Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4861/2021 11.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Həsənova Həvva Seymur qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3 Cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdehlər X4 və Cavabdeh2 qarşı «kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən əmlakları ilə birlikdə çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X4 və Cavabdeh2 qarşı «kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən əmlakları ilə birlikdə çıxarılma» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Abışova (Qaraxanova) Xuraman Vaqif qızı və Cavabdeh2 hər birinə 5000 manat olmaqla, cəmi 10000 manat məbləğində kompensasiya verilməklə onların və yetkinlik yaşına çatmayan 08.12.2006-cı il təvəllüdlü Qaraxanlı Elvira Elbrus qızının xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Sumqayıt şəhəri, 17 mkr., 57 saylı evin, 44 nömrəli mənzilə olan istifadə hüquqlarına xitam verilməsi və mənzildən əmlakları ilə birlikdə çıxarılmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X8 məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, Sumqayıt şəhəri, 17-ci mkr, ev 57, mənzil 44 xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdehlərdən Abışova (Qaraxanova) Xuraman Vaqif qızı iddiaçının keçmiş gəlini, digər Cavabdeh2 isə nəvəsidir. Qeyd edir ki, iddiaçının oğlu X5 25.08.2000-ci ildə cavabdeh Abışova (Qaraxanova) Xuraman Vaqif qızı ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından 28.05.2001-ci il təvəllüdlü Cavabdeh2 və 08.12.2006-cı il təvəllüdlü Qaraxanlı Elvira Elbrus qızı adlı iki övladları var. Sumqayıt şəhər məhkəməsinin 08 iyul 2016-cı il tarixli qətnaməsi ilə onların arasında olan rəsmi nikah pozulmuş, birgə nikahlarından olan uşaqların anasının yanında qalması və həmin uşaqların saxlanması üçün aliment tutulması qət edilmişdir. Bildirir ki, iddiaçıya məxsus mənzil 1 otaqdan ibarətdir. Həmin evdə hal-hazırda cavabdehlər və 08.12.2006-cı il təvəllüdlü Qaraxanlı Elvira Elbrus qızı yaşayır. İddiaçı mülkiyyətçi olaraq öz mənzilindən sərbəst şəkildə istifadə edə, həmin mənzildə yaşaya bilmir. Onun mülkiyyət hüququ kobud şəkildə pozulur. Buna səbəb isə cavabdehlərdir. Çünki onlarla birlikdə yaşamaq mümkün deyil. Belə ki, Sumqayıt şəhər məhkəməsinin 05 fevral 2019-cu il tarixli hökmü ilə cavabdeh Abışova (Qaraxanova) Xuraman Vaqif qızı onu döydüyü üçün Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib, qazancından dövlət nəfinə 10 faiz məbləğində pul tutulmaqla 3 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. İddiaçı məcbur olub kirayədə yaşayır. Onların bir yerdə yaşamağı mümkünsüzdür. Həm mənzil 1 otaqdan ibarətdir, həm də cavabehlər ona qarşı qərəzlidirlər. Həmçinin o, öz mənzilindən sərbəst şəkildə istifadə etmək və mənzilində özü tək yaşamaq istəyir. Mülkiyyətçi kimi buna hüququ və haqqı çatır. Lakin hazırkı vəziyyətdə cavabdehlərə görə o mənzilində yaşaya bilmir. Cavabdehlərin ona məxsus mənzildə istifadə hüquqlarının olduğunu bilir. Ona görə də onlara kompensasiya təklif edir. Hesab edir ki, cavabdehlərin hər birinə 5000 manat olmaqla ümumilikdə 10000 (on min) manat məbləğində kompensasiya verilməklə onların xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Sumqayıt şəhəri, 17 mkr., 57 saylı evin, 44 nömrəli mənzilə olan istifadə hüquqlarına xitam verilməli və ona məxsus əmlakları ilə birlikdə çıxarılmalıdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Abışova Xuraman qızı məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərdi ki, o kompensasiya məbləği ilə razı deyildir və yalnız ona kompensasiya kimi yataqxana alınacağı təqdirdə, mənzilə istifadə hüququnun itirilməsinə razı ola bilər. Göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 17 mkr., 57 saylı evin, 44 nömrəli mənzili İddiaçı qızına məxsusdur. İş materiallarında olan 16.05.2021-ci il tarixli Forma 2 arayışından görünür ki, cavabdehlər Abışova (Qaraxanova) Xuraman Vaqif qızı, Cavabdeh2 və yetkinlik yaşına çatmayan 08.12.2006-cı il təvəllüdlü Qaraxanlı Elvira Elbrus qızı Sumqayıt şəhəri, 17 mkr., 57 saylı evin, 44 nömrəli mənzilində rəsmi olaraq qeydiyyatdadırlar. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 08 iyul 2016-cı il tarixli, (060)-4091/2016 saylı qətnaməsinin surətindən görünür ki, X6 və X7 arasında olan 25.08.2000-ci il tarixli nikah pozulmuş və 28.05.2001-ci il təvəllüdlü Cavabdeh2 və 08.12.2006-cı il təvəllüdlü Qaraxanlı Elvira Elbrus qızı X1 yanında qalmışdır. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1946/2019 saylı, 22.05.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə muraciət edərək cavabdeh X4 5000 manat məbləğində kompensasiya verilməklə onun və yetkinlik yaşına çatmayan usaqları 28.05.2001-ci il təvəllüdlü Cavabdeh2 və 08.12.2006-cı il təvəllüdlü Qaraxanlı Elvira Elbrus qızının Sumqayıt şəhəri, 17-ci mikr. 57 saylı evin, 44 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, həmin qətnamə ilə Sumqayıt şəhər Məhkəməsinin 18 yanvar 2019-cu il tarixli, (060)-522/2019 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh X4 qarşı kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə diar iddiası təmin edilməmişdir. İşin araşdırılan halları ilə müəyyən edilmişdir ki, cavabdeh X7 mübahisəli mənzilə 25.08.2000-ci il tarixdə gəlin köçmüş, iddiaçının oğlu ilə onun rəsmi nikahından olan övladları həmin mənzildə doğulmuşdur. Mübahisəli mənzilin mülkiyyətçisi olan iddiaçının cavabdehlərin hər birinə təklif etdiyi 5000 manat onların, habelə cavabdeh X2 yetkinlik yaşına çatmayan 08.12.2006-cı il təvəllüdlü Qaraxanlı Elvira Elbrus qızı ilə birlikdə mübahisəli mənzildən istifadə hüququna xitam verilməsinə mütənasib məbləğ deyildir. Yaşayış sahəsindən istifadə etmək hüququna kompensasiya verilməklə xitam verilməsi mülkiyyətçinin könüllü iradəsi əsasında mümkün olduğundan, kompensasiyanın məbləğinin artırılması da qanunvericiliyin tələbinə görə mülkiyyətçiyə məxsusdur. Mülkiyyətçinin mülkiyyət hüquqları qorunduğu kimi, Mülki Məcəllənin 158.4-cü maddəsinin tələbi baxımından mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007ci il tarixli qərarında göstərilir ki, «kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitdə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır». Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hazırda iddiaçının cavabdehlərin hər birinə təklif etdiyi 5000 manat kompensasiyanı, onların, habelə cavabdeh X2 yetkinlik yaşına çatmayan 08.12.2006-cı il təvəllüdlü Qaraxanlı Elvira Elbrus qızı ilə birlikdə istifadəyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitdə müqayisədə oxşar yaşamaq imkanının təmin edilməsi baxımından kifayət hesab etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər X4 və Cavabdeh2 qarşı «kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən əmlakları ilə birlikdə çıxarılma» tələbinə dair iddası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(060)-4861/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4861/2021
11.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver