Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4705/2023 21.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Sumqayıt Regional Vəkil Bürosunun rəhbəri X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Sumqayıt Regional Vəkil Bürosuna qarşı “əmrin ləğv edilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Sumqayıt Regional Vəkil Bürosuna qarşı “əmrin ləğv edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Sumqayıt Regional Vəkil Bürosuna ərizə ilə müraciət edərək işə qəbul olunmuşdur. Lakin iddiaçıya işə qəbul olunduğu barədə nə əmr, nə də işə qəbul olunmasını təsdiq edən ikitərəfli imzalanmalı olan müqavilə təqdim olunmamışdır. Büroda bütün əmrlər və əmək müqavilələri büronun mühasibi tərəfindən hazırlanırdı. İddiaçı büroda hansı vəzifəyə qəbul olunmasından belə xəbərsiz olmuşdur. İddiaçı büronun mühasibindən dəfələrlə əmək müqaviləsini ona verilməsini və ya göstərilməsini xahiş etsə də, mühasib ona bunu yalnız büronun rəhbəri Anar Qasımlının göstərişi əsasında verə biləcəyini bildirmişdir. Mühasib iddiaçıya yalnız bunu bildirdi ki, o, büroya referent-xəzinədar vəzifəsinə qəbul edilmişdir. İddiaçı sonradan öyrənmişdir ki, emas.sosial.gov.az-a ancaq əmək müqaviləsinin (xxxxxxx000105) nömrəsi daxil edilmişdir. İddiaçı bildirir ki, iki ilə yaxın müddətdə büronun müdiri Anar Qasımlı və kollektiv arasında münasibətləri normal olmuşdur. Cari ilin mart ayının əvvəllərindən isə nədənsə büronun müdiri Anar Qasımlı iddiaçıya onun həyat yoldaşına büroda olanlar barədə guya məlumatlar verdiyini iddia etmişdir. İddiaçı Anar Qasımlıya bütün bu iradların, ona verilən xəbərlərin əsassız olduğunu bildirsə də, büro rəhbəri iddiaçıya artıq bir yerdə işləyə bilməyəcəklərini bildirmişdir. Bütün bu əsassız dediqodular, şayiələr axırda iddiaçı ilə büro rəhbəri arasında münaqişəyə səbəb olmuşdur. Bundan sonra, iddiaçı ilə Sumqayıt Regional Vəkil Bürosu arasında olan xx.xx.2023-cü il tarixində xxxxxxx000105 saylı əmək müqaviləsinə AR ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Çox maraqlıdır ki, büro rəhbəri Anar Qasımlı xx.xx.2023cü il tarixli xxxxxxx000200 saylı əmək müqaviləsinə əsasən İddiaçı işə qəbul etmiş və həmin gün də işdən azad edərək müqaviləyə xitam vermişdir. xx.xx.2023-cü il tarixində yenidən büro rəhbəri Anar Qasımlı iddiaçını yenidən dörd gün müddətində işə qəbul edir və xx.xx.2023-cü il tarixində xxxxxxx000300 saylı əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsaslanaraq xitam verir. Büro rəhbəri heç bir əsas olmadan iddiaçını müvafiq maddə ilə işdən azad etməklə iddiaçını himayəsində azyaşlı övladı olan gənc bir qadının işləməsi üçün ömürlük qarşısına əsassız bir sədd çəkmişdir. İddiaçı xx.xx.2022-ci il təvəllüdlü bir qızı vardır. Belə ki, qanunverici güzəştli normanı müəyyən edərkən ana və uşaqların sağlamlığının mühafizəsi, hüquqlarının müdafiəsi, onların maddi və sosial təminatların gücləndirilməsi, eləcə də, bəzi kateqoriya işçilərin sağlamlığının qorunması və ailələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi mövqeyindən çıxış edib. Çox maraqlıdır ki, iddiaçının iki ilə yaxın bir müddətdə çalışdığı büroda əgər ciddi bir nöqsanı vardısa nəyə görə ona bu barədə irad tutulmamış və ya töhmət verilməmişdir? Və ya büro rəhbərliyi indiyə qədər büroda olan hər hansı bir çatışmamazlıqlardan indiyə qədər niyə xəbər tutmamışdır? Bütün bu anlaşılmazlıqlardan sonra iddiaçı əmas.sosial.gov.az-a daxil olaraq öyrənmişdir ki, Sumqayıt Regional Vəkil Bürosunun müdiri X11 Məcəlləsinin tələblərini kobud surətdə pozaraq İddiaçı xəbəri olmadan işlədiyi dövrdə (xx.xx.2021xx.xx.2023) dəfələrlə işdən azad edib və yenidən işə qəbul edib. Bütün bu hallardan yəni verilən bütün bu əmrlərdən və saxta bağlanan və xitam verilən əmək müqavilələri barədə iddiaçının heç bir məlumatı olmamış və onun tərəfindən imzalanmamışdır. Müqavilələr bunlardır: 1. xx.xx.2021-ci il tarixli,xxxxxxx000105; 2. xx.xx.2021-ci il tarixli,xxxxxxx000101; 3. xx.xx.2021-ci il tarixli,xxxxxxx000100; 4. xx.xx.2022-ci il tarixli,xxxxxxx000102; 5. xx.xx.2022-ci il tarixli,6BAYVXS000103; 6. xx.xx.2023-cü il tarixli,6BAYVXS000104; 7. xx.xx.2023-cü il tarixli,6BAYVXS000200;8.xx.xx.2023-cü il tarixli, xxxxxxx000300. “Əmrin ləğv edilməsi haqqında” iddia tələbinin verilməsi müddəti ötürülməmişdir. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixdə 7 saylı əmrlə işdən azad olunmuşdur. xx.xx.2023-cü il Sumqayıt Şəhər Məhkəməsi aidiyyat məsələsi ilə əlaqədar olaraq iddianı geri qaytarmışdır. (Cavabdeh qismində X7 qoyulmuşdur) Sonra iddiaçı Qubadlı Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi tərəflərin mediasiya prosesi ilə bağlı iştirakı olmadığında mülki iş baxılmamış saxlanılmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə mediasiya prosessində iştirak etsə də, cavabdeh həmin prosesə gəlməmişdir. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi, Sumqayıt Regional Vəkil Bürosunun müdiri X7 tərəfindən imzalanmış xxxxxxx000300 saylı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 07 №-li əmrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinə əlavə olaraq bildirmişdir ki, 01 aprel 2021-ci il tarixindən 18 mart 2023-cü il tarixinə qədər cavabdeh tərəfindən iddiaçı dəfələrlə işdən azad olunub və işə bərpa olunmuşdur. Həmçinin qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılmasına heç bir əsas olmamışdır. Belə ki, iddiaçının himayəsində azyaşlı uşağı olduğu üçün sözügedən maddə ilə əmək müqaviləsinə xitam verilməsi yolverilməzdir. Bundan əlavə, iddiaçı sözügedən müəssisədən pul mənimsəməmişdir.
4. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Sumqayıt Regional Vəkil Bürosunun rəhbəri X7 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, büroda müqavilə bağlanan zaman vəkillər üçün ödənilməli olan məbləğlər iddiaçıya ödənilirdi. Qeyd edir ki, büronun saxlanılması üçün hesablanan məbləğlər müəyyən qədər toplanmışdır. Belə ki, bu ilin fevral ayında büronun hesabını yoxlayan zaman hesabda pul olmadığı aşkar edildi. Hesabat verməsi üçün mühasiblə danışmış və mühasib ona bildirmişdir ki, iddiaçı sözügedən pulları şəxsi istifadəsi üçün mənimsəmişdir. Həmçinin bildirdi ki, iddiaçı ona zəng edib və mənimsənilən pullardan onun xəbəri olmamasını xahiş etmişdir. Məsələyə aydınlıq gətirmək üçün iddiaçını çağırmış və iddiaçı təhsil haqqı üçün büronun hesabından 1000 manat pul götürdüyünü qəbul etmişdir. Halbuki, iddiaçı 40 müqavilənin pulunu mənimsəmişdir. Bu zaman o, iddiaçıya əksik olan pulları qaytaracağı təqdirdə normal qaydada işdən çıxaracağını bildirmişdir. Bundan sonra iddiaçı pulun bir qismini gətirdi, iki nüsxədə akt tərtib olundu və imzalandı. Aktın bir nüsxəsi də iddiaçıya verildi. İddiaçının hərəkətlərindən hüquq- mühafizə orqanlarına şikayət etdiyi zaman ondan audit yoxlanışı tələb edilmişdir. Qeyd edir ki, hazırda bütün sənədlər audit tərəfindən yoxlanılıb, lakin büronun yetəri qədər vəsaiti olmadığından audit rəyini əldə edə bilmirlər. İddiaçı sadəcə 2023-cü ildə 10.000 manata yaxın pul mənimsəmişdir. Bundan əlavə, iddiaçı qanunvercilikdə nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüşdür. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi rədd edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək, bildirmişdir ki, o, iddiaçını tanıyır və onunla birlikdə işləmişdir. Vəkillərin şəxsi hesab vərəqələri olur və bağlanan bütün müqavilələr, onların tarixləri və digər məlumatlar həmin vərəqədə qeyd olunur. Bu müqavilələrdən əldə olunan pullar daha sonra əmək haqları olaraq hesablanır. O, bir müddət xəstə olduğu üçün evdən işləyirdi. O, məbləğləri əmək haqqı kimi evdə hesablamış və ödəniş edəndə pulun çatmadığını görmüşdür. Həmin an iddiaçıya zəng etmiş və məsələni bildirmişdir. Əvvəlcə məbləğlərin tam şəkildə sistemə yerləşdirilmədiyini düşünmüş, lakin bir həftə sonra hesaba baxanda hesabda cüzi miqdarda pul olduğunu görmüşdür. İddiaçıya bildirmişdir ki, sənədlər çıxarılsın və yoxlanılsın. İddiaçı ona gah sənədlərin yarısının evdə olduğunu bildirdi, gah da başqa bəhanələr gətirdi. Daha sonra iddiaçı pulları özünün götürdüyünü etiraf etdi. İddiaçıya pulları ödəməli olduğunu bildirəndə ona ödəyəcəyini dedi amma ödəmədi. Təxminən 12.000 manata yaxın pul mənimsənilmişdir. İddiaçının sözügedən pulları mənimsəməsi 2023-cü ilin mart ayının əvvələri bəlli oldu. Büroda bir ayın əmək haqları ödənildikdən sonra ödənişlər edilir. Büronun vəkilləri tərəfindən verilən pulların hesabatını iddiaçı aparırdı. Bütün bunlar aşkara çıxdıqdan sonra büronun vəsaitində əksiklik olduğu bəlli oldu. 2023-cü ilin yanvar və fevral ayının sənədləri ümumiyyətlə yoxdur. İddiaçı vəkillərin bağladığı müqavilələrin sayını hesabata əksik qeyd edib. Bütün bunlar aşkara çıxdıqdan sonra 2022-ci ilin hesabatlarına da baxış keçirildi və 2022-ci ildə də müəyyən məbləğin mənimsənildiyi bəlli oldu.
7. İşin materiallarında olan Sumqayıt Regional Vəkil Bürosu ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Sumqayıt Regional Vəkil Bürosunda «referent-xəzinədar» vəzifəsinə təyin edilmişdir.
8. İş materiallarında olan 2 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İV № 797502 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 01 noyabr 2022-ci il tarixdə Abşeron rayonunda anadan olmuş, atası X5, anası isə İddiaçıdır.
9. İş materiallarında olan Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Sumqayıt Regional Vəkil Bürosunun xx.xx.2023-cü il tarixli, 07 saylı əmrindən görünür ki, Sumqayıt Regional Vəkil Bürosunda kargüzar-xəzinədar vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Bu Məcəllənin 72-ci maddəsində göstərilən hallarda (“e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirdikdə) xx.xx.2023-cü il tarixdən xitam verilməsi, işçinin həmin tarixədək istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli olan əmək haqqı və digər ödəmələrin hesablanaraq ödənilməsi əmr edilmişdir.
10. Həmin əmrdən görünür ki, 2023-cü ilin mart ayının əvvəllərində fevral ayının əmək haqları, vergilər və digər ödənişlər ödənildikdən sonra büronun bank hesabına maliyyə vəsaitinin tükənməsi halı ehtiyyat maliyyə vəsaitinin mənimsənilməsi şübhəsi yaratmış, bu səbəbdən də ilkin yoxlama aparılmış və müəyyən edilmişdir ki, büronun əməkdaşı İddiaçı vəkillər tərəfindən müqavilə bağlanarkən kassaya mədaxil etməsi üçün ona etibar edilmiş xeyli miqdarda maliyyə vəsaitini kassaya mədaxil etməyərək, bəzi hallarda isə bir qismini mədaxil etməyərək mənimsəmişdir. Bununla əlaqədar İddiaçı şifahi izahatı alınmış, o, guya təhsil haqqı borcunu ödəməsi üçün pula ehtiyacı olduğunu əsas gətirərək, 1000 (bir min) manat məbləğində pul vəsaitini kassaya mədaxil etməyərək mənimsədiyini etiraf etmişdir. Lakin 2023-cü ilin fevral ayı üzrə Büronun maliyyə vəsaitinin ilkin yoxlanılması nəicəsində 4968 (dörd min doqquz yüz altmış səkkiz) manat məbləğində çatışmazlıq aşkar olduğu onun diqqətinə çatdırılmış və 15 mart 2023-cü il tarixdə saat 20:21-də o, həyat yoldaşı ilə birlikdə 4968 manatın əvəzində 2950 ABŞ dolları məbləğində pul vəsaitini mühasibin və vəkillərin iştirakı ilə yazılı aktla büroya təhvil vermişdir. Bundan sonra aparılan araşdırmalar, yəni 2023-cü ilin yanvar ayı üzrə maliyyə vəziyyətinin ilkin yoxlanılması nəticəsində 2023-cü ilin yanvar-fevral ayı ərzində büronun xəzinədarkargüzarı İddiaçının 9209 (doqquz min iki yüz doqquz) manat məbləğində pul vəsaitini büronun kassasına mədaxil etmədən mənimsəməsinə əsaslı şübhələr yaranmışdır. İşçiyə həmin məbləğin büroya qaytarılması təklif olunsa da, sonuncu bundan imtina etmişdir.
11. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-2933/2023 saylı qərardadına əsasən İddiaçı cavabdeh X6 qarşı “əmrin ləğv edilməsi tələbi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır.
12. İş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(028)-304/2023 saylı qərardadına əsasən İddiaçı cavabdeh X6 qarşı “əmrin ləğv edilməsi tələbi”nə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır.
13. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Həmçinin İMS üçün ərizənin tarixi xx.xx.2023-cü ildir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
14. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı xx.xx.2021-ci il tarixdən Sumqayıt Regional Vəkil Bürosunda «referent-xəzinədar» vəzifəsində çalışmış və işəgötürənin xx.xx.2023-cü il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə işdən azad olunmuşdur. İddiaçı həmin əmri qanunsuz sayaraq onun ləğv olunması üçün müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
c)Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
15. Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri).
16. Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır.
17. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23-cü maddəsinin ikinci bəndində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur.
18. Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir.
19. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.
20. Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir.
21. Həmin Məcəllənin 3-cü maddəsinin 5-ci bəndinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.
22. Həmin Məcəllənin 42-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
23. Qeyd edilməlidir ki, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarından biri də Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində əksini tapmışdır.
24. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
25. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
26. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə görə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.
27. Məhkəmə tərəfindən müəyyən olunan işin hallarına görə xx.xx.2023-cü il tarixli, 07 №-li əmrdə iddiaçı ilə əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən ləğv edilməsi qeyd olunsa da, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Qeyd olunan əmrdə əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər də göstərilməmişdir. Bu hallar əmrin ləğv edilməsinə əsas verir. Lakin məhkəmə eyni zamanda müəyyən etmişdir ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmrin ləğv olunması barədə əmək qanunvericiliyi ilə müəyyən edilmiş iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, bununla da, əmək qanunvericiliyi ilə fərdi əmək mübahisələri üçün müəyyən edilmiş iddia müddətini üzrsüz səbəbdən ötürmüşdür.
28. Belə ki, fərdi əmək mübahisələrinin həlli iddia müddətlərinə tabe tutulur. Çünki fərdi əmək mübahisələrinin həllində iddia müddətlərindən bəhs edən Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
29. Bu normada bəhs olunan “hüququnun pozulmasının aşkar edildiyi gün” dedikdə - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün başa düşülür. 30.Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixli əmrə əsasən (əmrin məzmunu ilə iddiaçının deməsinə görə bir neçə gün sonra “WhatsApp” vasitəsilə tanış olmuşdur) işdən azad olunmuş, xx.xx.2023-cü il tarixdə hazırki tələblə (cavabdeh X6 qarşı) Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddia ərizəsi (aidiyyətə görə) geri qaytarılmış, sonradan iddiaçı tərəfindən həmin tələblə, həmin cavabdehə qarşı Qubadlı Rayon Məhkəməsinə müraciət edilmiş, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərardadı ilə mülki iş baxılmamış saxlanılmış, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə cavabdehə mediasiya prosesi barədə təklif daxil olub, xx.xx.2022-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib olunmuş, iddiaçı hazırki iddia ərizəsi ilə ilk dəfə (cavabdeh Sumqayıt Regional Vəkil Bürosu göstərilməklə) məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmiş və nəticədə iddia müddətini ötürmüşdür.
31. Məhkəmə onu da qeyd edir ki, hazırkı iddia tələbi üzrə iddia müddətinin axımı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək dayandırılmış hesab edilməlidir.
32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
34. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
35. Həmin müddəaya əsaslanaraq, cavabdeh tərəf ərizə ilə müraciət edərək, iddia müddətinin tətbiq olunmasını və buna görə də iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.
36. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır».
37. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 iyul 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyrimüəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir. Eyni zamanda Əmək Məcəlləsinin 296-cı maddəsində əmək mübahisələrinin həm məhkəməyə qədər, həm də məhkəmə qaydasında həlli zamanı tətbiq olunan iddia müddətləri nəzərdə tutulmuşdur. Fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan və məhkəmələr mübahisələrin həllində Əmək Məcəlləsinin 296-cı maddəsində müəyyən edilən iddia müddətlərini tətbiq edərkən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar.
38. Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanunauyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir.
39. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
40. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
41. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları).
42. Məhkəmə cavabdeh tərəfin “mediasiya arayışında tərəf kimi Sumqayıt Regional Vəkil Bürosunun deyil, X3 göstərildiyinə görə arayışın qüsurlu hesab edilməsi” barədə ərizəsi ilə bağlı qeyd edir ki, mediasiya prosesinin qüsurlu olması barədə göstərilən hallar iddiaçının ziyanına şərh edilməməlidir. Belə ki, X7 (həmin vaxt və hal-hazırda da) sözügedən Büronun rəhbəridir.
43. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Sumqayıt Regional Vəkil Bürosuna qarşı “əmrin ləğv edilməsi tələbi”nə dair iddiası qanunla bu cür iddialar üçün müəyyənləşdirilmiş iddia müddəti keçdiyindən (buraxıldığından) iddia müddəti tətbiq olunmaqla təmin edilməməlidir.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
46. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
47. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
48. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
49. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Sumqayıt Regional Vəkil Bürosuna qarşı “əmrin ləğv edilməsi tələbi”nə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva