Məhkəmə qərarları › İş №2(060)-4845/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4845/2022

20.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4845/2022 20.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2na qarşı mənzilin bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 (bundan sonra - iddiaçı) Cavabdeh1 və Cavabdeh2na (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, Saray bağlar massivi, 1968 ünvanlı, 0,2294 hektar bağ sahəsinə dair xx.xx.2012-ci il tarixdə, reyestr 4Ə-İ 1417 nömrə ilə qeyd edilmiş Cavabdeh1 ilə bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1961-ci ildə Sumqayıt şəhəri, Saray bağlar massivi 1968 ünvanlı bağ sahəsi almışdır. Həmin bağ sahəsinə xx.xx.2012-ci il tarixdə, № **********, reyestr № **********56, seriya MA № ******* olan çıxarış alınmışdır. Cavabdeh iddiaçının qardaşı oğludur. İddiaçı 2012-ci ildə ağır xəstəlik keçirmişdir. Cavabdeh onu təkid və israrla notariat kontoruna apararaq ondan müqavilə bağlamağı xahiş etmiş və bildirmişdir ki, hər hansı xəstəlik və ağırlaşma baş verərsə və ümumiyyətlə çətin günlərində onu tək qoymayacaq və ona zəruri maddi və mənəvi köməkliyini göstərəcəkdir. İddiaçı müqavilənin nə olduğunu bilməsə də, şərtini kəsmişdir ki, bağ iddiaçı və digər 2 qardaşı arasında bölünəcək. Hətta iddiaçı öz aralarında iddiaçıya baxmayacağı halda iddiaçıya məxsus bağı geri qaytaracağını nəzərinə çatdırmışdır. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdeh onun qardaşı oğludur. İddiaçı bağı ona bağışlamışdır ki, üç qardaş həmin bağı öz aralarında bölsünlər. Cavabadeh də iddiaçıya çətin günlərində onu tək qoymayacağını və ona zəruri maddi və mənəvi köməkliyini göstərəcəyini bildirmişdir. Bağ sahəsinin bağışlanması barədə müqavilə bağlayarkən iddiaçı nəyə imza etdiyini bilməmişdir. Həmin bağ torpaq sahəsinin bağışlanmasından 10 il keçməsinə baxmayaraq cavabdeh onunla bir dəfə də olsun maraqlanmamışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirdi ki, İddiaçı onun bibisidir. Həmin bağ sahəsi əslində onun atası tərəfindən alınmış və iddiaçının adına rəsmiləşdirilmişdir. İddiaçı öz iradəsi ilə şəxsən notariusa gedib bağışlama müqaviləsi bağlamışdır. Müqavilə bağlanarkən notarius bununla bağlı bütün halları iddiaçıya bildirmişdir. Hazırda müəyyən şəxslər iddiaçının yaşlı olmasından istifadə edərək ona təsir göstərir və bununla bağ sahəsini ələ keçirmək istəyirlər. Qeyd edilənlərə əsasən cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 notariusu məhkəməyə ərizə ünvanlayaraq məhkəmə baxışı iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1935-ci ildə, Bakı şəhərində anadan olmuş, ünvan 4 ünvanında qeydiyyatdadır. Cavabdeh1 xx.xx.1961-ci ildə, ünvan 5 ünvanında qeydiyyatdadır. Daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışa əsasən Sumqayıt şəhəri, Saray bağlar massivi 1968 ünvanlı bağ sahəsi (0.2294 ha) (bundan sonra – mübahisəli bağ sahəsi) iddiaçının adına xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli bağışlama müqaviləsinə əsasən iddiaçı mübahisəli bağ sahəsini cavabdehə bağışlamışdır. İş materiallarına mübahisəli torpaq sahəsinin planı və ölçüsü əlavə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə verərək bildirdi ki, iddiaçını qonşu kimi tanıyır. O, cavabdehi tanımır, sadəcə olaraq adını eşidib və iddiaçının qardaşı oğlu olduğunu bilir. İddiaçının bildirdiklərinə görə qardaşı oğlu onu aldadaraq bağ evinin bağışlanması barədə müqaviləyə imza etdirib. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur (666.1.). Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın (667.1.). Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır (668.1.1.). İşin müəyyən edilmiş hallarından göründüyü kimi mübahisəli torpaq sahəsi xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə bağışlanmış və iddiaçı notariat orqanın verdiyi ərizədə həmin mənzilin bağışlanmasına razı olduğunu bildirmişdir. Hazırda iddiaçı həmin razılıq ərizəsini verərkən aldadıldığını bildirərək bağışlama müqaviləsinin etibarsız hesab edilməsini xahiş edir. Mülki Məcəllədə göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (337.1.). Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin (339.2.). Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır (339.4.). İddiaçı iddia ərizəsində cavabdehin təkidi nəticəsində mübahisəli bağ evini cavabdeh bağışladığını və bunun müqabilində cavabdehin ona maddi və mənəvi dəstək göstərmək öhdəliyi götürdüyünü bildirmişdir. Məhkəmə iclasında verdiyi izahatında isə bağışlama müqaviləsi bağlayarkən nəyə imza etdiyini bilmədiyini qeyd etmişdir. Göründüyü kimi iddia ərizəsi və iddiaçının izahatı arasında ziddiyyət mövcuddur. İddiaçı bağ sahəsini cavabdehə bağışlayarkən cavabdehin ona maddi və mənəvi dəstək göstərmək öhdəliyi götürdüyünü bildirsə də, bağışlama müqaviləsinin məzmunundan göründüyü kimi bağışlama müqaviləsi hər hansı şərtdən asılı edilməmişdir. Eyni zamanda iddiaçı müqavilə bağlanarkən cavabdeh tərəfindən aldadılması və nəyə imza etdiyini bilmədən müqaviləni imzalamasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tərəfindən məhkəməyə bir şahid təqdim edilmişdir ki, həmin şahid iddiaçıdan aldığı məlumata əsasən ifadə vermişdir. Bu səbəbdən həmin ifadə iddiaçının tələbinin sübutu kimi qəbul edilə bilməz. Eyni zamanda Mülki Məcəllədə göstərilmişdir ki, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər (354.1.). Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər (354.2.). Göründüyü kimi iddiaçı bağışlama müqaviləsinin bağlanmasından 10 ilə yaxın müddət keçdikdən sonra hazırkı iddianı irəli sürmüşdür. Bununla da o, həmin tələbi irəli sürmək hüququnu itirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2na qarşı Sumqayıt şəhəri, Saray bağlar massivi, 1968 ünvanlı, 0,2294 ha bağ sahəsinə xx.xx.2012-ci il tarixdə, reyestr 4Ə-İ 1417 nömrə ilə qeyd edilmiş Cavabdeh1 ilə bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar