Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4806/2020 14.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Onun nümayəndəsi və vəkili X3, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya verilməklə mənzilə yaşayışistifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya verilməklə mənzilə yaşayış-istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, 15.000 manat məbləğində kompensasiya verməklə, onların azyaşlı övladları X5 ilə birlikdə xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan Sumqayıt şəhəri, 9-cu mkr., 38A saylı evin, 13 saylı mənzilə yaşayış-istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, ünvan 1 ünvanında yerləşən, 3 otaqdan ibarət 13 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Hazırda həmin mənzildə, o, həyat yoldaşı, oğlu, gəlini və nəvəsi qeydiyyatda olmaqla yaşayırlar. Cavabdeh1 onun oğlu, Cavabdeh2 gəlinidir. Cavabdehlər 2006-cı ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və ona məxsus mənzilə gəlin gəlmişdir. Cavabdehlərin birgə nikahlarından 2017-ci il təvəllüdlü X5 adlı bir övladı dünyaya gəlmişdir. Hazırda onların münasibətləri normal deyil və hər gün ailədə söz-söhbət yaranır, nəticə etibarilə o, bu ahıl yaşında öz evində rahat yaşaya bilmir. Cavabdehin hər gün bir bəhanə ilə ailədə söz söhbət yaratması onu təngə gətirmişdir. Ona görə də, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, cavabdehlərə 15.000 manat məbləğində kompensasiya verilməklə onların ona məxsus mənzildən istifadə hüquqlarına xitam verilməlidir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili X6 məhkəmə iclasında iddia tələbini əsaslı hesab edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul edərək bildirdilər ki, onlar verilən 15.000 manat kompensasiya məbləği ilə razıdırlar. Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında cavabdehlər ərizə ilə məhkəməyə müraciət edərək, iddianı qəbul etdiklərini bildirmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsində göstərilir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeydedilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinin göstərişinə əsasən isə cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Eynizamanda, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etiraf edərək onu qəbul etməsi qanuna və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlir və başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mkr., 38A saylı evin, 13 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan 9 saylı MKS tərfindən verilmiş xx.xx.2020-ci il tarixli, 978 nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 onların övladları 2017-ci il təvəllüdlü X1 şəhəri, 9-cu mkr., 38A saylı evin, 13 nömrəli mənzilində rəsmi olaraq qeydiyyatdadırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən,yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin,arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllə qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2. maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. İddia tələbindən göründüyü kimi iddiaçı 15.000 manat verməklə cavabdehlərin Sumqayıt şəhəri, 9-cu mkr., 38A saylı evin, 13 saylı mənzilinə olan istifadə hüququna xitam verilməsini tələb edir. Məhkəmə cavabdehlərin razılığını nəzərə alaraq hesab edir ki, Sumqayıt şəhəri, 9-cu mkr., 38A saylı evin, 13 saylı mənzilinin mülkiyyətçisi olan İddiaçı tərəfindən cavabdehlərə təklif olunan 15.000 manat kompensasiya müqabilində, cavabdehlərin müəyyən bir müddət ərzində başqa yerdə yaşamaq imkanına malikdirlər və həmin məbləğdə kompensasiya verilməsinin təmin edilməsi onların hüquqlarını pozmur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2007-ci il tarixli qərarında göstərilir ki, «kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitdə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır». Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı tərəfindən 15.000 (on beş min) manat kompensasiya verməklə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların yetkinlik yaşına çatmayan övladları 2017-ci il təvəllüdlü X2 Sumqayıt şəhəri, 9-cu mkr., 38A saylı evin, 13 saylı mənzilindən istifadə hüquqlarına xitam verilsin və onlar həmin mənzildən çıxarılsınlar. Qətnamədən rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(060)-4806/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4806/2020
14.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver