Məhkəmə qərarları › İş №2(060)-4729/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4729/2023

21.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4729/2023 21.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1, Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 809 nömrəli nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 11 dekabr 2020-ci il tarixdə ailə qurmuşdurlar və nikahları Səadət Sarayında (Bakı Nikah evi) xx.xx.2020-ci il tarixdə, 809 nörmə ilə qeyd edilmişdir. Qeyd edir ki, nikahları formal xarakter daşıyır. Sadəcə olaraq nikaha daxil olmuşdurlar. Bir-biriləri ilə ailə münasibətləri olmayıb və halhazırda da yoxdur. Onlar nikahı formal xarakterli qurmuşdurlar. Mediasiya sessiyasında iştirak məcburi olduğundan ilkin olaraq o, Sumqayıt 1 saylı Mediasiya Təşkilatının mediatoru Etibar Həsənovun xx.xx.2023-cü il tarixdə təşkil etdiyi ilkin mediasiya sessiyasında qanunvericliyə uyğun olaraq iştirak etmişlər. Qanunda nəzərdə tutulmuş məcburi mediasiya üçün 50 manat məbləğində mediasiya xərci də onun tərəfindən ödənilmişdir. Bunun nəticəsi olaraq Sumqayıt 1 saylı Mediasiya Təşkilatının mediatoru X3 tərəfindən mediasiya sessiyası təşkil olunmuşdur. MŞS/MT030/2023-00478-nömrəli, xx.xx.2023-ci il tarixli barışıq sazişi bağlamışdırlar. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, tərəflərin nikahı formal xarakter daşıyır, onlar arasında hər hansı ailə münasibətləri olmayıb. Tərəflər həkimdirlər, onlar Türkiyədə yaşamaq və xəstəxanadan qeydiyyatdan keçmək üçün formal olaraq nikaha daxil olublar. Əslində tərəflərin əvvəl ailə qurmaq niyyətləri olsa da, sonra bu formal xarakterli olub. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia ərizəsinə dair izahat verərək iddia tələbini qəbul etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, tərəflərin hər ikisi həkimdirlər, qrup yoldaşı olublar. Hazırda hər ikisi Türkiyədə yaşayır. Məhz orada xəstəxanada işləməyə bilmək üçün nikaha daxil olublar. İddiaçı nikaha daxil olduqları vaxt iş imkanlarının daha çox ola biləcəyini bildirib. Lakin cavabdeh Türkiyəyə gedəndə xəstəxanada işə başlamaq üçün məhz ailə qurmağın vacib olmadığını başa düşüb. Buna görə də cavabdeh də iddia tələbini qəbul edir. İşin belə uzanmasının səbəbi isə tərəflərin Türkiyədə olmasıdır. Belə ki, əvvəl pandemiya dövrünün başlaması, daha sonra müharibənin olması ilə əlaqədar tərəflər Türkiyədən vaxtında vətənə qayıda bilməyib. Məhkəməyə hazırkı məsələ ilə əlaqədar bundan öncə müraciət olunsa da, yol verilmiş nöqsanlarla əlaqədar iddia ərizəsi geri qaytarılmışdır. Məhkəmənin nəzərinə bir daha çatdırır ki, tərəflər arasında heç bir ailə münasibətləri olmayıb, tərəflərin toyları belə olmayıb. Nümayəndə qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan AZ-İİ 416042 saylı nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh xx.xx.2020-ci il tarixdə Səadət Sarayında (Bakı Nikah Evi) nikaha girərək ailə qurmuşlar və bu nikah 809 saylı akt qeydilə rəsmiləşdirilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli barışıq sazışındən görünür ki, mediasiya prosesində birinci tərəfin etibarnamə üzrə nümayəndəsi qismində iştirak edən Vəkil, Cavabdeh bu Saziş imzalandıqdan sonra İddiaçı aralarında olan Bakı Nikah Evi tərəfindən xx.xx.2020-ci il tarixdə 809 nömrəli akt qeyd ilə qeydə alınmış nikahın məhkəmədə etibarsız hesab edilməsinə razı olduğunu bildirmiş və bu mübahisə ilə bağlı İddiaçı qarşı hər hansı tələbinin olmadığını təsdiq etmişdir. Mediasiya prosesində birinci tərəfin etibarnamə üzrə nümayəndəsi qismində iştirak edən X2, İddiaçı bu Saziş imzalandıqdan sonra Cavabdeh ilə aralarında olan Bakı Nikah evi tərəfindən 11 dekabr 2020-ci il tarixdə 809 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın məhkəmədə etibarsız hesab edilməsinə razı olduğunu bildirmiş və bu mübahisə ilə bağlı Cavabdeh qarşı hər hansı tələbinin olmadığını təsdiq etmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh xx.xx.2020ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Hazırda İddiaçı həmin nikahın etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə iddia tələbini qəbul edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, nikah hüququ fərdin ayrılmaz və təbii hüququ kimi Konstitusiyada əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında yer almışdır. Belə ki, Konstitusiyanın 34-cü maddəsinin İ və İİ hissələrinə əsasən hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Nikah və ailə dövlətin himayəsindədir. Eyni zamanda nikah hüququ “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 29-cu maddəsində, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 21-ci maddəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 12-ci maddəsində təsbit olunmuşdur. Sözügedən beynəlxalq normalara uyğun olaraq nikah yaşına çatmış kişi və qadınların irqi, milli və dini əlamətlərinə görə heç bir məhdudiyyət qoyulmadan nikaha daxil olmaq, ailə qurmaq hüquqları var və nikah, nikaha daxil olan hər iki tərəfin azad və tam razılığı əsasında bağlana bilər. Ailə Məcəlləsi Konstitusiyada nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətləri iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, həmçinin vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydalarını tənzimləyən normaları müəyyən edir. Ailə qanunvericiliyi ilə nikahın etibarsız sayılmasının şərtləri və nikahın etibarsız sayılmasının nəticələri də dəqiq müəyyən edilmişdir. Belə ki, Ailə Məcəlləsinin 25-ci maddəsinə görə bu məcəllənin 10-12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır (25.1). Nikah məhkəmə qaydasında etibarsız sayılır (25.2). Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır (25.4). Qeyd edilən normaların məzmunundan göründüyü kimi nikahın etibarsız sayılması üçün Ailə Məcəlləsinin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulmuş olmalı, yaxud da tərəflərdən biri və ya hər ikisi ailə qurmaq niyyəti olmadan nikaha daxil olmalıdırlar. Ailə Məcəlləsində həmçinin göstərilir ki, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur (10.1). Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir (11.1). Aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir: yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar); övladlığa götürənlər və övladlığa götürülənlər; ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər; ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər (12). İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında nikah bağlanarkən Ailə Məcəlləsinin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş qaydaların hər hansı biri pozulmamışdır. Belə ki, məhkəmə iddiaçının əsl niyyətinin ailə qurmaq deyil, başqa ölkədə işləmək üçün daha əlverişli şərait yaratmaq barədə dəlillərinə münasibətdə qeyd edir ki, əvvəla bu, sübutetmə yükü ilə bağlıdır, lakin iddiaçı, bu halların, yəni ailə qurmaq niyyətinin olmaması, ər-arvad kimi yaşamamaları və birgə təsərrüfat idarə etməmələri, xüsusən də nikahın xaricə getmək məqsədli olması, xarici ölkədə həmin imtiyaz və güzəştlərin konkret olaraq nədən ibarət olması, eləcə də bu imtiyazları nəzərdə tutan hər hansı rəsmi sənəd və ya digər sübutları məhkəməyə təqdim etməmişdir. İkincisi, məhkəmə hesab edir ki, nikah, hüquqi əhəmiyyəti olan fakt olaraq qeydə alındığı andan hüquqi nəticələrə səbəb olduğundan, onun etibarsızlığı halları da mötəbər sübutlardan asılı olmaqla, nikah münasibətlərindən ehtimal olunan hüquqi nəticələrin istisnasının şübhə doğurmayan hallarına mütənasib olaraq qiymətləndirilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının dəlilləri formal mülahizələrdən ibarətdir və bu dəlilləri tərəflər arasında bağlanmış və qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmış nikahın özü-özlüyündə etibarsız hesab edilməsi üçün əsas kimi qəbul oluna bilməz. Belə ki, hazırkı halda nikahın bağlanmasında tərəflər öz iradələrinə uyğun düşünülmüş şəkildə hərəkət etmiş, onların hazırkı mövqeləri də tam eyniyyət təşkil edir, nikah isə qeydə alındığı andan həm tərəflərə, həm də dairəsi qeyri-müəyyən üçüncü şəxslərə münasibətdə ciddi hüquqi nəticələr yaradan hüquqi faktdır. Belə olan halda, həmin nikahın etibarsız hesab edilməsi üçün iddiaçı istinad etdiyi hallara dair məhkəməyə biri digərini tamamlayan, təkzibolunmazlıqla bağlı tələblərə cavab verən və hər hansı şübhədən kənar sübutlar təqdim etməlidir. İddiaçının isə belə sübutları yoxdur. Halbuki məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın təmin edilməsi üçün hər hansı əsas yoxdur və iddia təmin edilməməlidir. Məhkəmə, cavabdeh tərəfindən iddia tələbinin qəbul edilməsinə münasibətdə qeyd edir ki, ailənin cəmiyyətin özəyi kimi, həmçinin, nikah və ailənin dövlətin himayəsində olmasının konstitusion hüquqi təsbiti, bu münasibətlər üzrə meydana çıxmış ziddiyyətli təzahürlərin həllini, dövlət və cəmiyyət maraqlarından asılı edir ki, bu da etirafın məhkəmə tərəfindən qəbul edilməsini mümkünsüz edir. Məhkəmə onu da qeyd edir ki, Mülki Məcəllənin əqdlərin bağlanması qaydalarını və onların etibarsızlığını müəyyən edən müddəalarını analoji qaydada hazırki işə tətbiq edərək hesab edir ki, iddiaçı nikahın bağlandığı tarixdən təxminən 3 il sonra onun etibarsızlığı barədə iddia qaldırmaqla Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulan 1 illik kəsici müddəti də ötürmüşdür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki,İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar