçisinin ailə üzvüdür. Məhkəmə, eyni zamanda, cavabdehin mübahisəli mənzildən artıq çıxması halına qiymət verərək belə qənaətə gəlir ki, tələbin bu hissəsində mübahisə yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 Sumqayıt şəhəri, 10-cu mikrorayon, 42 nömrəli evin 31 nömrəli mənzilindən çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 ünvan 1 ünvanındakı mənzildən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar