Məhkəmə qərarları › İş №2(060)-480/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-480/2021

05.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-480/2021 05.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə istifadə hüququnun itirilməklə evdən çıxarılma tələbi barədə iddiasına dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı QSC məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Sumqayıt şəhəri, 4-cü mikrorayon, 6/15 nömrəli binanın 43 nömrəli mənzilinə istifadə hüququnun itirlməklə, onların həmin evdən məcburi çıxarılması və mənzilin boşaldılaraq İddiaçı QSC-ə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı dəqiqləşmə verərək, Bəxtiyar Səməddin oğlunun və Cavabdeh3 Sumqayıt şəhəri, 4-cü mikrorayon, 6/15 nömrəli binanın 43 nömrəli mənzilinə istifadə hüququnun itirlməklə, onların həmin evdən məcburi çıxarılması və mənzilin boşaldılaraq İddiaçı QSC-ə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1480/2018 saylı 17.07.2018-ci il tarixli icra vərəqəsinə əsasən, X1 və X2 müştərək qaydada 21117,03 ABŞ dolları məbləğində borcun tutulması, tələbin ipoteka predmeti olan Sumqayıt şəhəri, 4-cü mikrorayon, 6/15 nömrəli binada 43 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, satışdan əldə olunan pul hesabına banka olan borcun ödənilməsi qət edilmişdir. Hazırda sözügedən mənzil İddiaçı QSC-nin mülkiyyətindədir və bu barədə AR ƏMDK DƏDRX-dən ********** qeydiyyat nömrəli, 11.12.2019-cu il qeydiyyat tarixli çıxarış alınmışdır. Bundan sonra, mülki qanunvericiliyin tələblərinə uyğun olaraq Sumqayıt şəhəri, 4-cü mikrorayon, 6/15 nömrəli binada 43 nömrəli mənzilini 10 (on) gün ərzində könüllü olaraq boşaldılması və banka təhvil verilməsi barədə cavabdehlərə pretenziya məktubu göndərilmişdir. Lakin cavabdehlər verilmiş müddətin başa çatmasına baxmayaraq mənzili könüllü olaraq boşaldaraq banka təhvil verməmişlər. Cavabdehlər mənzildə hazırki vaxtadək yaşamaqdadır, bununla da cavabdehlər iddiaçının əmlak üzərində mülkiyyətçi kimi hüquqlarının həyata keçirilməsinə mane olur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi və yüklü edilmiş əmlakın ilkin satış qiyməti ilə razı olduğunu bildirdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırki mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. 17.03.2020-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh2 və Cavabdeh3 iddia tələbinin təmin edilməməsini xahiş etmişdirlər. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1480/2018 saylı 17.07.2018-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, X1 və X2 müştərək qaydada 21117,03 ABŞ dolları məbləğində borcun tutulması, tələbin ipoteka predmeti olan Sumqayıt şəhəri, 4-cü mikrorayon, 6/15 nömrəli binada 43 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, satışdan əldə olunan pul hesabına banka olan borcun ödənilməsi qət edilmişdir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən 6/15 saylı evin, 43 saylı mənzilin mülkiyyətçisi İddiaçı QSC-dir və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə 11.12.2019-cu ildə qeydiyyata alınmışdır. - Xəbərdarlıq məktubunun surətindən görünür ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon, 6/15 nömrəli binada 43 nömrəli mənzilini 10 (on) gün ərzində könüllü olaraq boşaldılması və banka təhvil verilməsi barədə cavabdehlərə pretenziya məktubu göndərilmişdir. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, 08.07.2013-cü ildə Cavabdeh1 vəfat etmişdir. - “Hərracın yekunları barədə protokolu”na əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə müvafiq olaraq, Cavabdeh3 məxsus Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən 6/15 saylı evin, 43 saylı mənzil ipoteka saxlayan İddiaçı QSC tərəfindən əldə edilmişdir. - Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, Cavabdeh3 məxsus Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən 6/15 saylı evin, 43 saylı mənzil ipoteka saxlayan İddiaçı QSC tərəfindən 29,325 manata əldə edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon, 6/15 nömrəli binada 43 nömrəli mənzil 11.12.2019-cu tarixli çıxarışa əsasən İddiaçı QSC-ə məxsusdur. Cavabdehlər həmin mənzildə yaşayırlar. Bununla da iddiaçının əmlaka dair hüquqlarını pozurlar. İş materiallarından görünür ki, cavabdehlərin mübahisəli mənzildə məskunlaşmasının hər hansı hüquqi əsası mövcud deyildir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.Həmin maddənin İV hissəsinə görə də heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən “Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı işi üzrə qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər.1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla nəzərə alır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. Hazırki, mübahisəyə münasibətdə isə məhkəmə qeyd edir ki, məcburi köçkün statusuna malik olan şəxslərin iddiaçıya məxsus mənzili 25 ildən artıq müddət ərzində zəbt etməsi və zəbt etmə faktının qeyri-müəyyən müddətədək davam edə bilməsi ehtimalı ictimai maraq tələbləri ilə ayrı-ayrı şəxslərin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığın pozulmasına dəlalət edir. Cavabdehlərin qanunsuz müdaxiləsi nəticəsində iddiaçı onun mülkiyyətində olan mənzilin üzərində olan sərəncam, sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur. Broniovski Polşaya qarşı” işdə (22 iyun 2004-cü il tarixli Məhkəmə qərarı) Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. İş materiallarından görünür ki, cavabdehin mübahisəli mənzildə məskunlaşmasının hər hansı hüquqi əsası mövcud deyildir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh2 və Cavabdeh3 Sumqayıt şəhəri, 4-cü mikrorayon, 6/15 nömrəli binanın 43 nömrəli mənzilinə istifadə hüququ itirilməklə həmin mənzildən çıxarılmalı və mənzil boşaldılaraq İddiaçı QSC-ə təhvil verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Sumqayıt şəhəri, 4-cü mikrorayon, 6/15 nömrəli binanın 43 nömrəli mənzilinə istifadə hüquqları itirilməklə həmin mənzildən çıxarılsınlar və mənzil boşaldılaraq İddiaçı QSC-ə təhvil verilsin. Qətnamədən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar