Məhkəmə qərarları › İş №2(060)-4727/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4727/2023

05.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4727/2023 05.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etməklə “doğum aktı qeydinin bərpa edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etməklə “doğum aktı qeydinin bərpa edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə Ermənistan Respublikası, Gorus rayonunun Şamsız kəndində anadan olmuşdur. X1, anası isə X3r. X7 ilə 1986-cı ildə nikaha daxil olmuşdur. Bu nikahdan 1987-ci il təvəllüdlü X8 dünyaya gəlib. 1989-cu ildə Ermənistan Respublikası, Gorus rayonu, Şamsız kəndindən qaçqın düşərkən bütün ev əşyaları və sənədlərlə birgə ərizəçinin doğum haqqında şəhadətnaməsi də orada qalmışdır. Ərizəçi İ dərəcəli əlildir. Ərizəçidən əlilliyi ilə əlaqədar olaraq doğum haqqında şəhadətnaməsi istənilir. Hal-hazırda doğum haqqında şəhadətnaməni bərpa etmək zərurəti yaranmışdır. Maraqlı şəxs tərəfindən doğum haqqında akt qeydinin bərpasından imtina edilmişdir. Həmçinin qeydiyyat şöbəsindən ərizəçiyə izah olunmuşdur ki, doğum haqqında akt qeydinin bərpası üçün məhkəməyə müraciət etsin. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən Ərizəçi xx.xx.1959-cu il tarixdə Ermənistan Respublikası, Gorus rayonu, Şamsız kəndində doğumunun qeydə alınması faktının müəyyən edilməsi, doğum haqda qeyd aparılarkən “ata” qrafasında “X4”, “ana” qrafasında “X5” qeyd olunmasına dair doğum haqqında akt qeydinin bərpa olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Sonradan Ərizəçi məhkəməyə ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, Ərizəçi xx.xx.1959-cu il tarixdə, Ermənistan Respublikasının Gorus rayonunun Şamsız kəndində doğulması barədə doğumun qeyd edilmə faktının müəyyən olunması, doğum haqqında akt qeydləri kitabında ata qrafasında “X4”, milliyyəti “azərbaycanlı”, ana qrafasında “X5”, milliyyəti “azərbaycanlı” olaraq qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs qismində cəlb olunan Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadə verərək göstərmişdir ki, Ərizəçi onun bacısıdır. Ərizəçi xx.xx.1959-cu il tarixdə Ermənistan Respublikasının Gorus rayonunda anadan olmuşdur X1, anası isə X3r.

8. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək göstərmişdir ki, Ərizəçi onun qaynanasının bacısıdır. Qaynanasının X1, anası isə X3r. Bildirir ki, ərizəçi xx.xx.1959-cu il tarixdə Ermənistan Respublikasının Gorus rayonunda anadan olmuşdur.

9. İş materiallarına əlavə olunmuş olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu ildə Ermənistan Respublikasında anadan olmuşdur.

10. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 22 iyun 2023-cü il tarixli məktubdan görünür ki, doğum haqqında akt qeydinin bərpa edilməsi üçün həmin qeydin əvvəllər olmasını təsdiq edən sənəd təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. Doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir, itmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydalarının” 1.7-ci maddəsinə əsasən qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Doğum haqqında akt qeydinin bərpa edilməsi ilə bağlı yaşadığı yerin məhkəməsinə müraciət edilməsi tövsiyə olunur.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

11. Beləliklə məhkəmədə müəyyən olundu ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə Ermənistan Respublikası, Gorus rayonu, Şamsız kəndində anadan olmuş, X1, anası isə X3r. Ərizəçi 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə ərizə ilə müraciət edərək, doğum haqqında akt qeydinin bərpa edilməsini xahiş etmiş, lakin 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi bundan imtina edərək, məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

12. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktları bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir.

13. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən, itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

15. Eyni Məcəllənin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir.

16. Göstərilən Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir.

17. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

18. Göründüyü kimi ərizəçi doğum haqqında şəhadətnaməni başqa qaydada ala bilməmiş və bununla əlaqədar məhkəməyə müraciət etmişdir.

19. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

20. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.

21. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1959-cu il tarixdə Ermənistan Respublikasının Gorus rayonunun Şamsız kəndində doğulması barədə doğumun qeyd edilmə faktı müəyyən olunmalı, doğum haqqında akt qeydləri kitabında adının “Yaqut”, soyadının “Quliyeva”, ata adının “Fərman”, doğum tarixinin “xx xxxxxx 1959-cu il”, doğum yerinin “Ermənistan Respublikasının Gorus rayonunun Şamsız kəndi”, atasının adının “X4”, milliyyəti “azərbaycanlı”, anasının adı “X5”, milliyyəti “azərbaycanlı” olması ilə bağlı doğum akt qeydi bərpa olunmalıdır. .

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

24. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

25. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Həmçinin, Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizəçi “doğum aktı qeydinin bərpa edilməsi”nə dair ərizəsi təmin edilsin. Ərizəçi xx.xx.1959-cu il tarixdə Ermənistan Respublikasının Gorus rayonunun Şamsız kəndində doğulması barədə doğumun qeyd edilmə faktı müəyyən olunsun. Doğum haqqında akt qeydləri kitabında adının “Yaqut”, soyadının “Quliyeva”, ata adının “Fərman”, doğum tarixinin “xx xxxxxx 1959-cu il”, doğum yerinin “Ermənistan Respublikasının Gorus rayonunun Şamsız kəndi”, atasının adının “X4”, milliyyəti “azərbaycanlı”, anasının adı “X5”, milliyyəti “azərbaycanlı” olması ilə bağlı doğum akt qeydi bərpa olunsun. Hazırkı qətnamə doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar