Məhkəmə qərarları › İş №2(060)-4805/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4805/2021

24.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4805/2021 24.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, Ərizəçi Sumqayıt 1 saylı rayonlararası qeydiyyat imtahan şöbəsini maraqlı şəxs qismində işə cəlb etməklə “mirasın qəbul edilmə faktının müəyyən edilməsi tələbinə dair” ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmədən kənar qaydada baxaraq, müəyyən etdi: Ərizəçi Sumqayıt 1 saylı rayonlararası qeydiyyat imtahan şöbəsini maraqlı şəxs qismində işə cəlb etməklə “mirasın qəbul edilmə faktının müəyyən edilməsi tələbinə dair” ərizə ilə məhkəməyə müraciət edərək AB 595009 nömrəli nəqdiyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən 90HU809 dvlət qeydiyyat nişanlı Kia Sorento minik avtomobilinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizəni qəbul etməkdən imtina olunmalıdır. Belə ki, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarında qeyd olunmuşdur ki, «Məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir.» Ərizənin mümkünlüyü yoxlanılarkən ərizəçinin notariat orqanına müraciət etməsi və vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilməsi müəyyən edilmədi. Göstərilənlərə əsasən hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədləri qəbul etməkdən imtina edilməli və ərizəçiyə izah edilməlidir ki, o, müvafiq səlahiyyətli orqana müraciət etməli, ona imtina edildikdə və o, bu imtinanı əsassız hesab edərsə səlahiyyətli subyektin imtinası barədə inzibati qaydada mübahisə qaldıra bilər və ya məhkəməyə müraciət edə bilər. MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 306, 308, 263- 264, 267-268-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi Sumqayıt 1 saylı rayonlararası qeydiyyat imtahan şöbəsini maraqlı şəxs qismində işə cəlb etməklə “mirasın qəbul edilmə faktının müəyyən edilməsi tələbinə dair” ərizəsinin qəbul edilməsindən imtina olunsun, ərizə və əlavə edilmiş sənədlər rəsmi qaydada ərizəçiyə təqdim edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar