Məhkəmə qərarları › İş №2(060)-4777/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4777/2021

02.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4777/2021 02.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə 02 iyul 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 22 ünvanında yerləşən 20 saylı mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil 1983-cü ildə 10/48 nömrəli orderə əsasən, mərhum babaları X1 verilmişdir. Mənzil 4 otaqdan ibarət olmaqla, dövlət mənzil fonduna aiddir. Mərhum babaları X4 01.06.2000-ci il tarixdə vəfat etmişdir. Cavabdeh onların atasıdır. Ataları 08.06.1994-cü il tarixdə mərhum anaları X7 ilə rəsmi nikaha daxil olmuşlar. Onlar valideynləri ilə birlikdə mübahisəli mənzildə yaşamışlar, valideynləri Rusiya Federasiyasında işləmiş, geri qayıdanda isə onların daimi yaşadıqları mənzil mübahisəli mənzil olmuşdur. Həmin mənzildə onlara ayrılmış otaq bugün də onların əşyaları ilə doludur. Mənzildə bibiləri – Aygün və Şəlalə pasport qeydiyyatındadırlar. Lakin, həmin mənzildə yaşamırlar. Onlar da bir bibi kimi onların mənzilə buraxılmamaqlarından narahatçılıq hissi keçirirlər. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-422/2014 saylı, 07.01.2014-cü il tarixli qətnaməsi ilə ataları ilə mərhum analarının nikahı pozulmuşdur. Həmin vaxtdan da onlara mübahisəli mənzildə yaşamağa zaman-zaman maneəçilik törədilmiş, onlar da məcbur olub nənələrinin himayəsində yaşamışlar. Mərhum anaları X7 06.06.2019-cu il tarixdə vəfat etmişdir. Hələ anaları vəfat etməmişdən öncə onlar dəfələrlə mübahisəli mənzilə köçməyə cəhd etmişlər. Hətta bu barədə polisə də müraciət etmişlər. Həmin vaxt atası həmin mənzili başqa şəxsə kirayə vermişdir. Hal-hazırda isə ataları ikinci dəfə ailə həyatı qurub və onun ikinci həyat yoldaşı atası ilə birləşib onları mənzilə yaxın buraxmır. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşlar. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi Vəkil iddia ərizəsi ilə eyni məzmunlu verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçıların köçüb yaşamaq istədiyi mənzil dövlət mənzil fonduna aiddir. Onlar valideynləri ayrılana kimi həmin mənzildə yaşamışlar. İddiaçıların həmin mənzilə qeydiyyatda olmaqla həmin mənzilə istifadə hüquqları mövcuddur. İddiaçıların atası, yəni cavabdeh iddiaçıların anasından ayrıldıqdan sonra başqa bir qadınla nikaha daxil olmuşdur və iddiaçıları mübahisəli mənzilə buraxmamışdır. Bununla bağlı iddiaçılar 102 polis xidmətinə də müraciət etmişdir. Göstərilənlərə əsasən vəkil iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin 17 iyun 2021-ci il tarixli iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, iddiaçılar onun övladlarıdır. Onlar onun birinci nikahından anadan olmuşlar. Əslində o, iddiaçıların mənzilin bir otağında yaşamasına etiraz etmir. Lakin o yenidən ailə qurmuşdur. Həmin nikahdan da iki övladı var. Sadəcə olaraq hal hazırki həyat yoldaşı iddiaçıların onlarla yaşamasını istəmir. Bununla əlaqədar hər dəfə söz söhbət olur. O, əvvəlki həyat yoldaşının, yəni iddiaçıların anası X2 əşyalarını hələ də mübahisəli, Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 22 ünvanında yerləşən 20 saylı mənzilin bir otağında saxlayır. Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyatı haqqında 20.04.2021-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, İddiaçı1 və İddiaçı2 Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 22, mənzil 20 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər İH-nin MKTİB-nin 17 saylı MKS-in 05.05.2021-ci il tarixli 419 saylı arayışından görünür ki, ünvan 2 ünvanda Cavabdeh, Rəhimova Aygün, İddiaçı1, İddiaçı2, X8, X9 daimi qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər İH-nin MKTİB-nin 17 saylı MKS-in 05.05.2021-ci il tarixli 420 saylı ətraflı arayışından görünür ki, 14.03.1983-cü ildə verilən 10/48 saylı orderə əsasən Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 22, mənzil 20 vətəndaş X1 verilmişdir. Mənzil dövlət mənzil fonduna aiddir. Həmin mənzildə Cavabdeh, İddiaçı1, İddiaçı2 və başqa şəxslər daimi qeydiyyatdadırlar. İş materiallarında olan Vİ-JQ 421062 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh ilə X10 08.06.1994-cü ildə rəsmi nikaha daxil olmuş, həmin nikah 542 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Rəhimova soyadı verilmişdir. İşdə olan AZ-İİ 021509 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 11.06.2019-cu il tarixdə ölmüşdür. İş materiallarında olan Sumqayıt şəhər məhkəməsinin 2(060)-547/2014 saylı, 13.01.2014-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı X5 cavabdehlər X3, İddiaçı1 və İddiaçı2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməvən üçüncü səxslər X6, Cavabdeh və Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və yeni kirayə müqaviləsinin bağlanması tələbinə dair iş üzrə iddia təmin edilərək, X7, İddiaçı1 və İddiaçı2 Sumqayıt şəhəri, 11-ci mkr., 22 saylı evin 20 saylı mənzilinə istifadə hüquqlarının itirilmiş hesab olunması, həmin mənzilə dair mənzil kirayə müqaviləsinin X11 ilə bağlanması qət edilmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 19.09.2014-cü il tarixli 2(105)-736/2014 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Sumqayıt şəhər məhkəməsinin 2(060)-547/2014 saylı, 13.01.2014-cü il tarixli qətnaməsi qismən ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddiaçı X5 cavabdehlər X3, İddiaçı1 və İddiaçı2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü səxslər X6, Cavabdeh və Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə iddia ərizəsi təmin edilməmişdir. İş materiallarında olan 24.09.2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, İddiaçı1 Sumqayıt şəhəri, 11-ci mkr., 22 saylı evin 20 saylı mənzilində yaşamaq istəmiş, bu vaxt həmin mənzildə kənar şəxslərin olduğunu görmüş, bununla bağlı polisə şikayət etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı1 atası mənzili kirayə vermişdir. Toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, vətəndaş İddiaçı1 qeydiyyatda olduğu ünvana yerləşdirilməsi üçün məhkəməyə müraciət etməsi hüququnun olması izah edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mənzil Məcəlləsinin 8-ci maddəsində mənzil hüquq və vəzifələrinin əmələ gəlməsinin əsasları müəyyən edilərək göstərilir ki, mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; mənzil-tikinti kooperativində üzvlük; mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi. Mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43-cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur. Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmasının, yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür. Mənzil Məcəlləsinin 3-cü maddəsinə görə mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Bu cür müdafiə üsulları kimi Mənzil Məcəlləsinin 9.2.1-ci maddəsində mənzil hüququnun tanınması, 9.2.2-ci maddəsində mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması müəyyən edilmişdir. Yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış evinə köçürülməsi barədə iddialara baxılarkən, istifadə hüququnun tanınması və ya köçürülməsi tələb olunan yaşayış sahəsinin hüquqi statusu, yəni kimə məxsus olması mütləq müəyyən olunmalıdır. Çünki, mənzil fondu Məcəllədə özəl mənzil fondu, dövlət mənzil fondu və bələdiyyə mənzil fondu kimi təsnifatlaşdırılmışdır və onların hüquqi rejiminin tənzimlənməsində fərqli cəhətlər vardır. Mənzilin hüquqi statusunun müəyyən olunması bir tərəfdən mübahisə tərəflərinin düzgün müəyyənləşdirilməsi, bununla da prosessual hüquq normalarına əməl olunması baxımından əhəmiyyətlidirsə, digər tərəfdən mübahisənin həlli üçün maddi hüquq normasının düzgün seçilməsi nöqteyi-nəzərindən zəruridir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli yaşayış sahəsi dövlət mənzil fonduna aid yaşayış sahəsidir. İddiaçılar İddiaçı1 və İddiaçı2 Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 22 ünvanında yerləşən 20 saylı mənzildə qeydiyyatda olmaqla həmin mənzildən istifadə hüquqları vardır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə mübahisəli hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixədək yarandığından hazırki mübahisə həmin tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin normaları əsasında həll edilməlidir. 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Məhkəmə qeyd edir ki, mübahisəli mənzil cavabdeh ilə yanaşı iddiaçılar tərəfindən də yaşayış sahəsi kimi istifadə olunmuşdur. İddiaçı və cavabdehlər həmin evdən mənzil kimi istifadə etməkdə bərabər hüquqi əsaslara malikdirlər. İddiaçılar müvəqqəti olaraq başqa ünvanda yaşasalar da, dəfələrlə mübahisəli mənzilə köçməyə cəhd etmiş, lakin cavabdeh buna mane olmuşdur. İddiaçıların sözügedən mənzildən istifadə hüququnun olması Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 19.09.2014-cü il tarixli 2(105)- 736/2014 saylı qətnaməsi ilə də öz təsdiqini tapmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, yaşayış sahəsinə köçürülmə barədə iddiaçıların tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 22 ünvanında yerləşən 20 saylı mənzilə köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar