Məhkəmə qərarları › İş №2(060)-472/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-472/2022

07.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-472/2022 07.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İddiaçı, Cavabdeh X1 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı «nikahın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı «nikahın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, onunla cavabdeh X4 arasında bağlanmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, 18 avqust 2020-ci ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Rəsmi nikaha girsələr də ərarvad kimi yaşamamışlar və bir ildir ki nişanlıdırlar. O, el adəti üzrə toy etdikdən sonra cavabdehi gəlin gətirəcəkdi. Lakin bu müddət ərzində xasiyyətlərinin uyğun gəlmədiyini görüb, belə qərara gəlmişlər ki, nikahları etibarsız hesab edilsin. Bununla bağlı “Asan xidmət” Mərkəzi Qeydiyyat şöbəsində və 50 manat dövlət rüsumu ödəməklə mediatrın yanında olsalar da, həmin orqanlar qərara gələ bilmədikləri üçün arayış verərək məhkəməyə müraciət etmələrini tövsiyyə etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul edərək bildirdi ki, cavabdeh iddiaçı ilə könüllü olaraq rəsmi nikaha girmişdir. El adət-ənənəsi ilə elçilik, nişan keçirilmiş, daha sonra nikah olmuşdur. Sonradan xasiyyətləri uyğun gəlmədiyi üçün toyları baş tutmamış, ona görə də nikahın etibarsız hesab edilməsini istəyirlər. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsində göstərilir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinin göstərişinə əsasən isə cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etiraf edərək onu qəbul etməsi qanuna və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlmir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, 18.08.2020ci il tarixdə Sumqayıt “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində İddiaçı ilə X2 arasında akt qeydləri kitabında 1234 nömrəli qeyd aparılmaqla rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “Hüseynli” soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsinin 08.10.2021-ci il tarixli, 05-q/1520/15 nömrəli məktubundan görünür ki, iddiaçının 18.08.2020ci il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində X2 ilə bağlanmış nikahın etibarsız sayılması ilə əlaqadər müraciətinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən; məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah etibarsız sayıla bilər. Məcəllənin 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. Mövcud qanunvericiliyə əsasən nikahın etibarsız sayılması ilə bağlı məhkəməyə müraciət etmələri tövsiyyə edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 2.3-cü maddəsinə əsasən nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən bu məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. İşin araşdırılan halları ilə müəyyən edilmişdir ki, tərəflər könüllü olaraq ailə qurmaq niyyəti ilə rəsmi nikaha daxil olmuş, hətta cavabdeh iddiaçının soyadını belə qəbul etmişdir. Beləliklə də, qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərəflər arasında olan nikahın etibarsızlığına əsas olan hallar işin araşdırılan halları ilə müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X3 qarşı “nikahın etibarsız sayılması tələbinə” dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X3 qarşı “nikahın etibarsız sayılması tələbinə” dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar