Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4874/2023 20.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X10 Fikrət qızının sədrliyi , Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “fərdi yaşayış evinə köçürülmə tələbinə” dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların hazırda Cavabdeh yaşadığı Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivi 2a ünvanında yerləşən 55 saylı fərdi yaşayış evinə ailə üzvləri ilə köçürülmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı1 cavabdehlə 1987-ci ildə ailə həyatı qurmuş və onların birgə nikahlarından 2 övladları anadan olmuşdur. Cavabdehlə birgə nikah dövründə Laçın rayonundan məcburi köçkün düşməklə bir müddət müxtəlif ünvanlarda kirayələrdə yaşamış və 2004-cü ildə isə birgə vəsait hesabına cavabdehin hazırda yaşadığı Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivi, 2a ünvanında yerləşən 55 saylı fərdi yaşayış evini inşa etməklə bu evdə yaşamışlar. Lakin cavabdeh onu yola verməmiş və tez-tez aralarında mübahisələr olmuş və bu səbəbdən də məhkəmə qətnaməsinə əsasən aralarındada bağlanmış nikah ləğv edilmişdir. Qeyd edilən evin həyətində o, boşandıqdan sonra öz şəxsi vəsaiti ilə mağaza tikərək sahibkarlıqla məşğul olmuş, lakin cavabdeh buna da imkan verməmişdir. Cavabdeh yalnız onunla deyil, oğludigər İddiaçı2la və onun həyat yoldaşı İddiaçı3 ilə də yola getməmiş, mütəmadi olaraq bu evdə dava-dalaş salmış və sonuncu dəfə xx.xx.2023-cü ildə cavabdeh hamını bu evdən qovmuş və bildirmişdir ki, «ev mənimdir, heç birinizin bu evdə yaşamağa haqqı yoxdur». Halbuki bu evi onlar birgə vəsaitləri hesabına tikmiş yaşamış, onların bütün əmlakları həmin evdədir və məcburi köçkün kimi də bu evdə məskunlaşmışlar. Digər İddiaçı2 da bu həyətdə evlilik dövründə əlavə tikililər inşa etmiş, lakin cavabdeh onları bu evdən qovaraq bütün evə sahib çıxmağa çalışır, onlar isə bu evdən başqa digər daimi yaşayış yerləri yoxdur. Məhkəmədə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırdı ki, o, 1984-cü ildə iddiaçı X5 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından 2 övladları dünyaya gəlmişdir. Birgə nikah dövründə Laçın rayonundan məcburi köçkün kimi 2007-ci ilə kimi müxtəlif ünvanlarda kirayədə yaşamışlar. Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1 19 saylı Mənzil-Kommunal sahəsinin verdiyi xx.xx.2023-cü il tarixli, 752 saylı ailə tərkibi barədə arayışdan da görünür ki, o, və ailə üzvləri 2002-2006-cı illərdə ünvan 6 ünvanında məcburi köçkün kimi məskunlaşaraq yaşamışlar. Qonşuların iştirakı ilə tərtib edilmiş aktdan da görünür ki, G.Quliyeva 2006-cı ildən onunla bir yerdə yaşamır, Qeyd olunan mübahisəli fərdi yaşayış evində hazırda o, tək yaşayır. 14 fevral 2006-cı il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin 2-175-2006 saylı qətnaməsi ilə G.Quliyeva ilə aralarında 30 avqust 1984-cü il tarixdə bağlanmış nikah pozulmuşdur. G.Quliyeva həmin vaxtdan çıxıb Türkiyəyə getmiş və 2013-cü il tarixdə ona qarşı mənzil tələbi ilə bağlı iddia qaldırmış və həmin iddia məhkəmə tərəfindən rədd edilmişdir. Onlar boşanandan sonra o, Rusiya Federasiyasında yaşayan qardaşının köməkliyi ilə və öz vəsaiti hesabına 2006-cı ilin sonlarında hazırda yaşadığı fərdi yaşayış evini tikdirərək orada yaşamağa başlamışdır. Ödədiyi kommunal xərclərinə dair Azərişıqdan alınmış xx.xx.2006-cı il tarixli abunə haqqında arayışdan da görünür ki, o, həmin evi 2006-cı ilin sonlarında inşa edib həmin evdə yaşamağa başlamışdır. Məlumat üçün bildirir ki, xx.xx.2014-cü il tarixdə hazırda anası ilə birləşərək ona qarşı əsassız iddia qaldıran oğlu İddiaçı2 Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək anası G.Quliyevanın 2006-ci ildə onların və onun xəbəri olmadan məhkəmə qərarı ilə boşanaraq çıxıb getdiyini, yüngül həyat tərzi keçirdiyini və anasının hərəkətlərini qeyrətinə sığışdıra bilmədiyinə görə analıq statusunun onun üzərindən götürülməsini məhkəmədən xahiş etmiş, yaşadığı evin onun zəhməti və vəsaiti hesabına tikildiyini qeyd edərək anası tərəfindən atasına qarşı haqsızlığa son qoyulmasını xahiş etmişdir. Yaşadığı fərdi yaşayış evinin və fərdi yaşayış evinin üzərində yerləşdiyi torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənəd yoxdur. Yaşayış evi sənədsiz inşa edilmişdir. Lakin həmin ev üzrə bütün kommunal xidmətləri onun adına ödənilmişdir. G.Quliyeva boşanandan sonra Türkiyə, Rusiya və Ukraynada yaşamışdır. Bu səbəbdən də iddia tələbini əsassız hesab edir və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivi fərdi evdə yaşayan İddiaçı3 qaynatası Cavabdeh onu döyməsi barədə aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilməsi və Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati tənbeh tədbiri görülməsi qərara alınmışdır. İşdə olan Sumqayıt Bələdiyyəsi Yeni Yaşayış Massivi 2A məhəllə üzrə 1 saylı Məhəllə Komitəsinin xx.xx.2023-cü il tarixli ailə tərkibi haqqında arayışdan görünür ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 və iki azyaşlı övladları ilə birlikdə Sumqayıt şəhəri, “Yaşıl Dərə” Yeni yaşayış massivi 2A, ev 55-də qeydiyyatsız yaşayırlar. İşə əlavə olan Sumqayıt Şəhər Məhkəməsinin 14 fevral 2006-cı il tarixli qətnaməsindən “Çıxarış”ın surətindən görünür ki, Cavabdeh ilə İddiaçı1 arasında 30 avqust 1987-ci il tarixdə Laçın rayon VVADQ şöbəsində bağlanmış nikahın pozulması qət edilmişdir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı2 ilə İddiaçı3 28 mart 2018-ci il tarixdə nikaha daxil olmuş, bu nikahdan xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X6 doğulmuşdur. İşdə olan Yeni Yaşayış Massivi 2A məhəllə üzrə 1 saylı Məhəllə Komitəsinin möhürü ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı1, İddiaçı2 ailəsi ilə birgə 2004-cü ildən Yaşıl Dərə Yeni yaşayış massivi 2 A məhəlləsində yerləşən fərdi evdə məcburi köçkün kimi məskunlaşmışlar. “İnsan Hüquqları və X3 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Belə müddəalar «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»-nin 13-cü maddəsində və «İnsan Hüquqları və X3 haqqında» Avropa Konvensiyasına əlavə 4 nömrəli protokolun 2-ci maddəsinin birinci bəndində də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, “Eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birinə (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılır. Tərəflər arasında mübahisəli hüquq münasibətlərinin 1987-ci ildən yarandığını, yəni iddiaçı G.H.Quliyeva Cavabdeh ilə 1987-ci ildə rəsmi nikaha daxil olmaqla, qeyd olunan evə 2004-cü ildə köçdüyünü nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı1, oğlu İddiaçı2, gəlini İddiaçı3 ilə birlikdə mübahisəli evə köçmək hüququnun olub-olmadığını 01 oktyabr 2009-cu il tarixə qədər qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından qiymət verilməklə mübahisə həll edilməlidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş keçmiş Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən, kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqları malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən, kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Adı çəkilən Məcəllənin 123-cü maddəsinə görə isə, “yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol 5 verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır”. Qeyd olunan müddəaların mənası baxımından kollegiya hesab edir ki, İddiaçı1 cavabdehlə uzun müddət birgə təsərrüfat aparmaqla ailə üzvü kimi Sumqayıt şəhəri, “Yaşıl dərə” yeni Yaşayış massivi 2-ci məhəllə ünvanında yerləşən 55 saylı fərdi yaşayış evində yaşadığından, özünün və oğlu İddiaçı2, gəlini İddiaçı3 nəvələri ilə birlikdə oraya köçürülmələrini tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni ilkin iddiaçı köçmək istədiyi evdə yaşayıb və keçmiş əri (ərinin ailə üzvləri) güc tətbiq etməklə onu yaşadığı evdən məhrum edib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı ailə üzvləri ilə birlikdə məhrum edildiyi evə köçürülməlidir. Mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. O, mübahisəli evdə normal şərtlər daxilində yaşadıqlarından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçı da ailə üzvləri ilə birlikdə həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” 2 saylı Qərarının 7-ci bəndinə əsasən ərin (arvadın) yaşayış sahəsinə hüququ haqqında mübahisəni həll edərkən məhkəmə işin konkret hallarını nəzərə almaqla icarədarın və onun yetkinlik yaşına çatmış ailə üzvlərinin ər (arvad) mənzilə köçürülərkən etiraz etmədiklərini faktiki razılıq kimi qəbul edib, onların mənzilə pasport qeydiyyatı olmadığı hallarda belə yaşayış sahəsinə hüquqlarını tanıya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbacan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi “O.X4rşı” iş üzrə ərizənin qəbul edilənliyi barədə və “Gillounun Birləşmiş krallığa qarşı” iş üzrə 24 noyabr 1986-cı il tarixli qərarlarında qeyd etmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada “mənzil” sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Məhkəmə Cavabdeh İddiaçı1 tərəfindən ona qarşı mənzil tələbi ilə bağlı 2014-cü ildə iddia qaldırması, həmin iddia məhkəmə tərəfindən rədd edilməsi və hazırda yenidən məhkəməyə müraciət edilməsinin düzgün olmamagı barədə dəlili qəbul etmir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4641/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X2 Cavabdeh qarşı “mənzilə yaşayış hüququnun tanınması” tələbi təmin edilməmişdir. Həmin qətnamə ilə iddiaçı tərəfindən mənzilə köçürülməsi barədə tələb irəli sürülməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 2004-ci ildə özlərinə məxsus olan əmlaklarını mübahisəli evə yerləşdirərək orada məskunlaşmaları, ümumi təsərrüfat aparmaları, mənzil hüquqlarına müdaxilə baş verənə qədər orada yaşamaları və başqa yerdə yaşayış yerinin olmaması əsası ilə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsinin tələbləri baxımından iddiaçının mənzil hüququna müdaxilə kimi qiymətləndirilməsi və pozulmuş hüquqları bərpa edilməlidir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə-şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəliləri keçirmiş şəxslər ödənilməli olan dövlət rüsumundan azaddırlar. İş materiallarından görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 məcburi köçkündürlər. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 azyaşlı uşaqları ilə Cavabdeh yaşadığı Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivi 2a ünvanında yerləşən 55 saylı fərdi yaşayış evinə ailə üzvləri birlikdə köçürülməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 azyaşlı uşaqları X9 və X12 oglu ilə Cavabdeh yaşadığı Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivi 2a ünvanında yerləşən 55 saylı fərdi yaşayış evinə köçürülsünlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5- ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-4874/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4874/2023
20.09.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver