Məhkəmə qərarları › İş №2(060)-4722/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4722/2020

28.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4722/2020 28.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Ərizəçi “doğumun qeyd edilməsi faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “doğumun qeyd edilməsi faktının müəyyən edilməsinə” dair ərizə ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, onun xx.xx.1976-cı ildə Ermənistan Respublikasının, Sisiyan rayonunda doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi, Qeydiyyat Şöbəsi tərəfindən doğum aktı qeydi bərpa edilərək, yeni doğum haqqında şəhadətnamədə atasının adı qrafasında “X2”, ana qrafasında “X5” qeyd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçinin nümayəndəsi və vəkili X4 məhkəmə iclasında ərizəsini müdafiə edərək onunla əsaslandırdı ki, Ərizəçi xx.xx.1976-cı ildə Ermənistan, Şisyan rayonunda anadan olmuşdur. Ərizəçinin atası X2, anası isə X3r. Qeyd edir ki, ərizəçiyə məxsus doğum haqqında şəhadətnamə naməlum şəraitdə itmişdir. Hazırda doğum haqqında akt qeydini məhkəmədən kənar bərpa etmək mümkün deyil. Belə ki, arxiv sənədləri Ermənistan Respublikasındadır. Doğum haqqında şəhadətnamənin olmaması ərizəçiyə bir sıra hüquqlarını realizə etmək üçün ciddi çətinliklər yaradır. Sumqayıt şəhər Qeydiyyat şöbəsinin cavab məktubu ilə doğum haqqında akt qeydinin bərpasından imtina edilmişdir. Həmçinin Sumqayıt şəhər Qeydiyyat şöbəsindən ərizəçiyə izah olunmuşdur ki, doğum haqqında akt qeydinin bərpası üçün məhkəməyə müraciət etsin. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etdi. İş üzrə maraqlı şəxs, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 və X5 ifadələrində göstərdilər ki, Ərizəçi onların qızıdır. Onların ailədə dörd övladları olmuşlar. Onun qızı Ərizəçi xx.xx.1976-cı ildə Ermənistan Respublikasının Sisiyan rayonunda anadan olmuşdur. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 307.2.3-cü maddəsindən görünür ki, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. İş materiallarında olan Seriya AZE 0******* nömrəli, xx.xx.2011-ci il tarixdə Sumqayıt ŞPİ QŞVŞ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1976-cı ildə Ermənistan Respublikasının Sisiyan rayonunda anadan olmuş və ünvan 1 ünvanında rəsmi olaraq qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş ərizəçinin qardaşına və bacısına məxsus doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, onların atası X2, anası isə X3r. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixli, 05/Q-557/15 saylı məktubdan görünür ki, Ərizəçi 1976-cı ildə Ermənistan Respublikasının Sisiyan rayonunda qeydə alınmış doğum haqqında təkrar şəhadətnamənin verilməsi barədə Sumqayıt şəhər qeydiyyat şöbəsinə daxil olmuş ərizəsinə baxılmış və bildirilmişdir ki, Ermənistan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dairsənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər qeydiyyat şöbəsinin arxivində saxlanılmadığından xahişinin təmin olunması mümkün deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001 -ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın 13-cü və 14-cü bəndinin tələblərinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir.İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərlə əlaqədar izah edilmişdir ki, itmiş qeydin bərpası üçün kifayət qədər əsaslar olduğu tədqirdə ölən şəxsin qanuni vərəsəsi onun doğum haqqında akt qeydinin bərpa olunması məqsədilə qohumluq faktını təsdiq edən sənədləri təqdim etməklə yaşadığı yer üzrə qeydiyyat şöbəsinə, kifayət qədər əsas olmazsa, qeydiyyat şöbəsinin imtina barədə məktubuna əsasən yaşadığı yer üzrə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İşin araşdırılan hallarından və iş materiallarına əsasən sübuta yetirilmişdir ki, Ərizəçi həqiqətən xx.xx.1976-cı ildə Ermənistan Respublikasının Sisiyan rayonunda anadan olmuşdur, atası X2, anası isə X3r. Eyni zamanda, müəyyən olunmuşdur ki, ərizəçi doğum haqqında şəhadətnaməsini itirdiyindən yeni şəhadətnamə verilməsi üçün Sumqayıt şəhər qeydiyyat şöbəsinə müraciət etmiş, orada isə doğum haqqında akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə, Ərizəçi ərizəsinin təmin olunması barədə məhkəmə qətnaməsinin çıxarılmasını qanuni və əsaslı hesab edərək belə nəticəyə gəlir ki, Ərizəçi doğum akt qeydi bərpa edilməli, yeni doğum haqqında şəhadətnamədə, ərizəçinin doğum tarixi «xx.xx.1976-cı il», doğulduğu yer «Ermənistan Respublikası, Sisiyan rayonu», atasının adı qrafasında “X2”, anasının adı qrafasında “X5” qeyd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3. maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1976-cı il tarixdə Ermənistan Respublikası, Sisiyan rayonunda doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Qeydiyyat şöbəsi tərəfindən doğum akt qeydi bərpa edilərək, yeni doğum haqqında şəhadətnamədə Ərizəçi doğum tarixi «xx.xx.1976-cı il», doğulduğu yer «Ermənistan Respublikası, Sisiyan rayonu», atasının adı qrafasında “X2”, anasının adı qrafasında “X5” qeyd olunsun. Qətnamə qeydiyyat şöbəsi tərəfindən doğum akt qeydinin bərpa edilməsi və şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar