Məhkəmə qərarları › İş №2(060)-4868/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4868/2021

24.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4868/2021 24.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Qənbərli Əsəd Eldar oğlunun katibliyi, İddiaçı Seiidov Adrikin iştirakı ilə, İddiaçı Seiidov Adrikin Cavabdeh qarşı mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Seiidov Adrik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə Cavabdeh ona məxsus Sumqayıt şəhəri, 5-ci mkr, 1/61 saylı evin 17 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Seiidov Adrik iddia tələbini müdafiə edərək bildirdi ki, Sumqayıt şəhəri, 5-ci mkr, 1/61 saylı evin 17 saylı mənzili onun mülkiyyətindədir. Həmin mənzili o, 38000 (otuz səkkiz min) manat X2 ödəməklə, 07.09.2017-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlamaqla almışdır. Mübahisəli mənzil həmin müqavilə əsasında AR ƏMDK yanında DƏDRX-nin RX seriyalı ******* nömrəli 12.09.2017-ci il tarixli çıxarışı ilə onun mülkiyyətinə verilmişdir. Cavabdeh isə köhnə ev sahibinin ailə üzvüdür. Hələ də qeydiyyatdan çıxmamışdır. Ev satıldığı gündən nə cavabdeh, nə də ailə üzvləri mübahisəli mənzildə yaşamır. Hal hazırda onun həmin mənzillə heç bir əlaqəsi yoxdur, ona aid heç bir əşya yoxdur. Bundan başqa Sumqayıt Şəhər Məhkəməsinin 31.07.2019-cu il tarixli, 2(060)-6109/2019 saylı qətnaməsindən görünür ki, X6, övladları 23.04.2004-cü il təvəllüdlü X4, 27.01.2007-ci il təvəllüdlü X5 və 07.06.2009-cu il təvəllüdlü X3 Sumqayıt şəhəri, 5-ci mkr, 1/61 saylı evin 17 saylı mənzilinə olan yaşayış-istifadə hüququ itirlmiş hesab edilmişdir. Həmin məhkəmə mübahisəsi zamanı Cavabdeh da həmin mənzildə qeydiyyatda qalması barədə onda heç bir məlumat olmayıb. Cavabdehin həmin mənzilə qeydiyyatı onun mülkiyyət hüququnun həyata keçirilməsinə maneçilik törədir. Bunları nəzərə alaraq, iddiaçı iddia tələbinin təmin edilməsini, cavabdehin mülkiyyətində olan mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məlum olan axırıncı yaşayış yeri üzrə ünvanına məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilsə də, bildirişin üzərinə Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 7 saylı Mənzil Kommunal Sahəsi tərəfindən onların həmin ünvanda yaşamaması barədə qeyd yazılaraq, bildiriş məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri, 5-ci mkr, 1/61 saylı evin 17 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə Seiidov Adrikin adına 100 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə 12.09.2017-ci il tarixdə qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 7 saylı Mənzil Kommunal Sahəsinin 16.05.2021-ci il tarixli 727 nömrəli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 07.09.2017-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı –satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Seiidov Adrik Sumqayıt şəhəri, 5-ci mkr, 1/61 saylı evin 17 saylı mənzilini 38000 (otuz səkkiz min) manata X1 almışdır. Həmin müqavilənin 13-cü bəndinə görə satıcı bir ay müddətinə satdığı evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 31.07.2019-cu il tarixli, 2(060)-6109/2019 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə X6, övladları 23.04.2004-cü il təvəllüdlü X4, 27.01.2007-ci il təvəllüdlü X5 və 07.06.2009-cu il təvəllüdlü X3 Sumqayıt şəhəri, 5-ci mkr, 1/61 saylı evin 17 saylı mənzilinə olan yaşayış-istifadə hüququ itirilmiş hesab edilmişdir. Göründüyü kimi, iddiaçı Seiidov Adrikin adına Sumqayıt şəhəri, 5-ci mkr, 1/61 saylı evin 17 saylı mənzilinə dair hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilməklə, o, həmin evə mülkiyyət hüququ əldə etmişdir. Mənzilin əvvəlki ev sahibi və ailə üzvləri evi boşaldaraq mənzili iddiaçı Seiidov Adrikə qızına təhvil vermiş, özlərinə isə başqa bir yaşayış yeri seçmişlər. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə istifadə hüququnun qalması iddiaçı Seiidov Adrikin göstərilən mənzillə bağlı mülkiyyət hüququnun həyata keçirilməsinə maneə yaradır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqlamüəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Həmin Qanunun 9-cu maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Belə məlumat olmadıqda isə, yaşayış yerini dəyişmiş şəxs məhkəmə qətnaməsi ilə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh Sumqayıt şəhəri, 5-ci mkr, 1/61 saylı evin 17 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır (217.4). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri, 5-ci mikrorayon, 1/61 saylı evin 17 saylı mənzilinə istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar