Məhkəmə qərarları › İş №2(060)-474/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-474/2022

24.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-474/2022 24.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə olan yaşayış hüququnun itirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə olan yaşayış hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, 35 saylı evin 195-ci mənzili 20 iyun 2012-ci il tarixdən onun xüsusi mülkiyyətindədir. Həmin mənzili 10ik/12SU saylı, 20 iyun 2012-ci il tarixli kredit müqaviləsi əsasında 39000 manata X1 almışdır. Alqısatqı müqaviləsinin 2.2.4-cü bəndinə əsasən satıcı müqavilə notariat qaydasında təsdiq olunduğu gündən 1 ay müddətində qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bu günə qədər mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxmamışlar. Cavabdehlər müqavilə bağlandığı gündən özlərinə məxsus əşyaları da götürərək mənzildən çıxmışlar. Onların harada yaşaması barədə məlumatı yoxdur və onun mənzilində qeydiyyatda qalmaqları bir sıra problemlər yaradır. Onların mənzilində qeydiyyatda qalmaqları mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneçilik törədir və əlavə kommunal xərclərin ödənilməsinə səbəb olur. Buna görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 6-cı mikrorayon, 35 saylı evin 195-ci mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında mübahisəli mənzili 2012-ci il tarixdə ipoteka ilə X1 aldığını, cavabdehlərin keçmiş ev sahibinin övladları olduğunu və harada yaşamaqları barədə məlumatının olmadığını bildirdi. Ona görə də məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşayış yerinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmişdir. Lakin cavabdehlər həmin ünvandan köçdüyü üçün məhkəmə bildirişini onlara təqdim etmək mümkün olmamışdır. Bu barədə poçt tərəfindən müvafiq qeyd yazılmış və möhürlə təsdiq edilmiş məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb, İddiaçı izahatını dinləyib məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanı İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 30.06.2012-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Unibank KB ACS ilə İddiaçı arasında bağlanmış,10ik/12SU saylı, 20 iyun 2012-ci il tarixli kredit müqaviləsindən görünür ki, kreditor borcalana ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin alınması üçün 27000 manat məbləğində 300 ay müdətinə kredit vermiş, borcalan isə kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini müqavilədə göstərilən qaydada həyata keçirməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan AR Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 13 Saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş 869 №-li, forma-2 saylı, 14.12.2021-ci il tarixli arayışdan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 göstərilən mənzildə yaşamırlar. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyaya dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Bütün bunları nəzərə alan məhkəmə iddianın təmin olunmasına maneçilik görmür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Həmin Qanununun 9-cu maddəsinə əsasən, yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. İddia tələbinin əsaslı olması cavabdehlərin qeydiyyatda olduğu ünvanda yaşamamaları, yalnız qeydiyyatda qalmaqla iddiaçının hüquqlarından sərbəst istifadə etməsinə mane olmaları, mülkiyyətçi kimi hüquqlarının məhdudlaşdırması və gerçəkləşdirməsinə maneçilik törədilmələri ilə ifadə olunur. Ona görə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 6-cı mikrorayon, 35 saylı evin 195-ci mənzilindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 6-cı mikrorayon, 35 saylı evin 195-ci mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar