Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4761/2024 16.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Rəşad Mehman oğlu Məmmədlinin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti) əmək müqaviləsinə xitam verilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən onunla Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatların “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi hüququnun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən o, “fəhlə” vəzifəsinə işə götürülmüşdür. Hal-hazırda Cavabdeh MMC öz fəaliyyətini dayandırmışdır. Lakin bu günə kimi mərkəzləşdirilmiş X1 Cavabdeh MMC-də işlədiyinə dair əmək müqaviləsi bildirişi mövcuddur. Belə olan halda aydın olur ki, Cavabdeh MMC öz fəaliyyətini dayandırsa da, lakin onunla bağlanmış əmək müqaviləsinin ləğvi və ya xitamı barədə əmr qəbul etməmiş və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatların “Əmək və məşğulluq” altsisteminə daxil edilməsini təmin etməmişdir. O, ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatların “Əmək və məşğulluq” altsisteminə daxil edilməsini xahiş etmişdir. Müfəttişliyin cavab məktubunda ona bildirmişdir ki, qeyd olunan mübahisə ilə bağlı iddia ərizəsi ilə rayon (şəhər) məhkəməsinə müraciət etməlidir. Bundan sonra o, pretenziya məktubu ilə Cavabdeh MMC-yə müraciət etmiş, onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsini və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatların “Əmək və məşğulluq” altsisteminə daxil edilməsini xahiş etmişdir. Lakin Cavabdeh MMC fəaliyyətini dayandırmağa görə məktubunun Cavabdeh MMC-yə çatdırılması mümkün olmamışdır. X1 hal-hazırda Cavabdeh MMC-də işlədiyi, yəni əmək müqaviləsinin qüvvədə olması görünür. Cavabdeh MMC fəaliyyətini dayandırdığı üçün cəmiyyətin məsul şəxslərini tapıb, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatların “Əmək və məşğulluq” altsisteminə daxil edilməsini tələb edə bilmir. Onun tərəfindən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı mediasiya təşkilatına müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən mediasiya iclasının vaxtı və yeri barədə cavabdeə rəhmi məlumat getsə də iclasda iştirak olunmamışdır. Bu səbəbdən işin məhkəməyə verilməsi üçün xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2024/01208 saylı arayış verilmişdir. Bu səbəbdən də aralarında yaranan mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə edərək bildirdi ki, əmək müqaviləsi üzrə müəssisədə işləməmişdir. Məlumatı olmamış, cavabdeh təşkilatı tanımamışdır. Elşad adında adam olmuş və onunla işləmişdir. Onu yönəltmişdir ki, işçi olacaqdır. Pandemiya vaxtı olduğu üçün də işə gedib-gələ bilməmişdir. Oradan əmək haqqı da almamışdır. Hər yerə şikayət etmiş, lakin demişlər ki, məhkəməyə verilməlidir. Başqa işə daxil olmaq istəyir. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə mülki işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AA seriyalı, ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünr ki, İddiaçı xx.xx.1979-cu il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, xxxxxxx230001 nömrəli müraciət vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən məlumatı olmadan Cavabdeh MMC – ********** qüvvədə olan əmək müqaviləsi vardır. Vətəndaş bildirmişdir ki, qeyd olunan iş yeri ilə bağlı heç bir məlumatı yoxdur. Əmək müqaviləsinin sistemdən silinməsinə ona köməklik göstərilməsini xahiş etmişdir. İddiaçı məxsus sosial arayışdan görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2020-ci il tarixdə fəhlə olaraq işə götürülmüş, 400 manat əmək haqqı yazılmış və iş rejimi 5 günlük iş rejimi olaraq qeyd edilmişdir. MŞS/MT030/2024-01208 saylı, xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat xərci və 10 manat kargüzarlıq xərci ödəmişdir. Cavabdeh MMC-nin ünvanına bildiriş məktubu göndərilmiş, tərəf mediasiya sessiyasında iştirak etməmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş İddiaçı aid çıxarışın gəlir məlumatları bölməsindən görünür ki, o, Cavabdeh MMC-də inşaat fəhləsi vəzifəsində işləməklə 400 manat əmək haqqı alır və əmək müqaviləsi qüvvədədir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin 17 noyabr 2023-cü il tarixli iddiaçıya ünvanlanmış sorğuya cavab olaraq bildirilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X4 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququ X3 Xidmətinə həvalə edilməlidir. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış pretenziya məktubundan görünür ki, əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatların “Əmək və məşğulluq” altsisteminə daxil edilməsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (bundan sonra - Əmək Məcəlləsi) əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz (42.1). Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir (42.2). Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır (45.1). Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir (45.2.). Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır (68.2 b). Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur (73.1). İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında əmək müqaviləsi bağlanmış, lakin iddiaçı tələb irəli sürərək belə bir münasibətin, yəni onlar arasında əmək münasibətlərinin mövcud olmadığını iddia etmişdir. Ona görə də tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək Məcəlləsində həmçinin göstərilmişdir ki, əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş X2 (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir (5-1). Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır (7.2). Əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir (12.1 h). İşdən göründüyü kimi tərəflər arasında bağlanmış əmək müqaviləsi barədə iddiaçı xəbərdar deyildir və müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş X2 bildiriş qeydə alınmışdır. Əmək müqaviləsinə faktiki mövcud olmaması, yəni əmək münasibətlərinə xitam verilməsinə baxmayaraq cavabdeh X2 qeydə alınmış əmək müqaviləsinin bağlanması barədə bildirişi ləğv etməmişdir. Bu isə iddiaçının hüquqlarının məhdudlaşmasına səbəb olmuşdur. Bu səbəbdən iddia təmin edilməli, İddiaçı hüquqi şəxs Cavabdeh MMC ilə mövcud olan əmək müqaviləsinə xitam verilməli və “Əmək və Məşğulluq” altsistemində əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar bildirişin daxil edilməsi hüququ X3 Xidmətinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı Cavabdeh MMC ilə mövcud olan əmək müqaviləsinə xitam verilsin. Əmək müqaviləsinə xitam verilməsinə dair əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil etmək öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-4761/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4761/2024
16.09.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver