Məhkəmə qərarları › İş №2(060)-4849/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4849/2022

03.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4849/2022 03.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxslər AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi və Sumqayıt şəhər 4 saylı notariat ofisinə qarşı bağışlama müqaviləsinin etibarsız sayılması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi və Sumqayıt şəhər 4 saylı notariat ofisinə qarşı bağışlama müqaviləsinin etibarsız sayılması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 11-ci məhəllə ünvanında yerləşən 87 saylı fərdi yaşayış evinə dair xx.xx.2003-cü il tarixdə Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Cavabdeh2 adına 162 qeydə alma nömrəsi ilə 06 nömrəli kitabda qeydə alınmış tam payla mülkiyyətə dair verilmiş qeydiyyat vəsiqəsinin (çıxarışın) ləğv edilməsi, həmin qeydiyyat vəsiqəsi əsasında Cavabdeh2 ilə Cavabdeh1 arasında 4Ə-1194 nömrəli reyestrlə Sumqayıt şəhər 4 saylı notariat ofisində bağlanmış 06 iyul 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız sayılması və yaşayış evinə dair Cavabdeh1 verilmiş xx.xx.2018-ci il tarixli ********** saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, mərhum Zibaxanımın adına vəsiyyətnamə qoymuş, o isə 2003-cü ildə notariusa müracət edərək ½ hissə paya dair çıxarış almışdır. Zibaxanım tam mülkiyyət hüququna malik olmaq üçün məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən iddia tələbi təmin edilmişdir. Bundan sonra cavabdeh tam mülkiyyət hüququ əldə etmişdir. Müraciətləri əsasında 2003-cü il tarixli qətnamə ləğv olmuşdur. Daha sonra qərardad mübahisələndirilmiş, dəyişdirilmədən saxlanılaraq qanuni qüvvəsini almışdır. Notariusa müraciət edilmiş, notarius tərəfindən ½ hissə məcburi paya dair şəhadətnamə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edən zaman onlara evin bağışlandığı bildirilmişdir. Ona görə də məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, ona 1998-ci il tarixdən vəsiyyətnamə verilmiş, 2003-cü ildə məhkəməyə müraciət etmişdir. O vaxt iddiaçını 6 ay axtarmışlar, lakin o gəlməmişdir. Eşitdiyinə görə Sankt-Peterburq şəhərində yaşamışdır. İddiaçı atası, anası, arvadı öləndə belə gəlməmişdir. Qanuni yolla öz adına, 2018-ci ildə isə oğlunun adına keçirmişdir. İddiaçı T.Ə. Muradovu 16 yaşından bəri görmür. İllər öncə o, ölkədə olmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. O, iddiaçını tanımır, heç vaxt da görməyib. 2018-ci ildə Daşınmaz Əmlakı Dövlət Reyestri Xidmətinə müraciət edilmiş, sənədlərin düzgünlüyü yoxlanılandan sonra ev onun adına qeydiyyata alınmışdır. Ona görə də məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi və Sumqayıt şəhər 4 saylı notariat ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən qanunvericiliyin tələbi baxımından mülki işə AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi və Sumqayıt şəhər 4 saylı notariat ofisinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iddia ərizəsinə əsasən müəyyən edildi ki, 06 oktyabr 1998-ci il tarixdə mübahisə predmeti olan fərdi yaşayış evinə dair Cavabdeh2 adına vəsiyyətnamə qoyulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 14 fevral 2003-cü il tarixli, 2-382/2003 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı mülkiyyətin tam şəkildə qeydə alınması və pasport qeydiyyatından çıxarılma tələbinə dair iddiası təmin edilərək Sumqayıt şəhəri, 11-ci məhəllə, 87 saylı evin tam şəkildə Sumqayıt şəhər texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən Cavabdeh2 adına qeydə alınması, İddiaçı Sumqayıt şəhəri, 11-ci məhəllə, 87 saylı yaşayış evinə istifadə hüququnun itirilmiş hesab edilməsi və onun həmin evdən pasport qeydiyyatından çıxarılması qət edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 aprel 2019-cu il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh2 Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 11-ci məhəllə, 87 ünvanında yerləşın fərdi yaşayış evini Cavabdeh1 hədiyyə etmişdir. İş materiallarında olan 06 dekabr 2021-ci il tarixli Məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı Sumqayıt şəhəri, 11-ci məhəllə, 87 saylı yaşayış evinə miras əmlakdan ½ hissədə pay almalıdır. İş materiallarında olan AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Vəkil ünvanladığı xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, onun Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 11-ci məhəllə ünvanda yerləşən 87 nömrəli fərdi yaşayış evinin 1/2 hissəsi üzərində xx.xx.2021ci il tarixli, 2V-1688 nömrəli məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə daxil olmuş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəsinə baxılmış, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilmişdir. Məhkəmə hesab edir ki, hazırkı iddia mülki hüquqi təbiətinə görə çıxarışın ləğv edilməsi, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi mahiyyət etibarı ilə bir icraatda birşləşdirilməməlidir. Bu isə mülki mübahisə olaraq birliktə verilmiş iddianın araşdırılması mümkün etməməklə, mülki məhkəmə icraatı qaydasında baxılmasını mümkünsüz edir. İş materiallarında olan inzibati orqanın daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirşə əsasən ərizənin icrasından imtina edilməsi məqsədə müvafiq hesab edilmişdir. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan imtina mübahisələndirilmədən, cavabdehin vəsiyyətnamə üzrə öz payına dair verilmiş qeydiyyat vəsiqəsi və onun əsasında çıxarışın ləğvi barədə iddiaçının tələbi hazırki halda mülki hüquqi əqd olaraq mübahisələndirilərək bir icraatda birləşdirilməsi, onun hüquqi təbiətini dəyişdirməsinə səbəb olmayaraq mülki icraat qaydasında ümumi məhkəmədə baxılmasına dəlalət etmir. Məhkəmə iş materiallarında olan sənədlər və tərəflərin məhkəmə iclasında verdikləri izahatlara əsasən belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər” haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması yolverilməzdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini xüsusi vurğulamışdır. Avropa Məhkəməsi “Bezımyannaya Rusiya Federasiyasına qarşı” iş üzrə 22 dekabr 2009cu il tarixli qərarında qeyd etmişdir ki, dövlətlərin məhkəmə sistemlərində ayrı-ayrı məhkəmələr arasında aidiyyət məsələlərini müəyyən edən meyarlar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin təmin edilməsinə xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 28 mart 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, “Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmə icraatının növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il qərarı ilə müəyyən edilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Həmin qərarla həmçinin məhkəmələrə tövsiyyə edilmişdir ki, inzibati mübahisələr hüquqi təbiətinə görə mülki mübahisələrdən (kommersiya mübahisələrindən) fərqli olduğundan mülki tələblər (kommersiya mübahisələri üzrə tələblər) inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddialarla, inzibati iddia tələbləri isə mülki məhkəmə icraatı qaydasında qaldırılan iddialarla birləşdirilə və onlara birgə baxıla bilməz. “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər (Mülki Məcəllə 666.1-666.2). Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmçinin həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Bu Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261- 262, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi və Sumqayıt şəhər 4 saylı notariat ofisinə qarşı bağışlama müqaviləsinin etibarsız sayılması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar