Məhkəmə qərarları › İş №2(060)-4763/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4763/2021

24.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4763/2021 24.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair" iddia ərizəsi və əlavə edilmiş sənədləri məhkəmə iclasından kənar qaydada nəzərdən keçirib, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin Sumqayıt şəhəri 12-ci mikr, 10 saylı evin 22 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin qəbulundan imtina olunmalıdır. Belə ki, ərizənin məzmunundan göründüyü kimi mübahisə predmeti olan mənzil iddiaçının xüsusi mülkiyyətində olmaqla, cavabdehlər mənzilin əvvəlki mülkiyyətçisinin ailə üzvləridir, cavabdehlər həmin mənzildə yaşamamaqla, formal qeydiyyatda qalmışlar. Göründüyü kimi iddiaçının mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddiasının mahiyyəti cavabdehlərin mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılması ilə bağlıdır. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Qərarında göstərilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin irəli sürdüyü hüquqi mövqedən göründüyü kimi yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. İşin hallarından göründüyü kimi iş üzrə cavabdehlər mənzil mülkiyyətçisi ilə heç bir bağlılığı olmayan, əvvəlki mənzil sahibinin ailə üzvləri olmaqla mənzildə formal qeydiyyat qalıblar, bu mənzildə yaşamırlar, cavabdehlər yaşayış yerini dəyişmişlər, keçmiş mülkiyyətçinin adına qeyd olunan mənzilin dövlət reyestrində qeydiyyat yazısı ləğv edilmiş və həmin mənzil dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. Hazırda yaşayış sahəsinə münasibətdə cavabdehlərin əmlak hüquqları mövcud deyildir. Mövcud olmayan hüquqa isə məhkəmə qaydasında xitam verilə bilməz. Konstitusiya Məhkəməsinin formalaşdırdığı mövqeyə istinad edərək məhkəmə hesab edir ki, iddiaçı yaşayış yerini dəyişmiş cavabdehlərin mənzildən qeydiyyat çıxarılması ilə bağlı ərizə ilə müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Plenum həmçinin qeyd etmişdir ki, mülkiyyətçinin ona məxsus yaşayış sahəsində formal qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün məhkəməyə müraciəti Mülki Prosessual Məcəllənin 149-cu maddəsi ilə uzlaşmayan iddiaların qaldırılması ilə bağlıdır. Beləliklə, məhkəmə Konstitutsiya Məhkəməsi Plenumunun Qərarında göstərlmiş hüquqi mövqeyə əsaslanaraq hesab edir ki, ümumi məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ərizənin qəbul edilməsindən imtina edilməli, iddiaçıya izah edilməlidir ki, cavabdehlərin həmin mənzildə qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Odur ki, iddiaçı cavabdehlərin qeydiyyatdan çıxarılması üçün müvafiq səlahiyyətli orqana müraciət etməli, ona imtina edildikdə isə səlahiyyətli subyektin imtinası barədə inzibati məhkəmə icraatı qaydasında mübahisə qaldıra bilər. Azərbaycan Respublikası MPM-nin 153.1.2-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264, 267-268-ci maddələrini rəhbər tutub, qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair" iddia ərizəsinin qəbulundan imtina edilsin. İddiaçıya yaşayış yerini dəyişmiş cavabdehlərin mənzildən qeydiyyat çıxarılması ilə bağlı ərizə ilə müvafiq icra hakimiyyəti orqanına müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar