Məhkəmə qərarları › İş №2(060)-4877/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4877/2021

24.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4877/2021 24.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Qənbərli Əsəd Eldar oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sumqayıt şəhəri, 5-ci mikrorayon, 26/4 saylı evin 63-cü mənzilinə olan istifadə hüququnun itirilmiş hesab olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon, 26/4 saylı evin 63-cü mənzili mülkiyyət hüququ əsasında ona məxsusdur. Sözügedən mənzili 22.04.2021-ci ildə AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh almışdır. Həmin mənzilə görə AR ƏMDK yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən 16.05.2021-ci ildə çıxarış verilmişdir. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 13-cü bəndində görə satıcı 1 ay müddətinə, yəni 22.05.2021-ci ilə qədər qeydiyyatdan çıxmalı olduğu halda bu günədək qeydiyyatdan çıxmamışdır. Cavabdeh mənzilin keçmiş mülkiyyətçisidir. Cavabdehin onun mənzilində qeydiyyatda olması onun mülkiyyət hüquqlarını həyata keçirilməsinə mane olur, əlavə xərclər çəkməsinə səbəb olur. Cavabdehin qeydiyyatı formal xarakter daşıyır. Qeyd etdiklərinə əsasən, iddia tələbinin təmin olunmasını və Cavabdeh Sumqayıt şəhəri, 5-ci mikrorayon, 26/4 saylı evin 63-cü mənzilinə olan istifadə hüququnun itirilmiş hesab olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 03.06.2021-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdiyini bildirmişdir. 03.06.2021-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etdiyini və İddiaçı məxsus Sumqayıt şəhəri, 5-ci mikrorayon, 26/4 saylı evin 63 saylı mənzilindən qeydiyyatdan çıxmağa razı olduqlarını bildirmişdir. İş üzrə tərəflərə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmişdirlər. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş edərək, mübahisəli mənzildən qeydiyyatdan çıxmağa razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan 16.05.2021-ci il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon, 26/4 saylı evin 63 saylı mənzili İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə 16.05.2021-ci ildə qeydə alınmışdır. İş materiallarında olan 22.04.2021-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı –satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Sumqayıt şəhəri, 5-ci mikrorayon, 26/4 saylı evin 63 saylı mənzilini 44700 (qırx dörd min yeddi yüz) manata Cavabdeh almışdır. Həmin müqavilənin 13-cü bəndinə görə satıcı 22.05.2021-ci il tarixinədək satdığı evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli 19.05.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Göründüyü kimi, İddiaçı Sumqayıt şəhəri, 5-ci mikrorayon, 26/4 saylı evin 63 saylı mənzilini alqı-satqı müqaviləsi ilə əldə etmiş, sonradan həmin mənzilə dair onun adına hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilməklə, o, həmin evə mülkiyyət hüququ əldə etmişdir. Mənzil 2021-ci ildə satıldıqdan sonra əvvəlki ev sahibi və ailə üzvləri evi boşaldaraq mənzili İddiaçı təhvil vermiş, özlərinə isə başqa bir yaşayış yeri seçmişlər. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə istifadə hüququnun qalması İddiaçı göstərilən mənzillə bağlı mülkiyyət hüququnun həyata keçirilməsinə maneə yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqlamüəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Həmin Qanunun 9-cu maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Belə məlumat olmadıqda isə, yaşayış yerini dəyişmiş şəxs məhkəmə qətnaməsi ilə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh ünvan 2 ünvanına istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır (217.4). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvanına istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar