Məhkəmə qərarları › İş №2(060)-4834/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4834/2022

05.09.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4834/2022 05.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə 05 sentyabr 2022-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanına yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, məhəllə 41A, ev 5A, mənzil 46 onun xüsusi mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin mənzildə qeydiyyatda olsalar da, bir neçə ildir ki həmin ünvanda yaşamırlar. Cavabdehlərin onun mənzilində formal olaraq qeydiyyatda olmaları mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneçilik törədir və əlavə olaraq kommunal xərclərin ödənilməsinə səbəb olur. Buna görə də cavabdehin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırki hüquq münasibətləri 2000-ci il tarixədək əmələ gəldiyindən mövcud mübahisənin həlli zamanı 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Göründüyü kimi, cavabdehlər uzun müddətdir ki, hazırki mənzildə yaşamırlar. Həm şəxslərin həmin mənzildə yaşamamalarına tərəfindən heç bir maneçilik göstərilmir. Hazırda cavabdehlərin könüllü surətdə həmin mənzildən istifadə etməmələri onların həmin mənzilə ehtiyacının olmaması qənaətinə gəlməyə əsas verir və bu səbəbdən cavabdehlərin həmin mənzilə istifadə hüququna xitam verilməlidir. Yuxarıda qeyd etdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdehlər artıq uzun müddətdir ki, onun evində yaşamırlar. Onlar mübahisəli mənzili 2014-cü ildən tərk ediblər. Həmin vaxtdan etibarən cavabdehlərlə heç bir əlaqələri olmayıb və onlar barəsində heç bir xəbər əldə edə bilməyiblər, hətta müxtəlif dövlət qurumlarına-XİN-nə, Qızıl Aypara Cəmiyyətinə müraciət ediblər, lakin heç bir nəticəsi olmamışdır. Dəqiq bilməsələr də, deyilənə görə onlar Suriyaya gediblər. İddiaçı qeyd etdiklərinə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məlum olan axırıncı yaşayış yeri üzrə ünvanına məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilsə də, bildirişlərin üzərinə Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 12 saylı Mənzil Kommunal Sahəsi tərəfindən onların həmin ünvanda yaşamaması barədə qeyd yazılaraq, bildirişlər məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: Azərbaycan Respublikasının Daxili işlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışından görünür ki, Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadırlar. İşdə olan MH seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********* qeydiyyat nömrəsi ilə xx.xx.2007-ci il tarixdə qeydə alınmışdır. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat məbləğində mediasiya xərci Cavabdeh1 Səyyaf oğlu tərəfindən ödənilmişdir. İş materiallarına əlavə edilmiş sərhədkeçmə məlumatları barədə elektron sistemdən edilmiş xx.xx.2022-ci il tarixli çıxarışlardan görünür ki, Cavabdeh1 və Cavabdeh2 sonuncu dəfə dövlət sərhədindən kənara çıxışı xx.xx.2014-cü il tarixdə qeydə alınmışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ünvan 1 Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarış əsasında xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır. Cavabdehlər özünə başqa yaşayış yeri seçməklə mənzili daimi olaraq tərk etmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasənqətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə mübahisəli hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixədək yarandığından hazırki mübahisə həmin tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin normaları əsasında həll edilməlidir. 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 6-cı hissəsinə görə şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə görə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ-ci hissəsini məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və onun ailə üzvlərinin müvəqqəti o, cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxslərin yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Mübahisənin həlli, yəni cavabdehin mübahisəli mənzildən olan istifadə hüququnun itirilib-itirilməməsinin müəyyən edilməsi üçün onun bu yaşayış sahəsini tərk etməsinin səbəbləri araşdırılmalı və bu tərk etmənin daimi və yaxud müvəqqəti əsaslarla olmasına qiymət verilməlidir. Belə ki, bu münasibətləri tənzimləyən yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri baxımından bu kateqoriya işlər üzrə əsas şərt icarəçi və ya qeydiyyatda olan şəxslərin mənzildə 6 ay və daha artıq müddətdə üzrsüz səbəbdən yaşamamasını və hüquqları mübahisələndirilən şəxslərin başqa yerdə daimi yaşayış yerlərinin olmasını sübut etməkdir. Bu baxımdan məhkəmə iş materiallarında olan sübutları qiymətləndirərək, belə qənaətə gəlir ki, cavabdehlər mübahisəli mənzili məhz daimi əsaslarla tərk etmişdir. Belə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli mənzildə 8 ildən artıq müddətdə yaşamaması iddiaçının izahatı, sərhədkeçmə məlumatları barədə elektron sistemdən edilmiş xx.xx.2022-ci il tarixli çıxarışlarla təsdiq olunur. Digər tərəfdən cavabdehlər mübahisəli mənzili məcburi olaraq deyil, könüllü olaraq tərk etmişdir. Belə ki, cavabdehlər keçən müddət ərzində mənzilə köçürülmə barədə iddia qaldırmamış və ya mənzildən istifadəyə maneə törədilməsi ilə bağlı hər hansı orqana şikayət etməmişdir. Bu isə, cavabdehlərin müvəqqəti deyil, məhz daimi əsaslarla mübahisəli mənzildən köçməsi faktını təsdiq edir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanına istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanına olan istifadə hüquqlarına xitam verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayətiverilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar